Ana Sayfa > Siyasət / Özəl > Azadlıqdan abadlığa doğru
Azadlıqdan abadlığa doğru27-11-2023, 10:06. Yazar: sevinc1 |
Azərbaycanın cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu qədim dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları var. Sənaye əhəmiyyətli ümumi ehtiyatları 1000 tondan çox olan civə yataqları da buradadır. Həmçinin tuf, gil, perlit, üzlük daşı, qum-çınqıl qarışığı, gözəl dekorativliyə malik 4 mərmər oniksi, nefroid, 1 obsidian (dəvə gözü), 1 listvenit yataqları var. Ümumilikdə, Kəlbəcər 280 min hektar meşə sahəsinə malik olmuşdur ki, onun çox hissəsini alp meşələri təşkil edir. Burada qoz, fındıq, fıstıq, vələs, palıd, qayın, cökə, dağdağan, ayıqulağı, göyrüş, qovaq, qarağac, habelə alma, armud, gavalı, alça, zoğal, nar və digər ağaclarla zəngin olmuşdur. Rayonda 30-a yaxın unikal göl dəniz səviyyəsindən 2700-2800 m hündürlükdədir. Böyük Alagöl, Kiçik Alagöl, Çilligöl və Dikpilləkən, vulkan püskürmələri nəticəsində çayların qabağının kəsilməsindən əmələ gəlmişdir. Qafqazda rast gəlinməyən, çəkisi 8-12 kiloqram olan farel balığı Alagöldə zəngindir. 3 mindən çox dişgöynədən bulaqların, 300-dən artıq narzan mənbəyinin mövcud olduğu diqqət çəkir. Bir neçə yerdə İstisu mineral mənbəyi aşkar edilmişdi. İl ərzində 19 milyon butulka İstisu qablaşdırılırdı. 4 milyard litr İstisu Tərtər çayına qarışırdı. Qızıl, civə, uranla zəngin olan Kəlbəcərdə 3 milyard kubmetrlik mərmər, 309 milyon kubmetr travertin, 2 min rəng çalarlı daş, portfrit, obsidian (dəvəgözü) bazalt və əhəng daşı yataqları mövcuddur. O dövrlərdə şöhrəti Azərbaycanın hüdudlarını keçmiş möhtəşəm Kəlbəcər Tarix -Diyarşünaslıq Muzeyi 2 min rəng daşla inşa olunmuşdu. Rayon əhalisi muzeyin şöhrətini daha da artırmaq məqsədilə burada eksponatların zəngin olmasına könüllü təşəbbüs göstərmiş və nəticədə 50 minə yaxın nadir əşya toplanmışdı. Ümummilli lider Heydər Əliyev deyirdi: “Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Respublikamızın ucqar rayonu olmaqla bərabər, Kəlbəcər ölkəmiz üçün həm də strateji əhəmiyyəti olan bir rayondur. Allah Kəlbəcərə hər cür nemətlər – gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, Vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yeraltı sərvətləri, həm də yerüstü sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir.” Laçın və Şuşa rayonlarını işğal etdikdən sonra Kəlbəcər mühasirəyə almışdı. Daxili və xarici düşmənlər bununla kifayətlənmədilər. Onlar daha da ağır hadisələr törətməyə hazırlaşırdılar. Ona görə ki, Kəlbəcər üç tərəfdən Ermənistanın əhatəsində qalmışdı. 25 mart 1993-cü il tarixdən hücuma keçən Ermənistan silahlı qüvvələri rus ordusu bölmələrinin dəstəyi ilə 2 aprel 1993-cü il tarixdə Kəlbəcər bölgəsini tamamilə işğal etdilər. Bu faciədə erməni faşistləri bir neçə yüz nəfəri öldürdülər, bir neçə yüzünü əsir götürdülər. Bu faicədə digər rayonun əsgərləri də öldürülüb əsir götürülmüşdür. Erməni faşistləri rayonu talan edib, yandırdılar. Rayon ərazisində olan tarixi-memarlıq abidələrini, binaları, evləri dağıdıb məhv etdilər. Kəlbəcərin işğalından sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. 27 ildən artıq müddətdə BMT qətanməsi kağız üzərində qaldı. Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən savaşında Azərbaycan Ordusu Ermənistan ordusunu diz çökdürdü. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi. Lakin bu, 15 noyabrda reallaşmadı. Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək noyabrın 25-dək vaxt istədi. Azərbaycan tərəfi Rusiya tərəfindən çatdırılan bu xahişi qəbul etdi. Beləliklə, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bununla həm də Azərbaycan BMT qətnaməsinin tələbini reallaşdırmış oldu. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Bu gün Kəlbəcərdə yeni həyat qaynayır. Kəndlər, qəsəbələr yenidən qurulur, abadlaşdırlır. 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcəkdir. Üç ildir ki azadlığına qovuşan Kəlbəcər yaxın vaxtlarda yenidən öz əvvəlki şöhrətinə qovuşacaqdır. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |