Ana Sayfa > Siyasət / Özəl > “Zəfər Günü”- Azərbaycan tarixində Şərəf, Ləyaqət, Qürur səhifəsi günüdür

“Zəfər Günü”- Azərbaycan tarixində Şərəf, Ləyaqət, Qürur səhifəsi günüdür


6-11-2023, 15:00. Yazar: sevinc1
“Zəfər Günü”- Azərbaycan tarixində Şərəf, Ləyaqət, Qürur səhifəsi günüdür

Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük. Yaddaşımızda babalarımızın “El gücü, sel gücü”, “El bir olsa dağı oynadar yerindən” deyimləri yeni, əməli fəaliyyət müstəvisində təzələndi, azadlıq müharibəmiz xalqımızın min illərdən süzülüb gələn təmiz milli-mənəvi dəyərlərinin, azadlıq uğrunda mübarizə ruhunun imtahanı, onun dəyanətliliyinin və mətinliyinin ayarı sayıla bilən məhək daşı oldu.
Biz bu tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi əlbəttə çox sevinirik və vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk. Bu Vətən müharibəsində müzəffər ordumuzun Qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyuruq. Lakin etiraf edək ki, qələbənin miqyasını dərk etməkdə, necə deyərlər, onu həzm etməkdə, onun miqyası və mahiyyətini, keçmişin qara ləkəsini yuyub gələcəyə necə işıq saldığını layiqincə dəyərləndirməkdə hələ zamana ehtiyacımız var. Zaman ötdükcə dövlətimizin və ordumuzun bu tarixi qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacağıq.
Biz həmişəlik yadda saxlamalıyıq ki, bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.
Əlbəttə, hamıya aydındır ki, müharibədə qələbə olduqca çox amillərin bir-birini tamamlaması, ardıcıl, məqsədyönlü, kəsərli, ölçülüb-biçilmiş kompleks səylərin və mübarizənin nəticəsində əldə edilir, lakin müharibənin ilham verəni, bütün xalqı ətrafında birləşdirib vahid məqsəd üçün səfərbər edəni və hər anına rəhbərlik edib yönəldəni olmasa bu möhtəşəm qələbəyə nail olmaq mümkün olmazdı. Prezident İlham Əliyev düşmənin başı üstündə tutdugu Dəmir yumruğunu xalqımızın birlik və güc simvoluna çevirdi. Dövlətin başçısı milli ruhun daşıyıcısı və ilhamverici qüvvəsi olaraq da bütün vətəndaşların güc və enerjisini qələbəyə yönəltdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu gün ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasını qürurla qeyd edirik. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu.  Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə  Ordumuz 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başladı. 23 saat davam edən lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam təmin olundu. Separatçılardan təmizlənmiş ərazilərimizə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Tariximiz zəfər səhifələri ilə daha da zənginləşir. Cənab Prezident bütün dünyaya müdrik strateq, tariximizdəki ən güclü Azərbaycanın Müzəffər Ali Baş Komandanı və Qarabağın Fatehi olduğunu sübut etdi. Bu gün Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək şanlı tariximizi qeyd edir.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon Təşkilatının sədr müavini
Geri dön