Ana Sayfa > Özəl > Əbədiləş qəhrəman ömrü

Əbədiləş qəhrəman ömrü


6-11-2023, 09:38. Yazar: sevinc1
Əbədiləş qəhrəman ömrü

Rasim Fəttah oğlu Mirzəyev İkinci Qarabağ müharibəsində hünəri ilə tarix yazan  Azərbaycanın  minlərlə qəhrəman oğlanlardandır. Ömrü yolu  22 il çəkdi. Torpaq uğrunda can qoyub şəhidlik zirvəsinə ucalmaqla  bütöv bir  xalqın qəhrəmanlıq simvoluna çevrilən  bu Vətən sevdalısı Lənkəran rayonunun Gəgiran kəndində boya-başa  çatıb.  Uşaqlıqdan  Vətəninə sonsuz məhəbbətlə  bağlanan Rasim onun üçün yaşamağı bacardı.
Rasim Mirzəyev orta məktəbi başa vuranda onu ən çox narahat edən Qarabağın işğalı olur. Qəlbi Vətənin, torpağın  müqəddəsliyinə tapınan Lənkəran elinin  vicdanlı, qeyrətli oğlu  1998-ci ildə ordu sıralarına  yağıdan qisas almaq amalı ilə yola düşür. Xidmət etdiyi hərbi hissədə nümunəvi əsgər olmaqla doğma Azərbaycana layiqli övlad olduğunu göstərir.  Məqamı gələndə mübarizə meydanında erməni dığaların ilan başını əzməkdən ötrü  hərbi təlimlərdə fəal iştirak edir, bütün sınaqlarında uğur qazanır.
2019-cu ildə hərbi xidmətdən tərxis olunan Rasım mülki fəaliyyətə başlayır. Xeyirxah,  nəcib əməlləri ona hörmət gətirir.  Həmkəndlisi  Şəlalə adlı qızla ailə həyatı qurur. Halal ailə ocağında Asiman adında oğlan uşağı dünyaya gəlir. Günlər nə qədər xoş keçsə də, canına yağı dadanmış Qarabağımızın taleyi onu rahat buraxmır. Vətən müharibəsi başlayan gündən döyüş meydanına yollanır. İlk sarsıdıcı zərbəni düşmənə Füzulidə endirir. Daha sonra  çiyin-çiyinə vuruşduğu  əsgərlərlə  Cəbrayıl və Qubadlının azad olunması uğrunda uğurlu hücum əməliyyatında fərqlənir.  İgid əsgər 25 gün müharibə meydanında  erməni dığalarına sözün əsl mənasında qan qusdurur. Oktyabrın 19-da Qubadlı istiqamətində adsız yüksəklikdə  gedən qeyri-bərabər döyüşdə də mərdliklə vuruşur. Çoxlu sayda erməni dığasını məhv edir. Təəssüf ki, özü də gülləyə tuş gəlir. Canından artıq sevdiyi Vətən eşqi ilə döyünən ürəyi əbədi dayanır.
Şəhidin atası Fəttah kişi deyir: - Cibində gəzdirdiyi şəxsi kitabçasında iştirak etdiyi döyüşləri yazıb. Kitabçada 19 oktyabra qeydlər vardır. Həmin gündən sonra vərəqlər qeydsiz idi. Ondan bildim ki, elə həmin gün oğlum qəhrəmancasına şəhid olub. Oğlumun şəhidliyi   doğma Azərbaycana  sevgidən yarandı.  İndi təkcə mən yox, bütün xalq oğlumla fəxr edir... Vətən sağ olsun!.
Şəhidin anası Zəkiyyə xanım: “Rasim yaxşı, Vətəninə, xalqına  bağlı oğul idi.  Oğlum Vətən üçün dünyaya gəlmişdi,  onun uğrunda  canından keçməklə müqəddəsliyə qovuşdu, əbədi olaraq  tarixə çevrildi. Oğlumla fəxr edirəm”-  deyir.
Şəlalə xanım da həyat  yoldaşı Rasimdən iftixarla  danışır.  Bildirir ki,  Rasim həmişə deyirdi Vətən torpaqların  düşməni ayağı altında qalmasına dözə bilmirəm. . Bu da yalnız qeyrətli    oğlanların işidir.  Arzusu döyüşlərdə iştirak etmək idi. Arzusuna çatdı, müharibədə iştirak etdi və şəhid oldu. Yeri cənnət olsun. Fəxr edirəm, belə bir igidin həyat yoldaşıyam.
Rasim Mirzəyev  Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Cəsur döyüşçü”,  “Vətən uğrunda”, Cəbrayılın və Qubadlının azadlığına görə” medallara layiq görülüb.  
Bəli, torpağı qanı ilə Vətən edən igidlər daim qəlblərdə yaşayacaq, adları Vətənlə bir çəkiləcək.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Geri dön