Ana Sayfa > Seçilənlər-5 > Mən pis insanam, məni bağışlayın
Mən pis insanam, məni bağışlayın16-09-2016, 11:47. Yazar: admin |
Təzə dəb düşüb. Hamı özünü tərifləyir. Hamı özündən danışır. Hamı əvəzolunmazdı, hamı əlçatmazdı, hamı yaxşıdı, xeyirxahdı, hamı təmizdi, vətənpərvərdi, qonaqpərvərdi, hamı sadiqdi, vəfalıdı, hamı gözəldi, səliqəlidi. Bizdə pis, bəd, satqın, etibarsız, paxıl, çirkin insan yoxdu. Pis əlamətlərə malik insan tapmadığıma görə, bütün bu pis keyfiyyətləri öz üzərimə götürürəm. Mən pis insanam. Mən məmur deyiləm, rüşvət almıram, şalvarıma əlavə cib tikdirib, orda yüzlüklər gizlətmirəm, qapıma gələni qovmuram, katibəmlə yatmıram, özümdən vəzifəcə böyüklərin qarşısında başımı qarnıma qədər əymirəm, qonaqlıqlar verərkən, başda əyləşib, bütün məclisdə oturanlara şərəfimə içməyi məcbur etmirəm. Qapısından içəri girən şikayətçini təpədən-dırnağa kimi süzən, biraz gözəgəlimlisinə nömrə ötürüb görüşə çağıran, biraz baxımsız olanları saatlarca ləngidib başından edən insan deyiləm. Mən pisəm, siz məmurlar yaxşısınız. Mən həkim deyiləm, yalandan diaqnoz qoyub, xəstənin sağlam orqanlarını kəsib çıxartmıram. Küllü miqdarda pul almaq üçün, müalicəsi olan xəstəliyə əməliyyat yazıb, onu şikəst etmirəm. Savadıma güvənməsəm də, tibb texnikomunu oxuyub, gəlib qadın həkimi işləmirəm, uşaq doğuzdurmuram, körpələri öldürmürəm, anaları öldürmürəm. Mən pisəm, siz həkimlər çox yaxşısınız. Mən müstəntiq deyiləm, altdan-altdan pul alıb, kiminsə qanını batırmıram, cinayətkar qala -qala gedib günahsız birini padvala salmıram, döymürəm, söymürəm. Pis mənəm, siz o qədər yaxşı insanlarsız ki... Mən molla deyiləm, müqəddəs saydığım kitabı pul qazanmaq üçün qazanca çevirib, fal baxmıram, kimsənin inancları ilə oynamıram, yaslara getmək üçün pul oxumuram, içib yas mərasimlərinə getmirəm. Siz əməli-salehsiniz, mən pisəm, əyriyəm və s. Mən top-model deyiləm, hansısa nazirin sevgilisi roluna girib, moda müsabiqələrində ilk yeri tutub, özümə 5000 manat qiymət qoymuram, və yaxud da hansısa müğənni deyiləm, toylara gedib, sonra xalqı söymürəm, alçaltmıram, özümə pulla toy edib, yalandan maska geyinib, adımı təmizə çıxartmıram. Mən məktəb direktoru deyiləm, müəllimlərin maaş kartlarını cibimdə gəzdirib, aylıq faizlərini tutmuram, ürəyim istəyəndə ürəyim istəyən müəllimi və şagirdi azad etmirəm. Texniki işçilərin adını 15 nəfər olaraq yazdırmıram, onların cəmi ikisini işlədib, qalanının maaş kartından pulları çəkib yemirəm. Pisəm, çünki, bunları eləmirəm. Bunları edənlər isə bizim ziyalılarımız, dəyərli təhsil işçilərimizdi. Mən bankir və ya faizçi deyiləm, kredit borcu üçün şəhid ailəsini evindən bayıra çıxartmıram, boclu olan insana zəng edib söyüş söymürəm. Düzdü, onların şahlığı bitmək üzrədir, amma yenə də fikrimi bildirdim. Mən yalnız qadınam. Bəzi ərli qadınlar kimi, boşanan qız və qadınlara olmazın sözlər qoşub, "yaxşı qadın olsaydı, boşanmazdı" söhbəti aparmıram. Övladıma boşanmış qadınların uşaqları ilə dostluq etməyə qadağa qoymuram. Nə etmək olar, neynəmək olar, bu qədər saf insanların içində çirkli qaldığımçün məni bağışlayın. Məni xaric edin öz ətrafınızdan, dostluğunuzdan, sizə layiq olmadığım üçün mənimlə əlaqələrinizi kəsin. P.S Sözüm hamıya deyil, istisnalar var, amma çox azdır VƏFA ORXAN Geri dön |