Ana Sayfa > Siyasət / Özəl > Prezident İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim
Prezident İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim6-11-2023, 11:32. Yazar: sevinc1 |
Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında Ulu Öndərin əvəzsiz rolu olmuşdur. Azərbaycan xalqının ən böyük sərvəti olan dövlət müstəqilliyinin qorunub saxlanması hər bir vətəndaşın ümdə vəzifəsidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız dövlət müstəqilliyini bərpa etmək imkanı əldə etmişdi. Lakin həmin dövrdə mürəkkəb tarixi şərait, cəmiyyətin bütün sahələrini əhatə edən dərin böhran, yaranmış xaos xalqın bu istəyinin gerçəkləşməsinə imkan vermədi. 1993-cü ilin ortalarında xalqın təkidli tələbi və xahişi ilə Ulu Öndər Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcı oldu. Nəticədə Azərbaycanın gələcək taleyini düşünən hər bir kəsin qəlbində dərin kök salmış narahatlığa son qoyuldu, insanların sabaha itmiş inamları özünə qayıtdı. Azərbaycanda vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin aradan qaldırılması məhz həmin o tarixi günlərdən başladı. Məhz Ulu Öndər Heydər Əliyein parlaq siyasi zəkası, mükəmməl idarəçilik qabiliyyəti, böyük dövlətçilik təcrübəsi, mətin iradəsi və yorulmaz fəaliyyəti sayəsində milli dövlətimiz tarix səhnəsindən silinmək, xalqımız isə vətəndaş qarşıdurmasından qurtuldu. Ümummilli Lider tərəfindən bugünkü qüdrətli Azərbaycanın möhkəm və sarsılmaz özülləri atıldı. Onun yürütdüyü müdrik daxili və xarici siyasət, həyata keçirilən hərtərəfli və dərin, elmi əsaslarla işlənib hazırlanmış konseptual islahatlar nəticəsində dövlət müstəqilliyimizin möhkəmləndiyini, respublikamızın beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrildiyini bu gün hər birimiz sonsuz qürur hissi ilə vurğulaya bilərik. Ümummilli Liderin müstəqil dövlətimizin qorunub saxlanmasında, dövlətçiliyimizin inkişaf etdirilməsindəki tarixi missiyasının böyük əhəmiyyətindən, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən fəxrlə danışa bilərik. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan dahi rəhbər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Ulu Öndər müxtəlif sahələr arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasındakı ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələrin ən optimal həllərini müəyyənləşdirib və məharətlə həyata keçirib. Ulu Öndər Heydər Əliyevin mütərəqqi siyasi xəttinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz illərə sığmayan çox böyük sürətlə inkişaf edib. Qırx dörd günlük Vətən müharibəsi və 23 saat davam edən lokal xarakterli antiterror əməliyyatı zamanı əldə olunan tarixi qələbələr xalqımızın zəfər salnaməsinə böyük hərflərlə yazılıb. Azərbaycan tarixinin təkrarsız qəhrəmanlıq nümunəsi və qızıl səhifələrindən olan Vətən müharibəsində böyük Zəfərin qazanılması və Qarabağda separatçı qüvvələrin tərk-silah edilərək dövlət suverenliyimizin tam təmin olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız və müstəqil dövlətimiz qarşısında əvəzsiz xidmətlərindəndir. Bu gün Azərbaycan xalqı Zəfər salnaməsinin, ədalət uğrunda qətiyyətli qələbəsinin üçüncü ilini böyük coşqu ilə qeyd edir. Qürurluyuq, alnımız açıq, başımız dikdir! Çünki bu, son 200 illik tariximizdə qazandığımız ən böyük qələbədir. Bu Zəfər 30 il ərzində qaysaqlanmayan yaralara da məlhəm oldu. Daha işğal tarixlərinin acı xatirələrini deyil, qələbəmizin iftixarını, təntənəsini yaşayırıq… Üç il öncə haqq savaşına qalxan Azərbaycanın cəmi 44 günə qazandığı möhtəşəm qələbə 30 illik həsrətə son qoyub şanlı tariximizdə yeni səhifə açdı. Bu möhtəşəm qələbənin, Zəfərin baş memarı isə, əlbəttə ki, müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Azərbaycanın ən yeni tarixini yazan Baş Sərkərdəmiz bütün nailiyyətləri ilə yanaşı, həm də işğal altında olan torpaqlarımızın xilaskarı oldu, çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdı. Bütün çıxışlarında “Qarabağ Azərbaycandır!” – deyən Prezident İlham Əliyev onu gerçəkliyə çevirdi. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Ali Baş Komandan uğurlu “Dəmir yumruq” əməliyyatı ilə bütün dünyaya həm də bacarıqlı, qətiyyətli sərkərdə olduğunu isbatladı. Bu əməliyyat ilk növbədə xalq-ordu-dövlət birliyinin bariz təcəssümü oldu. Dünya müstəqilliyinin cəmi 29 yaşı olan Azərbaycanın hansı gücə sahib olduğuna şahidlik etdi və işğalçı Ermənistana illərlə havadarlıq edən hər hansı bir qüvvə haqq savaşımıza əngəl yarada bilmədi. Dünyanın ən böyük siyasi təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının illər öncə qəbul etdiyi və 2020-ci ilə qədər kağız üzərində qalan qətnamələrinin icrasını Azərbaycan güc yolu ilə reallığa çevirdi. Bununla da Ali Baş Komandan İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, yaşadığımız müasir dövrdə hüququn əsasları deyil, güc amili ən mühüm silahdır. Qondarma Dağlıq Qarabağ münaqişəsinin cəmi 44 gündə tarixə çevrilməsi qürurverici reallıqdır. Lakin həmin 44 gün üçün müvafiq şəraitin, yetərli gücün əldə edilməsi heç də qısa zamanda baş vermədi. Bu, illərlə çəkilən zəhmətin, aparılan müstəqil siyasətin, hücum diplomatiyasının və qətiyyətli qərarların sayəsində reallaşdı. Ulu Öndər Heydər Əliyevin inkişaf konsepsiyasını uğurla davam etdirən layiqli varisi, 2003-cü ildə Azərbaycan xalqının inanaraq, güvənərək etimad göstərib Prezident seçdiyi İlham Əliyev 17 ildə elə bir siyasət, elə bir diplomatiya yürütdü ki, dünya ilk növbədə Azərbaycan həqiqətlərini görüb onları qəbul etməyə başladı. 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın “Dəmir yunruq” əməliyyatının icrasına başladı. Ölkədə prezident-xalq-ordu birliyi Azərbaycanı şanlı qələbəyə apardı. Sentyabrın 27-dən başlanan Zəfər yürüşü noyabrın 8-də Qarabağın ürəyi Şuşada dayandı. Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən vurğulamışdı: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfislənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!” Azərbaycana hədə-qorxu gələn, illərlə düzəltdikləri istehkamlara güvənən Ermənistan cəmi 44 günə diz çökdü. Azərbaycanın igid oğullarının döyüş əzmi qarşısında erməni əsgəri silahını, bayrağını atıb qaçmaq məcburiyyətində qaldı. Bu dövrdə ordumuz cəbhədə hər gün uğur qazanırdısa, Prezident İlham Əliyev diplomatik məharəti ilə Azərbaycana təzyiq etmək istəyən qüvvələrə elə tutarlı cavablar verirdi ki, xalqın ürəyi dağa dönürdü. 44 gün ərzində dünyanın elə bir mötəbər kütləvi informasiya vasitəsi qalmadı ki, Azərbaycan Prezidentindən müsahibə götürməsin. Bütün müsahibələrində dövlət başçısı bəyan edirdi ki, Azərbaycan haqq yolundadır və kimlərsə, hansısa telefon zəngləri bizi durdura bilməz. Bu, tariximizə yazılan möhtəşəm bir dövr idi. Ordumuzun şəhər və rayonları ard-arda işğaldan azad etməsi, dövlət başçımızın xalqa müjdəli xəbərləri, qardaş Türkiyə və Pakistanın müharibə başlayan andan son günədək Azərbaycana birmənalı mənəvi dəstək verməsi xalqımızı daha da ruhlandırdı və ürəkləri dağa döndərdi. Qardaş Türkiyə rəsmən bəyan etdi ki, haqq savaşı aparan Azərbaycanı durdurmaq istəyən istənilən qüvvə qarşısında Türkiyəni görəcək. Bu, həqiqətən əsl qardaş qayğısı idi. Məhz bu birlikdən güc alan Azərbaycan Silahlı Qüvvələri uğurlu missiyasını şərəflə tamamladı. Prezident İlham Əliyev 30 illik işğaldan sonra Şuşaya ayaq basan ilk dövlət başçımız oldu və Qalib Komandan kimi mədəniyyət paytaxtımızdan dünyaya mesaj verdi ki, beynəlxalq təşkilatların illərlə həll edə bilmədikləri məsələni Azərbaycan öz gücünə cəmi 44 günə bitirdi, işğalçı, terrorçu qruplaşmalar Azərbaycan torpaqlarından qovuldu. Azərbaycan İkinci Qarabağ müharibəsində hələ heç bir dövlətin həyata keçirmədiyi döyüş taktikasını nümayiş etdirdi. Məhz bu müasir döyüş modeli ilə Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək davam edən savaşda 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi. Vətən savaşında Ermənistan silahlı qüvvələrinin 4 milyard dollardan artıq silah-sursatı, hərbi texnikası məhv edildi. Düşmənə məxsus xeyli sayda zirehli texnika, silah-sursatlar, yük avtomobilləri hərbi qənimət kimi götürüldü. Bu gün onların hamısı Qənimətlər Parkında nümayiş etdirilir. Azərbaycanın qətiyyətli və uzaqgörən Prezidentinin həyata keçirdiyi siyasət onu göstərir ki, məğlub Ermənistan istənilən qədər bəhanə gətirib sülh müqaviləsinin imzalanmasını ləngitsə də, vaxtı uzatsa da, sonunda imzalanacaq sənəddə qalibin maraqları təmin ediləcək və Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təminatı getdikcə daha da möhkəmlənəcək. Məhəmməd Əliyev YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Geri dön |