Ana Sayfa > Özəl > Ağdama həyat yenidən qayıdır

Ağdama həyat yenidən qayıdır


19-11-2023, 09:48. Yazar: sevinc1
Ağdama həyat yenidən qayıdır

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev işğal dövründə Ağdamın xüsusilə böyük miqyasda dağıntılara məruz qoyulduğunu vurğulayaraq demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Rayon Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur.
I Qarabağ savaşının gedişində Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamaq məcburiyyətində qaldı. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmənin əlinə keçmişdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri düşmən tərəfindən vəhşicəsinə dağıdılıb. Təsadüfi deyil ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar.
İlk baxışda Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etmişdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmişdi. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilirdi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayındı. Beynəlxalq təşkilatlar da rəsmi İrəvanı buna məcbur etmədilər.
Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq bu tarixi hadisədən on gün sonra, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınıb. Azərbaycan dövləti tərəfindən bu möhtəşəm tarixin əbədiləşdirilməsi məqsədilə bir çox əhəmiyyətli tədbirlər görülüb. O cümlədən, 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edilib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Həmçinin möhtərəm dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub.
Hazırda Ağdam şəhərinin bərpası 2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə hər səfəri zamanı bu ərazilərdə bir neçə yeni obyektin açılış və ya təməlqoyma mərasiminin keçirilməsi artıq bir ənənə halını almışdır. O cümlədən dövlət başçımızın Ağdama mütəmadi etdiyi səfələrin də hər biri önəmli hadisələrlə əlamətdar olur. Bununla belə cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2022-ci ilin oktyabr ayının 4-də Ağdam rayonuna etdikləri səfər xüsusi özəllikləri ilə əlamətdar olmuşdur. Səfər çərçivəsində cənab Prezident və birinci xanım Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində və Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Ümumilikdə son üç ildə görülən tədbirlər işğaldan öncə də Qarabağın ən böyük şəhəri olan Ağdamın yenidən qurulması istiqamətində aparılan işlərin heyrətamiz vüsətindən və dinamikasından xəbər verir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.






Geri dön