Ana Sayfa > Seçki 2024 > Mingəçevirdə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfrans

Mingəçevirdə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfrans


8-11-2023, 10:41. Yazar: sevinc1
Mingəçevirdə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfrans

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində "Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təməlidir" mövzusunda elmi-nəzəri konfrans keçirilib.

aia.az xəbər verir ki, konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dostları düzərək ehtiramlarını bildiriblər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxış olub.

Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasnın Dövlət Himni səsləndirilib. "Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" sənədli filminə baxış keçirilib.
Konfransda Mingəçevir şəhər İH-nin başçısı İlham İsmayılov çıxış edərək qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonundan başlayan Dağlıq Qarabağ problemi nəticəsində Azərbaycanın 20 faizə qədər ərazisi erməni qəsbkarları tərəfindən işğal olunmuşdu. Natiq bildirib ki, Ermənistanın və dünya ermənilərinin məqsədi Qarabağda ikinci erməni dövlətinin yaranmasına nail olmaq idi. Lakin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev bütün təzyiqlərin qarşısını qətiyyətlə aldı. Ölkə iqtisadiyyatının, ordunun güclənməsi üçün bütün tədbirləri həyata keçirdi. 2003-cü ildə ölkə Prezidenti İlham Əliyevin hakimiyyətə gəlişindən sonra da bu proses davam etdirildi. Az müddətdə ordu quruculuğu sahəsində xeyli uğurlar əldə olundu.
2020-ci ilin 27 sentyabrında erməni ordusu sərhəd boyu hücum əməliyyatları təşkil edərək ərazilərimizə təhlükə yaratdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə ordumuz əks hücuma keçdi. Qısa müddətdə hər bir Azərbaycan vətəndaşı İlham Əliyevin "Qarabağ Azərbaycandır!" ifadəsi altında səfərbər olmağı bacardı. 44 gün davam edən müharibə nəticəsində erməni ordusunun məğlubedilməz olması mifi darmadağın edildi.
Bu il sentyabr ayının 19-da ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə sülhməramlıların nəzarətində olan ərazilərdə lokal xarakterli antiterror əməliyyatı keçirildi. Cəmi 23 saat 43 dəqiqə sürən əməliyyat sonrası erməni silahlı birləşmələri silahı yerə qoyaraq təslim oldular. Bu hadisə nəticəsində Azərbaycanın bütün ərazilərində hakimiyyət strukturları bərpa edildi. Torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycanın siyasi nüfuzu da artdı. Azərbaycan bölgədə yeni reallıqlar yaratdı.
Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev "1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı bu günkü uğurlarımızın başlanğıcıdır", Milli Məclisin deputatı Aydın Mirzəzadə "Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ərazi bütövlüyümüzün təminatçısı oldu", MDU-nin Təhsil fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Nizami Zeynalov "Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir", MDU-nin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Ayna Babazadə "Ata vəsiyyəti və inamlı zəfərin qalibi" mövzularında məruzələrlə çıxış ediblər.
Azər Tağızadə
Geri dön