Ana Sayfa > Siyasət > AĞDAM ŞƏHƏRİ – AZADLIĞIN MÜBARƏK!
AĞDAM ŞƏHƏRİ – AZADLIĞIN MÜBARƏK!20-11-2023, 11:30. Yazar: sevinc1 |
![]() İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşaraq, çoxlu şəhidlər vermişlər. İşğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Ağdamda bərpa-quruculuq işləri sürətlə davam edir. Yeni infrasruktur qurulur, yaşayış məhəllələri salınır, sənaye parkları, aqroparklar yaradılır. Sistemli şəkildə həyata keçirilən bütün bu layihələr keçmiş məcburi köçkünlərin doğma yurdlarına tezliklə qayıdacaqlarından xəbər verir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində şanlı Qələbə qazanması və ərazi bütövlüyünün bərpa olunması ilə Azərbaycan dövləti yeni quruculuq mərhələsinə qədəm qoyub. Artıq işğaldan azad edilmiş rayonlar möhtəşəm dəyişikliklərin astanasındadır. Dəfələrlə Qarabağ bölgəsinə səfər edən dövlətimizin başçısı bildirib ki, biz dədə-baba torpağımız olan Qarabağı qısa müddətdə bərpa edəcəyik. Dövlətimizin başçısının inamla söylədiyi bu fikirlərin təsdiqi olaraq demək lazımdır ki, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq işlərinə start verilib. 50 min nəfər əhalinin yaşayacağı Ağdam şəhərinin ictimaiyyət nümayəndələrinə təqdim olunan Baş Planına əsasən qısa zaman ərzində kommunal, iqtisadi və sosial strukturların qurulması, yaşayış binalarının tikilməsi və ən başlıcası "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının icra olunması təmin ediləcək. Ağdam rayonunun infrastrukturunun qurulması başa çatdıqdan sonra burada "yaşıl enerji" əraziləri yaradılacaq və bununla da "ağıllı şəhər", "ağıllı kənd" layihələrinin həyata keçirilməsi uğurla başa çatdırılacaq. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Ermənistan uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu. İşğalçılıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Hazırda Ağdamda genişmiqyaslı tikinti işləri gedir. Yaşayış evləri, sosi¬al binalar, yol-nəqliyyat infrastrukturu sürətlə bərpa edilir, yeniləri tikilir. Çox keçməyəcək, biz Ağdamı ağrı-acıları ilə deyil, gözəlliyi, sürətli inkişafı və sakinlə¬rin yüksək rifahı ilə xatırlayacağıq. Bu gün həm də fəxrlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Şübhəsiz, yaxın gələcəkdə Qarabağın, Ağdamın ümumilikdə işğaldan azad olunan bütün ərazilərimizin dirçəlməsinin, inkişafının şahidi olacağıq! Düşmən kapitulyasiya aktına - üçtərəfli bəyanata imza çəkərək Ağdam, Kəlbəcər və Laçını öz əlləri ilə Azərbaycana təslim edəcəyini bildirdi. Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad etdi. Cənab Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızı azad etməklə həmdə 20 il ərzində əldə olunan iqtisadi-siyasi inkişafın ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdə necə məharətlə tətbiq olunmasını göstərdi. Bundan sonra ki, mərhələdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri aparılacaq və Ağdam rayonu da Azərbaycanın ən gözəl yerlərindən birinə çeviriləcək, artıq məcburi köçkün olmayan vətəndaşlarımız öz dədə-baba torpaqlarına geri qayıdacaqlar. Azərbaycan xalqı bu günləri böyük fəxr və sevinc hissi ilə yaşayır. Çünki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz bizə qələbəni yaşadır! Eşq olsun cənab Ali Baş Komandana! Yaşasın Azərbaycan Ordusu! Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədr müavini Elşən Əzizov aia.az Geri dön |