Ana Sayfa > Özəl > Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır

Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır


24-11-2023, 15:22. Yazar: sevinc1
Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır

44 günlük Vətən müharibəsi günlərində Azərbaycan öz ərazisində vuruşub və ədaləti, beynəlxalq hüququ bərqərar edib. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar əslində Ermənistan hökumətində və ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair xəyallar yaradır.Noyabrın 20-də Prezident İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə birlikdə mətbuata bəyanatında Fransa-Ermənistan münasibətlərini kəskin şəkildə tənqid edib. Fransanı Ermənistana pis məsləhətlər verməkdə günahlandırıb. Qeyd edib ki, Ermənistanı silahlandırmaqla qürur duyan Fransa bunu ictimai şəkildə bildirir, İrəvan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək.

Fransanın son zamanlar Ermənistanı silahlandırması onsuz da gərgin olan Cənubi Qafqazı barıt çəlləyinə çevirir. Bu silahlandırmanın nə demək olduğunu, bunun sonda ələlxüsus ermənilər üçün hansı fəlakətlər vəd etdiyini isə belə görünür ki, Ermənistan tərəfi qətiyyən başa düşmür və heç başa düşmək də istəmir. Ermənistanın məhz Fransa tərəfindən silahlandırılmasını təsdiq edən bir sıra faktlar artıq ortadadır. Bunlar heç gizlədilmir də. Əslində fransızların öz erməni bacılarına silah ötürəcəyi barədə bu ilin birinci rübündə, daha dəqiq desək, mart ayında bir çox məlumatlar artıq mediada açıq şəkildə yayılmışdı. Məlumatlarda Fransanın 50 ədəd VAB MK3 zirehli transportyorlarını, "Bastion" və "Şerpa" zirehli maşınlarını İrəvanın alacağı qeyd olunurdu.Əslində indi Ermənistan hökuməti də, xaricdəki erməni diasporu da cürbəcür anti-Azərbaycan fəaliyyətlərinə start verməkdənsə, Azərbaycan ilə sülhə can atmalıdırlar. Azərbaycan sülhə hazırdır. Prezidentimiz də qeyd etdi ki, biz sülhə hazırıq, lakin söhbət ədalətli sülhdən, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhdən gedir. Azərbaycan sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhün bərqərar olmasını istəyir. Ona görə də Fransa kimi ölkələrin Ermənistanı “oyuncaq” dövlətə çevirmək yoluyla regionda sülhü əngəlləməsi cinayətdir. Bu baxımdan, Azərbaycan və İraq liderlərinin mətbuata birgə bəyanatı zamanı Fransanın neokolonialist siyasət yürütməsinin vurğulanması rəsmi Bakının növbəti uğurlu taktiki addımlarından biri sayıla bilər. Fransa rəhbərliyi bundan düzgün nəticə çıxarmalı və yanlış siyasətinə əl gəzdirməlidir. Bu səfər İraq və Azərbaycan arasında perspektiv əməkdaşlıq üçün yeni imkanlar yaradır. Səfər çərçivəsində imzalanmış sənədlər də bunu göstərir. Müxtəlif sahələrdə, o cümlədən, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İraq Respublikasının Əmək və Sosial İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”; “Azərbaycan Respublikası Hökuməti ilə İraq Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzalanması bu səfərin əhəmiyyətini göstərir. Azərbaycan ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmağa açıq ölkədir. Onun regiona daxil olan və ya dünyanın müxtəlif region dövlətləri ilə iki və çoxtərəfli qarşılıqlı və praqmatik münasibətləri mövcuddur. İraqla çoxtərəfli əlaqələrin gücləndirilməsi yaxın gələcəkdə hər iki ölkənin xalqı üçün faydalı olacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata birgə bəyanat zamanı Fransanın Cənubi Qafqaza dair ekspansionist planlarını qabartması və bunun üçün Ermənistandan alət kimi istifadə etməsini açıq mətnlə vurğulaması olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısı birmənalı şəkildə bildirdi ki, Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır, Ermənistan isə Fransa hökumətinin marionetinə çevrilib və bu da heç şübhəsiz ki, regional sabitliyə ciddi təhlükə yarada bilər. Əliyevin bu fikirləri birbaşa Parisə və İrəvana ünvanlanmış açıq mesajdır. Bununla onların diqqətinə çatdırılır ki, Azərbaycan baş verən oyunların mahiyyətindən xəbərdardır. Azərbaycan Cənubi Qafqazda ədalətli sülh istəyir və bunun üçün əlindən gələni edir. Ölkəmizin bu təşəbbüsü dünyanın sülhsevər ölkələri tərəfindən də dəstəklənir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı


Geri dön