Ana Sayfa > Siyasət / Özəl > Gülər Sultanzadə: “Prezident İlham Əliyevin hər bir təşəbbüsü dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir”
Gülər Sultanzadə: “Prezident İlham Əliyevin hər bir təşəbbüsü dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir”22-11-2023, 17:06. Yazar: sevinc1 |
![]() “Yaşadığımız XXI əsrin ən təəssüf doğuran reallıqlarından biri də budur ki, bu gün beynəlxalq hüquq normaları öz funksionallığını getdikcə daha çox itirmək üzrədir. Böyük dövlətlər yalnız onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarlar isə icra olunmamış qalır. Məhz bu səbəbdən hələ 1990-cı illərin birinci yarısınd BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən dörd qətnamənin icrası 30 ilə yaxın müddət ərzində təmin olunmadı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə özü illərlə kağız üzərində qalan BMT Qətnamələrinin icrasını təmin etdi. O cümlədən, 1993-cü ildə Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul etmişdi. Həmin Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədilər. Beləliklə bu tarixi missiyanı da Azərbaycan həyata keçirməli oldu.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib. Müsahibimiz Azərbaycanın erməni işğalı nəticəsində qarşılaşmalı olduğu fəlakətlərdən bəhs edərək bunları qeyd edib: “Biz otuz il öz torpaqlarımızın həsrətilə yaşadıq. Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə olmaqla yanaşı, həm də böyük humanitar fəlakətə gətirib çıxardı. Bir milyon soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamalı oldu. Ölkənin iqtisadiyyatı demək olar ki, tamamilə dağıdılmış, sənaye potensialı məhv edilmiş vəziyyətə düşdü. O cümlədən işğala qədər 88 300 nəfər əhalisi olmuş Kəlbəcər rayonu ermənilər tərəfindən böyük dağıntılara, talana məruz qoyuldu. 1993-cü ilin 2 aprel tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğalı nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və digər resurslar talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq rəsmi İrəvan 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlamışdır. Sözsüz ki, bütün bu sadalananlar hərbi cinayət əməlləridir. Eynilə Ermənistan İkinci Qarabağ Savaşında da bu cinayətlərinə davam edirdi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir və Ermənistan bunlara görə cavab verməli olacaq.” Həmçinin partiya fəalı xüsusi olaraq vurğulayıb ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Kəlbəcərdə həyata keçirilən vüsətli bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi qüdrətinin daha bir göstəricisidir: “Azərbaycan cəmi 44 gün davam edən Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbə nəticəsində tarixi ədaləti bərpa etdi. Ölkəmizin ərazi bütövlüyü təmin olundu. O cümlədən Ermənistanın məcbur qalaraq imzaladığı 10 noyabr Üçtərəfli Bəyanatına əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olundu. Cənab Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Həmçinin möhtərəm dövlət başçımızın Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi barədə 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub. Bu gün isə Kəlbəcərdə də işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi vüsətli quruculuq işləri həyata keçirilməkdədir. Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir. Bu səfərlər zamanı həmin ərazilərdə gedən quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin əsasının birbaşa dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. İlk növbədə dövlətimizin başçısı hər belə səfəri zamanı həmin bölgələrə artıq bu torpaqların əsil sahiblərinin qayıtdığı və bu qayıdışın əbədi olduğu barədə bütün dünyaya yeni mesajlar vermiş olur. Həmçinin işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. O cümlədən işğaldan sonra ilk dəfə 2021-ci il avqustun 16-da Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna etdikləri tarixi səfər də mühüm əhəmiyyət kəsb edir. Cənab Ali Baş Komandan həmin vaxt Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verildi. Kəlbəcər rayonuna səfər çərçivəsində baş tutan açılışlar və təməlqoyma mərasimləri işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həqiqətən də yüksək sürətlə həyata keçirildiyinin daha bir göstəricisidir. Məlumdur ki, dövlətimizin başçısı öz çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. İşğaldan azad olunmuş ərazilərin Ölkə Prezidentinin birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması, xüsusən də bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması həmin rayon və bölgələrimizi ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevirəcək” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb. Geri dön |