Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası Azərbaycanın ən böyük qələbəsinin təzahürlərindən biridir”

Aqiyə Naxçıvanlı: “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası Azərbaycanın ən böyük qələbəsinin təzahürlərindən biridir”


7-11-2023, 10:53. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı: “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası Azərbaycanın ən böyük qələbəsinin təzahürlərindən biridir”

“2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri N.Paşinyan tərəfindən imzalanmış 10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. II Qarabağ savaşı zamanı bütün dünya Azərbaycan xalqının birliyini, həmrəyliyini gördü. Bu həmrəylik Azərbaycan xalqının ən böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri çiyin-çiyinə verib düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Regionda yaranmış yeni reallıqlar, o cümlədən “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazinin artıq mövcud olmaması Azərbaycanın tarixi nailiyyətidir. Bu gün Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsi torpaqlarımızın işğalı ilə bərabər erməni miflərinə də son qoydu: “Erməni ideoloqları uzun illər ərzində bütün dünyaya “yenilməz erməni ordusu” barədə o qədər uydurma, cəfəng məlumatlar təqdim etmişdilər ki, sonda artıq özləri də bu yalanlara inanmağa başlamışdılar. Əgər belə olmasaydı Ermənistanın yeni ərazilər uğrunda hərbi əməliyyatlara başlamaq niyyəti haqqında bəyanatları, ən yüksək səviyyədə rəsmi İrəvan təmsilçilərinin öz əraziləri imiş kimi, Qarabağa səfərləri və bu səfərlər zamanı sərsəm çağırışları da baş verməzdi. Lakin Azərbaycan sübut etdi ki, bu ölkə sahibsiz deyil və öz Prezidentinin, öz Ali Baş Komandanının rəhbərliyi ilə istənilən sərsəmi özünə gətirmək, istənilən aqressoru məhv etmək gücünə malikdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifləri 44 günə dağıtdı. Bütün dünya böyük Ermənistan ideyasının çürük sütunlar üzərində qurulduğunu gördü.”

Daha sonra A.Naxçıvanlı 10 noyabr Bəyanatının imzalanması ilə əsası qoyulmuş iqtisadi uğurlarımızdan bəhs edərək bunları deyib: “Heç şübhəsiz 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanat Azərbaycanın bir sıra iqtisadi uğurları üçün əlverişli zəmin yaratmış oldu. Bu gün artıq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına start verilib və bu möhtəşəm layihənin həyata keçirilməsi prosesi getdikcə daha böyük vüsət alır. Proqramın icrası çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması Azərbaycanın ən böyük qələbəsinin təzahürləridir. Həmçinin bu gün regionda yeni kommunikasiya layihələri üçün əlverişli zəmin yaranmışdır. Üçtərəfli Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olacaqdır.
Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır.”

Həmçinin deputat qeyd edib ki, Üçtərəfli Bəyanatın imzalanması ilə əsası qoyulmuş ən önəmli siyasi uğurlardan biri də Ermənistan növbəti illərdə imzaladığı sənədlərdə faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiq etdi: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşləri nəticəsində imzalanmış Bəyanatla rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiqlədi. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Ümumiyyətlə müharibədən sonrakı dövrdə məsələ ilə bağlı imzalanmış bütün bu cür bəyanatlarda “Dağlıq Qarabağ” ifadəsinin istifadə olunmaması Azərbaycanın ərazi suverenliyinin tanımasının ən inkarolunmaz sübutudur. Əlbəttə, Ermənistanın bundan sonrakı qeyri-adekvat hərəkətləri yenidən regionda vəziyyətin gərginləşməsinə səbəb oldu. Bir tərəfdən Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan edən Ermənistan hökuməti digər tərəfdən də qondarma separatçı rejimi “müstəqillik günü” ilə təbrik etməyi də unutmadı. Həmçinin Ermənistan 10 noyabr Bəyanatına əsasən üzərinə götürdüyü digər bir öhdəliyə də əməl etməyə, öz hərbi hissələrini Azərbaycan ərazilərindən çıxarmağa da tələsmirdi. Bütün bunlar Azərbaycanı müvafiq tədbirlər görməyə vadar etdi. İlk növbədə 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsini qurmaqla Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi. Bundan beş ay sonra, sentyabr ayının 19-da isə, bir sutka ərzində keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan ozünün bütün ərazilərində suverenliyinin tam bərpasına nail oldu” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.


Geri dön