Ana Sayfa > Siyasət / Özəl > Əzəmət simvolu
Əzəmət simvolu4-11-2023, 16:19. Yazar: sevinc1 |
Dövlətçilik rəmzi olan bayraq milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Müqəddəs bayrağım, uğrunda minlərlə şəhid verən Vətənimin qürur mənbəyi, sən dalğalandıqca qəlbimi fəxarət hissləri bürüyür. Bu bir həqiqətdir ki, türk övladı Vətənini sevir, millətini sevir, bayrağını sevir... Noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncam əsasında həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Bu tarixin seçilməsinin xüsusi əhəmiyyəti var. Belə ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib və bu qərarda qeyd edib ki, "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin". Rus imperiyası 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdı. Dövlət ilhaq edilsə də, dövlətçilik ideyaları, mübarizə əzmi yaşadıldı. Xalqımız üçrəngli bayrağımızın yenidən yüksələcəyinə böyük ümid bəslədi. Ürəklərdə yaşayan üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 5 fevral 1991-ci ildə bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən dövlət rəmzi kimi təsdiq edildi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı. Dövlət başçıları səmavi kitabla birgə bayrağa da and içir, xalqa, Vətənə sadiq qalacağına söz verir. Bu, bayrağın müqəddəsliyinin təsdiqidir. Bütün dövlət himnlərində ölkənin bayrağının adı çəkilir. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir; Dövlət atributlarını bərpa edən ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin...". Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də bayrağımıza münasibətdə açıq-aydın görünür. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da dövlətçiliyə sədaqətin, yüksək ehtiramın ifadəsidir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı oldu. Dövlətimizin başçısı həmin mərasimdəki tarixi nitqində deyib: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!". Bu kəlamlar Ulu Öndərin ideyalarına sadiqlik ifadəsidir. Bu gün Dövlət bayrağımız müstəqilliyimizin rəmzi kimi BMT-nin, Avropa Şurasının, ölkəmizi başqa dövlətlərdə təmsil edən səfirliklərimizin qarşısında əzəməti ilə ucalır. Müzəffər Ali baş Komandanın 2010-cu ildə səsləndirdiyi fikirlər bu gün məhz onun sərkərdəliyi və rəhbərliyi ilə reallaşıb.Bu gün bayrağımız ölkəmizin hər yerində, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda vüqarla dalğalanır. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |