Ana Sayfa > Siyasət / Özəl > Türk birliyi qlobal gücə çevrilir

Türk birliyi qlobal gücə çevrilir


6-11-2023, 11:02. Yazar: sevinc1
Türk birliyi qlobal gücə çevrilir

Qardaş Türkiyə ilə strateji müttəfiqliyin əsasında yaradılan Türk Dövlətləri Təşkilatı regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurum olmaqla yanaşı, eyni zamanda da dünyada yeni bir güc mərkəzinə çevrilməkdədir. Həmçinin bu mötəbər təşkilat Azərbaycanın mühüm rol oynadığı beynəlxalq platformalardan biridir.

Son illərdə Türk dövlətlərinin inteqrasiya meyllərinin artması, pandemiya ilə mübarizədə, zəlzələ və daşqınlarda, meşə yanğınlarında bir- birilərinə maddi və mənəvi dəstək vermələri, fövqəladə hallarda qardaş köməyinin əsirgənməməsi gələcəkdə daha geniş formatda birlikdən xəbər verir. Vaxtaşırı toplantılar, təlimlər keçirilməsi, hər cür hadisələrə hazır olmaq çağırışı diqqətəlayiqdir. Türk birliyinin qlobal gücə çevrilməsi artıq reallığa çevrilməkdədir. Bu fakt qloballaşan dünyada türk faktoru ilə hesablaşmağı beynəlxalq birlik üçün zəruri edəcək. Bu tarixi hədəfə tezliklə çatmaq üçün Azərbaycan və Türkiyə ilə yanaşı digər türk dövlətləri də güclü siyasi iradə nümayiş etdirməli, bütün imkanlardan maksimum istifadə olunmalıdır.

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib., Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq qonaqları salamladı. Prezident Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edərək dedi: “Hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmləndirilməsi münasibətilə təbrik edirəm. Ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən danışdı. “Tarixi ədalət zəfər çaldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük Zəfər – ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm”, - deyə Özbəkistan Prezidentinin bu amili xüsusi vurğulaması göstərir ki, qardaş türk xalqları bizimlədir və bizim qələbələrimizə ən azı bizim qədər sevinirlər. Bu da ilk növbədə ölkəmizin başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir.

Tədbirdə çıxış edən cənab Prezident İlham Əliyev demişdir: “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilmişdir. Fürsətdən istifadə edərək, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm.”

Ölkəmizin başçısı Qarabağda aparılan quruculuq işlərində dəstək olan qardaş millətlərə təşəkkürünü bildirmişdir: “Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.”

Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan türk xalqlarının birliyinin möhkəmlənməsinə və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun yüksəlməsinə bundan sonra da dəyərli töhfələr verməkdə davam edəcək.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri

Geri dön