Ana Sayfa > Siyasət / Özəl > Mühüm Zirvə görüşü
Mühüm Zirvə görüşü6-11-2023, 09:09. Yazar: sevinc1 |
Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Yüksək səviyyəli görüşdə TDT üzvü olan dövlətlərin başçıları çıxış edərək ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik etmişlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündəki çıxışında demişdir: “Tarixi ədalət zəfər çaldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük Zəfər – ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm”. TDT-nin müşahidə statuslu üzvü Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində xüsusi rolunu vurğuladı. Azərbaycanın uğurlarını görüş iştirakçılarının diqqətinə bir daha çatdıran Viktor Orban bildirdi: “Mən fürsətdən istifadə edərək, regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərdə və Qarabağın bərpası işlərində Prezident Əliyevə çoxlu uğurlar arzulayıram. Cənab Prezident, Sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm”. Ölkəmizin başçısı cənab İlham Əliyev çıxışında bildirdi; “Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.” Türk dövlətləri ilə Azərbaycanın bütün sahələrdə əmkdaşlığını yükəsk qiymətləndirən cənab Prezident qeyd etdi ki, Türk dövlətlərinə qoyulan sərmayə 20 milyard ABŞ dollarını ötüb keçmişdir və bunun da əsas hissəsi Türkiyənin payına düşür. Daha sonra cənab Prezident indiki şəraitdə beynəlxalq hüququn işləmədiyini və beynəlxalq normaların mütəmadi olaraq pozulduğunu qeyd edərək bunun Azərbaycana qarşı münasibətdə olan nümunələrini qeyd etdi: “Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir. Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi.” 44 günlük müharibədə Azərbaycanın tam qələbə çaldığını və Eremənistanın bundan sonra da təxribatları davam etdiridiyni bildirən ölkə başçısı nəzərə çatdırdı ki, bu da son nəticədə antiterror əməliyyatının həyata keçirilməsi ilə nəticələndi və Azərbaycan ərazi bütövlüyünü bərpa etdi: “2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir.” Cənab prezident bundan sonra da Qarabağda quruculuq işlərinin davam etdiriləcəyini, gələn il dövlət büdcəsindən bu məqsədlə 2,4 milyard manat vəsait ayrılacağnı bildirdi. Çıxışının sonunda cənab İlham Əliyev bildirdi: “Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.” Natiq Quluzadə YAP Zəngilan rayon təşkilatının sədri Geri dön |