Ana Sayfa > Siyasət / Özəl > Azərbaycanın beynəlxalq təşəbbüsləri regional inkişafın sürətlənməsinə önəmli töhfələr verir
Azərbaycanın beynəlxalq təşəbbüsləri regional inkişafın sürətlənməsinə önəmli töhfələr verir28-11-2023, 09:36. Yazar: sevinc1 |
Cari il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Bu münasibətlə 24 noyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində təşkilatın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirilib. Sammitin keçirilməsi təşəbbüsü ilə hazırda SPECA-ya sədrlik edən Azərbaycan çıxış etmişdir və bu təşəbbüs Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir. Zirvə görüşündə çıxış edən cənab Prezident İlham Əliyev qeyd etmişdir ki, iyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Dövlət başçımızın şəxsi dəvətilə Sammitdə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak ediblər. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edirlər. Yeni tərkibdə keçirilən Zirvə görüşü isə daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Son 25 ildə bu ölkələr qarşılaşdıqları bir çox qlobal problemlərin həllinə nail olaraq dövlət suverenliklərini möhkəmləndiriblər. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar getdiyi halda, SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Möhtərəm cənab Prezidentimizin dediyi kimi, bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir. Məlumdur ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Əbəs yerə deyil ki, dövlətimizin başçısı SPECA-nın Bakı Sammitini cari ilin sentyabr ayında Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün məntiqi davamı kimi qiymətləndirmişdir. Otuz ildən artıqdır ki, ölkələrimiz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparır, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirirlər. Hazırda müşahidə olunan regional əməkdaşlığın yeni formatı isə ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq. Diqqətəlayiq haldır ki, son iki il ərzində cənab Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişdir. Eyni zamanda, bu müddət ərzində bütün qardaş dövlətlərin başçıları da Azərbaycana səfərlər ediblər. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və 30 illik işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını Azərbaycan özü təmin etdi. Təəssüflər olsun ki, Ermənistan bundan sonra da 10 noyabr 2020-ci il tarixində imzaladığı Bəyanatla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. “Boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri keçirildi. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində Azərbaycanın suverenliyi tam bərpa edildi və ölkəmizin ərazisində təcavüzkar separatizmə son qoydu. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan sıfırdan yeni şəhərlər və kəndlər inşa edir və ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Artıq keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. Arif Fərzəliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Geri dön |