Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycanın təşəbbüsləri İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir”

Novruzəli Aslanov: “Azərbaycanın təşəbbüsləri İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir”


10-11-2023, 17:34. Yazar: sevinc1
Novruzəli Aslanov: “Azərbaycanın təşəbbüsləri İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir”

“İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb və Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ilk daxil olduğu qurumlardan biridir. 1992-ci il noyabrın 28-də 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə ECO üzvlərinin sayı 10-a çatdı. Məlumdur ki, hazırda Azərbaycanın sədrlik etdiyi bu təşkilatın Nazirlər Şurası ən azı ildə bir dəfə yığıncaq keçirir. Bu il oktyabrın 10-da Şuranın 27-ci iclasının Şuşada keçirilməsi, həmçinin Şuşa şəhərinin 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilməsi ölkəmizin bu təşkilatda da yüksək nüfuza sahib olduğundan xəbər verir. Qeyd etmək lazımdır ki, İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. O cümlədən ölkəmizin bərpaolunan enerji sahəsində effektiv çalışmalarına verilən yüksək dəyərin nümayişi olaraq, Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Həmçinin deputat Azərbaycanın tranzit imkanlarının getdikcə artmasını və bu imkanların dost ölkələr üçün də hər zaman açıq olduğunu qeyd edib: “Ölkə Prezidenti cənab İlham Əliyevin noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında etdiyi çıxışında Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun ECO-nun üzv dövlətləri üçün açıq olduğu xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri artıq tam hazırdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Eyni zamnda Azərbaycan üçün Xəzər regionunda da əməkdaşlığın mühüm istiqamətləri kimi nəqliyyat infrastrukturunun inkişafını, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılmasını qeyd etmək olar. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilib-istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir önəmli töhfəsi olub. Lakin bu nailiyyətlər də son hədd deyil. Bu gün Azərbaycan Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə Bakı Ticarət Limanının imkanlarını da bugünkü 15 milyon tondan 25 milyon tona çatdırmağı nəzərdə tutur. Bütün bu təşəbbüslərin reallaşması ECO-ya üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək.”

Daha sonra Azərbaycan-Özbəkistan münasibətlərindən bəhs edən N.Aslanov qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı hər iki tərəfdən böyük potensiala əsaslanır və geniş perspektivlərə malikdir: “Birmənalı olaraq deyə bilərik ki, iki yaxın xalq, iki yaxın ölkə olan Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin bu gün tamamilə yeni mərhələyə yüksəlişi bir çox baxımdan bu iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri sayəsində mümkün olub. Təbii ki, bu münasibətlər həm Özbəkistan, həm də Azərbaycan xalqları tərəfindən təqdir olunur və alqışlanır. Çünki hər iki xalq dövlət başçılarının münasibətlərinin, qarşılıqlı səfərlərin müsbət nəticələrini əməli şəkildə görür. Çox vacib bir məqam da əlbəttə ki, Şavkat Mirziyoyevin Prezident seçildikdən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsi ilə bağlıdır. Özbəkistan Prezidentinin bu addımı ali qonağın ölkəmizə və xalqımıza münasibətinin göstəricisidir. Təsadüfi deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev də Sammitdə etdiyi çıxışında bu məqamı xüsusi vurğulamış və Özbəkistan Prezidentinin Azərbaycana bu səfərini yüksək dəyərləndirmişdir. Azərbaycan və Özbəkistan Prezidentlərinin istər təkbətək formatda, istərsə də geniş tərkibdə keçirdikləri görüşlər zamanı müzakirə etdikləri məsələlər çoxvektorlu və əhatəli olur. Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün müəyyən edilmiş istiqamətlər və strategiya tamamilə düzgün seçilib və hazırda bir çox sahələrdə, o cümlədən enerji sahəsində yaxşı perspektivlər mövcuddur. Həmçinin nəqliyyat-logistika sahəsində yük axınının artması, bu istiqamətdə əməkdaşlıq potensialının güclənməsi müşahidə olunur ki, bütün bunlar da Azərbaycan-Özbəkistan əlaqələrinin inkişaf perspektivlərini daha da genişləndirir” – deyə, Novruzəli Aslanov fikirlərini sona çatdırıb.
Geri dön