Ana Sayfa > Siyasət / Özəl > Qələbəni rəsmiləşdirən sənəd
Qələbəni rəsmiləşdirən sənəd4-11-2023, 16:38. Yazar: sevinc1 |
10 noyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarixi günlərdən biridir. Bu gün Azərbaycan 44 günlük müharibədə qələbəsini reallaşdırdı və erməistan kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. 28 illik həsrətə son qoyuldu. Millətimiz İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır” deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi. Bu müddət ərzində digər dövlətlər təzyiq göstərməyə, bəzi sanksiyalar tətbiq etməyə çalışsalar da Azərbaycanımızın üstünlüyünü qəbul etməyə məcbur oldular. Hərbi məkanda qələbə ermənilərin yenilməz ordu mifini alt-üst etdi. Rəsmi İrəvanın uzun illər ərzində ordu haqqında bəslədiyi mif puç oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Ordusu qarşısında param-parça olan, minlərlə itki vermiş, yüzlərlə ağır texnikası, hava hücumundan müdafiə vasitələri məhv edilmiş və ya hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan dövləti 10 noyabr 2020-ci ildə Rusiya Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin imzaladığı Üçtərəfli Bəyanatla rəsmi şəkildə təslim olduğunu qəbul etdi. Bəyanata uyğun olaraq erməni işğalçıları zəbt etdikləri Laçın, Kəlbəcər və Ağdam rayonlarından verilmiş tarixə uyğun olaraq çıxdılar. İşğal altında olan rayonlarımız itkisiz, amma müharibənin yaratdığı siyasi vəziyyətə görə azad olundu. Bildirim ki, Laçın və Kəlbəcər ərazisinə görə işğal altında olan rayonların ən böyükləridir və ərazilərinin böyük hissəsi də dağlıqdır. Bu rayonların döyüşsüz işğaldan azad olunması əlavə itkilərimizin qarşısını aldı. Bəyanatın şərtlərinə uyğun olaraq rayonlarımızdan öz hərbi qüvvələrini çıxarması Ermənistanın rəsmi şəkildə işğalçı olduğunu qəbul etməsidir. Bilirsiniz ki, Ermənistan uzun müddət idi ki, torpaqların hansısa bir qondarma respublika tərəfindən işğal olunduğunu, həmin qüvvələrin onlara aid olmadığını bildirirdi. Əlbəttə, bu Bəyanatın Ermənistan tərəfindən imzalanmasının digər əhəmiyyəti odur ki, biz işğalçının hərəkətlərinə beynəlxalq hüquqi qiymət verilməsində maddi sübut kimi istifadə edə biləcəyimiz rəsmi sənəd əldə etmiş olduq. . İmzalanmış Bəyanat rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykəndiyini bir daha təsdiq etdi. Məğlub ölkənin bəzi siyasətçilərindən revanş səsləri gəlsə də, bildirim ki, bunların heç bir hərbi, siyasi, mənəvi, iqtisadi reallığı yoxdur. Çünki hərbi baxımdan tam darmadağın olublar, ölkədə inamsızlıq, acizlik hökm sürür, birlik yoxdur. Azərbaycanın hərbi qüdrətinin şahidi olan Ermənistanda hamı yaxşı başa düşür ki, onların Ordumuzun qarşısında tab gətirəcək imkanları yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, dəmir yumruq yerindədir və düşmənin başını əzməyə hər an hazırdır. Əlbəttə, Azərbaycan dövlətinin gücü, onun liderinin siyasi iradəsi bu sahədə qarşıya qoyulan məqsədlərə çatacağımızın göstəricisidir. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |