Ana Sayfa > Seçki 2024 > Ordu quruculuğu hər zaman cənab Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub

Ordu quruculuğu hər zaman cənab Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub


6-11-2023, 20:23. Yazar: sevinc1
Ordu quruculuğu hər zaman cənab Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2003-2020-ci illər ərzində atılmış hər bir addım, qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Möhtərəm dövlət başçımızın gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Ötən illər ərzində bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.
Məhz bu hədəfə nail olmaq üçün 17 il ərzində Azərbaycan Prezidenti danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman cənab Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. Azərbaycan sülhsevər ölkədir. Lakin tarix göstərir ki, sülh içərisində yaşaya bilmək üçün müharibəyə hər zaman hazır olmalısan.
Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qaldı. Beynəlxalq təşkilatların uzun illər ərzində yürütdükləri ikili standartlar siyasəti münaqişənin sülh yolu ilə həllini qeyri-mümkün etmişdi. Vasitəçilərin əsas məqsədləri də münaqişəni dondurmaq və Azərbaycanı işğal faktı ilə barışdırmaq idi. Bu illər ərzində özlərinin istənilən halda cəzasız qalacaqlarına artıq tam əmin olmuş ermənilər isə, artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməkdə idilər. Lakin 44 günlük Vətən müharibəsi Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti sayəsində ermənilərin və havadarlarının bölgədəki siyasətinin tam iflası ilə nəticələndi.
Azərbaycan Ordusu 5 ilə işğal edilmiş və 30 il ərzində çoxsaylı istehkamlarla möhkəmləndirilmiş əraziləri 27 sentyabr 2020-ci il tarixində başladığı və cəmi 44 gün apardığı hərbi əməliyyatlar nəticəsində azad etdi. Bu, həqiqətən də qeyri-mümkün bir işin mümkün edilməsidir. İşğal dövründə ermənilər gec-tez hücuma keçəcəyinə əmin olduqları Azərbaycan Ordusunun qarşısını almaq üçün üç, dörd, hətta beş səviyyəli hərbi-mühəndis istehkamları qurdular, uzunmüddətli avtonom atəş nöqtələri, mina sahələri yaratdılar. Lakin bütün bunların heç bir nəticəsi olmadı. Azərbaycan Ordusu artıq yeni taktikaya, yeni silahlara və ən müasir texnologiyalara sahib olan bir orduya çevrilmişdi. Qısa müddət ərzində erməni hərbi birləşmələri hətta silah-sursatlarını, hərbi texnikalarını belə qoyaraq qaçmağa başladılar. Ordumuzun gözlənilməz manevrləri, artilleriya və PUA-ların dəqiq zərbələri ilə düşmənin zirehli texnikası və ağır artilleriya qurğuları tez bir zamanda məhv edilir, döyüşlərin gedişinə təsir etmək imkanını itirirdi. Bir sözlə, Ali Baş Komandan cənab İlham Əliyevin tətbiq etdiyi müasir döyüş strategiyası düşmənə qaçmaq və ya təslim olmaqdan başqa heç bir şans buraxmadı.
2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinə birdəfəlik son qoyuldu. Əslində tamamilə Azərbaycanın maraqlarına cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiyası deməkdir və bu bəyanat böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi. Möhtərəm dövlət başçımızın da dediyi kimi, Paşinyan bu sənədi öz xoşu ilə imzalamadı. Dəmir yumruğun hesabına imzaladı. Əlbəttə ki, bu bəyanatın imzalanmasının əsas səbəblərindən biri də noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi oldu. Müzəffər Ordumuz Şuşanı azad etdikdən sonra Erməni tərəfi artıq bütün xülyalarının puç olduğunu daha aydın şəkildə dərk etdi. Bundan dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Artıq vəziyyət elə bir həddə çatmışdı ki, bir çox erməni hərbi ekspertləri müxtəlif xarici informasiya agentliklərinə verdikləri açıqlamalarında hərbi əməliyyatların Ermənistan ərazisinə keçə biləcəyindən qorxduqlarını açıq etiraf edirdilər. Üçtərəfli bəyanatın daha bir önəmi də bundan ibarət oldu ki, bu sənəd digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən özümüzə qaytarmağa imkan verdi. Bu isə bir daha Ölkə Prezidenti cənab İlham Əliyevin insanlarımızın, əsgərlərimizin həyatını hər şeydən daha üstün tutduğunu aydın şəkildə göstərdi. Eyni zamanda da cənab Ali Baş Komandan bu sənədi imzalamaqla erməni xalqına daha bir şans – övladlarını hədər yerə qırğına göndərmək məcburiyyətindən qurtulmaq imkanı vermiş oldu. Bununla da möhtərəm dövlət başçımız bütün dünyaya əsil humanistlik nümunəsi göstərdi.
Lakin işğala son qoyulmasından sonra həllini gözləyən bir sıra digər vacib məsələlər də var idi. Azərbaycan 10 noyabr Bəyanatının şərtlərinə əsasən Ermənistan silahlı qüvvələrinin hissələrinin ölkəmizin ərazilərindən çıxarılmasını, eləcə də Qarabağda yaradılmış qondarma separatçı rejimin fəaliyyətini dayandırmasını və bu rejimin qanunsuz silahlı birləşmələrinin tərksiah olunmasını gözləyirdi. Lakin Vətən müharibəsindən sonra keçən üç il göstərdi ki, ermənilər hələ də lazımi dərslərini yetərincə mənimsəməyiblər. Buna görə də Azərbaycan növbəti dəfə öz gücünü göstərməli oldu. Cari ilin 19 sentyabr tarixində ölkəmiz cəmi 23 saat ərzində apardığı antiterror əməliyyatı nəticəsində düşməni yenidən ağ bayraq qaldırmağa məcbur etdi. Bir sutkadan da az bir müddətə Azərbaycan bütün məqsədlərinə nail oldu. Bütün qanunsuz silahlı dəstələr və separatçı rejim ləğv olundu. Azərbaycan bütün ərazisində tam suverenliyini bərpa etdi.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü

Geri dön