Ana Sayfa > Özəl > Atatürk, Qazi Mustafa Kamal - (1881-1938) Türkiyə Cümhuriyyətinin qurucusu, Türkiyə dövlət, hərbi və siyasi xadimi
Atatürk, Qazi Mustafa Kamal - (1881-1938) Türkiyə Cümhuriyyətinin qurucusu, Türkiyə dövlət, hərbi və siyasi xadimi10-11-2023, 21:57. Yazar: sevinc1 |
Qəlbi hər zaman Türkiyə ilə birgə döyünmüş Azərbaycan xalqı barədə Mustafa Kamal sağlığında demişdir: “Azərbaycan xalqının bizimlə bizdən çox maraqlandığını bilirik.” 1920-ci il 28 apreldə rus ordusu tərəfindən Azərbaycan işğal olunandan sonra Avropa orduları ilə qarşı-qarşıya durmasına baxmayaraq Mustafa Kamal paşa Kazım Qarabəkir paşaya göndərdiyi teleqrafda yazırdı: "Rusiya müsəlmanları və bütün islam xalqları haqqındakı fikirlərimiz onların hüquqlarının genişlənməsinə yönəldilməlidir. Azərbaycanın tamamən müstəqil bir dövlət halına gətirlməsi üçün, rusları şübhələndirməmək şərti ilə təşəbbüslər göstərmək lazımdır. 1920- ci ilin 10 avqustunda ruslar və ermənilər arasında imzalanan sazişdə Azərbaycana zərər verən maddələrin aradan qaldırılmasına çalışılmalı, Qarabağ və sair yerlərin Azərbaycana bağlı olması təmin edilməlidir." Eyni zamanda, 1920-ci il 3 may teleqrafında Mustafa Kamal Qarabəkir paşaya "Azərbaycan hökumətindən az miqdarda borc almasını" istəmişdir. Mənbələrdə Azərbaycanın istər birbaşa, istərsə də Rusiya ilə birlikdə Türkiyəyə maddi kömək etməsinə aid çoxlu faktlar vardır. Məsələn, Nəriman Nərimanov Mustafa Kamal paşaya ünvanladığı məktubunda yazırdı: "Paşam, qardaş-qardaşa borc verməz, əl tutar... Mustafa Kamal paşanın Türkiyəsi bizim dostumuzdur." Nərimanov Türkiyənin milli azadlıq savaşında qələbəsini alqışlayır, əlindən gələn yardımı edirdi. Nərimanovun bu xidmətlərini nəzərə alan Türkiyə Böyük Millət Məclisi ona fəxri qılınc verməkdən ötrü M.Kamalın göstərişi ilə Azərbaycana xüsusi heyət göndərmişdi. Atatürk Şərq komandanlığına Naxçıvanla bağlı verdiyi sərəncamlarda Azərbaycanın bu qədim hissəsini erməni işğalından, amerikan-ingilis hegemonluğundan qorunması üçün göstərişlər vardır. Məhz böyük Atatürkün ciddi təkidləri nəticəsində Naxçıvan Qars və Moskva müqavilələrini imzalayan dövlətlər tərəfindən Azərbaycan torpaqları kimi qəbul olunmuşdur. Atatürkün uzaqgörənliyi nəticəsində Azərbaycanın tərkibində Naxçıvan vilayəti yaradılmışdır. Həmin vaxt Atatürkün yürütdüyü ardıcıl siyasi fəaliyyət olmasaydı, ermənilərin arxalandığı Moskva hökuməti Naxçıvan Muxtar Vilayətinin qurulmasına razılıq verməyəcək və Azərbaycan tarixi Naxçıvan torpaqlarını itirmiş olacaqdı. Çünki siyasi səhnədə təklənmiş Azərbaycan hökumətinin də Naxçıvanı təkbaşına saxlamağa gücü yetməyəcəkdi. Ermənistanın daşnak rəhbərliyi Naxçıvanı Azərbaycandan qoparmaq üçün bütün vasitələrdən istifadə edirdi. Mustafa Kamal Naxçıvanla bağlı fikirlərini belə bildirmişdir: "Azərbaycana bağlı Naxçıvan vilayəti qardaş Türkiyə ilə 11 kilometrlik sərhəddə olan türk yurdudur. Naxçıvan türk dünyasının qapısıdır, onu qorumaq lazımdır." Mustafa Kamalın mücadiləsi Anadolunu dörd bir tərəfdən işğal etmiş ingilis, fransız, italyan və yunanlara, şərqi və cənubi-şərqi Anadoluda erməni və kürd dövlətləri qurmağa çalışanlara qarşı yönəlmişdi. Qardaş Osmanlı Türkiyəsi də Azərbaycana hər zaman arxa durmuş, 12 iyul 1921-ci il tarixində Türkiyə Böyük Millət Məclisində söylədiyi nitqində Mustafa Kamal Türkiyənin Azərbaycana komandan, zabit və bir sıra şeylər göndərdiyini bildirmişdir. Azərbaycan hökuməti özlərinin gələcəyini M.Kamal Türkiyəsi ilə sıx əlaqədə görürdü. 1922-ci ildə Parisdə Yaxın Şərq problemləri ilə bağlı konfransa Atatürk hökumətinin nümayəndələri ilə yanaşı, İzzət paşanın rəhbərliyi altında sultan hökumətinin nümayəndələri dəvət olunanda Azərbaycan nümayəndələri kamalçıları dəstəkləmişdir. M.Kamal paşanın TBMM sədri kimi 1920-ci ildə əlaqə yaratdığı xarici dövlətlərdən birincisi Azərbaycan, ikincisi Əfqanıstan və Sovet Rusiyası olmuşdur. Bununla bağlı o, Azərbaycanın rəsmi nümayəndəliyinin bayrağını qaldırmış, bolşevik hökumətinin siyasətini bəyənmiş və dəstəkləmişdir. Bu sahədə Sovet Azərbaycanının Türkiyədəki səfiri İbrahim Əbilovun fəaliyyəti xüsusi qiymətləndirilməlidir. Belə ki, respublikanın tanınmış siyasi və ictimai xadimlərindən biri olan İbrahim Əbilov 1921-ci ilin yayında Kominternin II konqresinin nümayəndəsi olaraq V.İ.Leninin göstərişi ilə Sovet Azərbaycanının Türkiyədə nümayəndəsi təyin olunmuşdur. Azərbaycanın tərkibində Naxçıvana muxtariyyət statusunun verilməsini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir.” Qeyd edək ki, Qars müqaviləsi bu gün də qüvvədən düşməyib və onun şərtlərinə görə, Naxçıvan təcavüzə məruz qalarsa, Türkiyənin oraya qoşun yeritmə səlahiyyəti var. Sonrakı illərdə ermənilər nə qədər istəsələr də arzularına çata bilmədilər. Çünki müqavilə müddətsiz bağlanıb, dövlətlərdən heç biri birtərəfli qaydada onu ləğv edə bilməz. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |