Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Ağdamda görülən bərpa və yenidənqurma işlərinə nəzarətin birbaşa ölkə rəhbərliyi tərəfindən həyata keçirilməsi önəmli faktordur”

Novruzəli Aslanov: “Ağdamda görülən bərpa və yenidənqurma işlərinə nəzarətin birbaşa ölkə rəhbərliyi tərəfindən həyata keçirilməsi önəmli faktordur”


18-11-2023, 18:14. Yazar: sevinc1
Novruzəli Aslanov: “Ağdamda görülən bərpa və yenidənqurma işlərinə nəzarətin birbaşa ölkə rəhbərliyi tərəfindən həyata keçirilməsi önəmli faktordur”

“Azərbaycan dövləti 44 günlük Vətən müharibəsinin gedişində əldə olunmuş tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə bir sıra mühüm addımlar atıb. O cümlədən Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub. Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri tərəfindən Ağdamın işğalı 42 gün ərzində həyata keçirilib və bu işğal 1993-cü ilin 23 iyul tarixində rayon ərazisinin 73 faizinin zəbt olunması ilə başa çatıb. Nəticədə Ağdamın rayon mərkəzi ilə birgə 90 kəndi işğal edilib və 128 min insan Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşaraq məcburi köçkün həyatı yaşamağa məcbur olublar. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmənin əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmışdır. Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.”

Bu sözləri 20 noyabr Ağdam şəhəri günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Həmçinin deputat Ağdamın erməni işğalı nəticəsində ən çox dağıntılara məruz qoyulmuş şəhərlərimizdən olduğunu vurğulayaraq bunları deyib: “Bu gün həyat Ağdama yenidən qayıdır. Həm də təkcə Ağdama deyil, bütün Qarabağa və Şərqi Zəngəzura qayıdan bu yeni həyat az müddət sonra bütün dünyanı dolğunluğu, rəngarəngliyi və zənginliyi ilə heyrətə gətirəcək. Lakin bu, heç də o anlama gəlmir ki, Azərbaycan xalqı işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri vəhşilikləri və vandalizm əməllərini unudacaq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu barədə demişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Təsadüfi deyil ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. Bu şəhərdə Ermənistan qəsdən xalqımızın mədəni və dini abidələrini vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Ağdam ermənilər tərəfindən tamamilə dağıdılmış və yerlə-yeksan edilmişdir. Bu şəhər 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi cinayətlər törədib.”

Daha sonra N.Aslanov bütün digər azad olunmuş ərazilərdə olduğu kimi Ağdamda da görülən bərpa və yenidənqurma işlərinə nəzarətin birbaşa ölkə rəhbərliyi tərəfindən həyata keçirilməsinin önəmli faktor olduğunu vurğulayaraq bunları deyib: “Hazırda Ağdam şəhərinin bərpası 2021-ci ilin 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş bölgələrə hər səfəri zamanı bu ərazilərdə bir neçə yeni obyektin açılış və ya təməlqoyma mərasiminin keçirilməsi artıq bir ənənə halını almışdır. O cümlədən dövlət başçımızın Ağdama mütəmadi etdiyi səfələrin də hər biri önəmli hadisələrlə əlamətdar olur. Bununla belə cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2022-ci ilin oktyabr ayının 4-də Ağdam rayonuna etdikləri səfər xüsusi özəllikləri ilə əlamətdar olmuşdur. Səfər çərçivəsində cənab Prezident və birinci xanım Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində və Xurşidbanu Natəvanın abidəsinin açılışında iştirak ediblər. Bütün bu tədbirlər işğaldan öncə də Qarabağın ən böyük şəhəri olan Ağdamın yenidən qurulması istiqamətində aparılan işlərin heyratamiz vüsətindən və dinamikasından xəbər verir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Geri dön