Ana Sayfa > Özəl > Vətənə sədaqət nümunəsi

Vətənə sədaqət nümunəsi


12-11-2023, 10:57. Yazar: sevinc1
Vətənə  sədaqət nümunəsi

 Samir Əlizadə  oğlu  Hüseynov  Vətənini, doğma yurdunu  ilahi bir məhəbbətlə sevirdi. Odur ki, Azərbaycanın müqəddəs parçası olan Qarabağın  düşmən tapdağına düşməsinə ürəyi heç cür dözə bilmirdi. Elə həyatı dərk edəndən birinci arzusu əsarətdə olan  Vətən torpaqlarını azad görmək olur.  Və bunun  yolunu hər bir  Vətən övladının Ana torpağa, xalqına sədaqətli  olmasında  görür.  İkinci Qarabağ müharibəsində  qanı bahasına  Ana torpağının  şərəfini uca tutan Samir  26 yaşında şəhidlik zirvəsinə ucalmaqla ürəyinin istəyinə qovuşur.  Gəlimli-gedimli  dünyadan  vaxtsız getməsi  Vətənin yaşaması üçün olur. Məhz buna görə də Azərbaycanın mərd, igid oğlunun aramızdan getməsi cismanidir,   zəfər tariximizə adını elə həkk edib  ki,  zaman-zaman heç bir qüvvə onu millətin qəlbindən silib apara bilməz. Əksinə ucaldığı müqəddəslik zirvəsindən  sevdalı günlərə boylanan parlaq ziyası yüzlərin, minlərin həyat yoluna nur çiləyər.
 Lerik rayonunun Vov kəndində  yurd salan Hüseynovların el-obada böyük hörmət vardır. Əzəldən bu ocağının  od götürüb, qeyrət içiləsi ərənləri olubdur. 1994-cü ildə  dünyaya gəlmiş  Samir Hüseynov da  ailə ənənəsinə sadiq boy atır. Haqqa tapınmaq, halallıq, qurub-yaratmaq eşqi getdiyi yolda onu izləyir.  Cəmiyyətdən ötrü  xeyirli, işıqlı bir  şəxs olaraq müstəqil həyata qədəm qoyur. 2013-cü ildə  Milli Ordu sıralarına yola düşəndə artıq haqqın-ədalətin tərəfdarı olaraq, gördüyü nəcib işlər hesabına el-oba arasında  özünəməxsus  nüfuz qazanmışdı.  Yaşına uyuşmayan  kamilliyi, bütövlüyü, yurd məhəbbəti  Vətənə ləyaqətli xidmətdə də özünü göstərir.  Samir Vətən torpaqlarının  erməni dığalardan  təmizləməyi ən müqəddəs iş sayır...
 Bütün həyatı  Vətən sevgisinə köklənən, arzu-istəyi  millətinin gələcəyini çıraqban  görmək eşqi olan  Samir  xidmətdən sonra bir müddət halal zəhmətdən yapışır. Ötüb keçən hər gün  ömrünə yadda qalan işlərlə iz salır.  Amma dığaların  xəyanətkar, təcavüzkar mövqeyi,  Qarabağda baş  verən qanlı  hadisələr  həmişə onu ciddi düşündürür, narahat edir.  Odur ki, onlara qarşı mübarizə aparmaq üçün 2016-ci ildə könüllü hərbi xidmətə gedir. Vətən müharibəsində  Xüsusi Təyinatlı  Kəşfiyyatçı kimi döyüş meydanına girir. Samir döyüşdən-döyüşə atıldıqca sanki ona yeni bir güc, yeni bir qüvvə  verilir. Odun-alovun içində düşmənə meydan oxuyanda yalnız  Vətən torpaqların azadlığını düşünür.  Zəngilanda, Füzulidə, Qubadlıda, Xocavənddə, Cəbrayılda, Şuşada ağır müharibə meydanında intiqam hissi ilə vuruşur, dığaların layiqli  cəzasını verir. Şanlı zəfərimizə 13-14 saat qalmış şəhidlik zirvəsinə ucalır.  Və bu şərəfli ölüm Samirə əbədi bir həyat qazandırır.  Azərbaycan var olduqca,  Samir kimi igid  Vətən övladların adı  ləyaqət, sədaqət, etibar  rəmzi olaraq  el-obaya başıucalıq gətirər.
 Samir Hüseynov ölümündən  sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, Şuşanın, Cəbrayılın, Xocavəndin, Füzulinin azadlığına görə medalları ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Geri dön