Ana Sayfa > Gündəm / Özəl > Gülər Sultanzadə: “Prezident İlham Əliyevin sədrliyi ilə YAP strateji hədəflərinə doğru inamla irəliləyir”

Gülər Sultanzadə: “Prezident İlham Əliyevin sədrliyi ilə YAP strateji hədəflərinə doğru inamla irəliləyir”


17-11-2023, 15:42. Yazar: sevinc1
Gülər Sultanzadə: “Prezident İlham Əliyevin sədrliyi ilə YAP strateji hədəflərinə doğru inamla irəliləyir”

“1990-cı illərin əvvəllərində ölkəmizdə yaranmış son dərəcə ağır siyasi-ictimai vəziyyət birbaşa Azərbaycan dövlətçiliyinin mövcudluğunu təhdid altına almışdı. Öz müstəqilliyini yeni bərpa etmiş gənc respublika bütün tarixi boyunca rastlaşdığı ən çətin və mürəkkəb günlərini yaşayırdı. Ermənistanın getdikcə daha böyük vüsət alan işğalı, ölkəmizin davamlı olaraq üzləşdiyi hərbi məğlubiyyətlər bir tərəfdən də daxili siyasi böhranla tamamlanırdı. Bütün ölkədə cərəyan edən neqativ proseslər, hakimiyyət uğrunda mübarizə aparan siyasi qrupların çəkişmələrin Azərbaycanın müstəqil varlığını ciddi sual altına qoymuşdu. Məhz o zaman dövlətin müstəqilliyinin qorunub saxlanması üçün qətiyyətli və iradəli bir şəxsin ölkə rəhbərliyinə gətirilməsi zəruriyyəti yaranmışdı. 1992-ci ildə xaos və anarxiya içərisində boğulan Azərbaycan xalqını bu çətin vəziyyətdən çıxarmaq bacarığı olan güclü bir liderin hakimiyyətə gəlməsi əsas şərt idi. Xalq bu qurtuluş şansını yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü. Məhz belə bir mürəkkəb şəraitdə öz xalqını, dövlətini düşünən 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Bu müraciət bütövlükdə Azərbaycan xalqının çağırış ifadəsi idi. Həmin müraciətdə Heydər Əliyevin yeni yaradılacaq partiyaya - Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsi xahiş edilirdi. Ulu Öndər Heydər Əliyevin 91 nəfər ziyalının 16 oktyabr 1992-ci il tarixli müraciətinə cavabında deyilir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Bütün bunlar Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət olduğunu açıq-aşkar isbatlayır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Müsahibimiz öz fikirlərini davam etdirərək xüsusi olaraq qeyd edib ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransının Naxçıvanda keçirilməsi faktı o vaxt ölkədə demokratik mühitin olmaması ilə yanaşı, həm də hakimiyyət uğrunda mübarizə aparan separatçı qüvvələrin onların planlarını alt-üst edə biləcək yeganə şəxs olan Heydər Əliyevin hakimiyyətə gəlişini mümkün qədər əngəlləmək istəkləri ilə bağlı idi: “Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda, ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. YAP təsis konfransının o zaman Bakıda deyil, məhz Naxçıvanda keçirilməsi də səbəbsiz olmamışdır. Bir tərəfdən həmin illərdə iqtidarda bir-birini əvəz edən qüvvələr ölkədə demokratik mühitin formalaşması, ictimai-siyasi sabitliyin təmin olunması barədə demək olar ki, düşünmürdülər. İkinci bir tərəfdən isə, bütün separatçı, anti-milli qüvvələr yaxşı başa düşürdülər ki, onların bütün bu özbaşınalıqlarına məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə son qoyulacaq. Buna görə də, həmin qüvvələr bu anı mümkün qədər uzaqlaşdırmağa çalışırdılar. Lakin tarixin gedişini geri çevirmək heç kimə müyəssər olmayıb. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Nizamnaməsini və Proqramını qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildilər. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı.”

Həmçinin G.Sultanzadə Heydər Əliyev siyasi kursunun bu gün də ölkəmizdə uğurla davam etdirildiyini vurğulayaraq bunları deyib: “Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri vəzifəsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçilmişdir. Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyası və siyasi kursu bu gün ölkəmizdə uğurla davam etdirilir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. 5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayı partiyanın qarşısında duran yeni vəzifələri müəyyən edib. Həmin qurultayda etdiyi çıxışında cənab Prezident İlham Əliyev demişdir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Sözügedən təyinat yüksək etimadın və Azərbaycanın dövlət siyasətində qadına ayrılan xüsusi diqqətin təcəssümüdür. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının fəal ictimai-siyasi vətəndaş və peşəkar dövlət xadimi obrazı formalaşmışdır.”

Daha sonra partiya fəalı YAP-ın strateji hədəfləri kimi müəyyən edilmiş konsepsiyaların bu gün sürətlə həyata keçirildiyini qeyd edərək bunları deyib: “2005-ci ildən etibarən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsində, qısa müddət ərzində YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk dəfə keçirilmiş VII qurultay isə təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. Qurultayda müəyyən edilmiş YAP-ın on bir strateji hədəfləri sırasında ordu quruculuğu və “Böyük Qayıdış” proqramının təmin olunması məsələlərinə xüsusi yer ayrılır. Ulu Öndər Heydər Əliyev öz siyasi vəsiyyətində demişdi ki, bizim başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Dövlət başçımızın dediyi kimi, bu işlərin arasında ən vacibi sözsüz ki, Qarabağ probleminin həlli idi. Buna görə də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu problemi bütün işlərin mərkəzinə qoydu. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində, cəmi 44 günə tarixi ədalət bərpa olundu, düşmən torpaqlarımızdan qovuldu. Lakin müharibə başa çatdıqdan sonra da ölkəmizdə ordu quruculuğu işi sürətlə davam etdirilir. Bu ilin 19 sentyabr tarixində antiterror əməliyyatına başlayan Azərbaycan Ordusu növbəti dəfə peşəkarlıq və qəhrəmanlıq göstərərək, ən mühüm strateji yerlərə çıxaraq, qısa müddət ərzində qarşıya qoyulmuş bütün vəzifələri icra etdi və düşmən ordusu təslim olmağa məcbur qaldı. Bununla da ermənilərin 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qanunsuz separatçı rejim ləğv olundu. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. Həmin bölgələrdə yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan işlərin böyük vüsəti onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdiriləcək. Qısa zaman kəsiyində Zəngilan rayonunda “Ağıllı kənd” layihələrinin icrası ilə bağlı görülən işlər, Füzuli, Laçın, Zəngilan rayonlarında yeni hava limanlarının inşası, Kəlbəcər rayonunda infrastrukturun yenidən qurulması yönündə aparılan fəaliyyət bir daha onu təsdiqləyir ki, Azərbaycan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyatı sürətlə yenidən canlandırmaqdadır” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Geri dön