Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Azərbaycan bayrağı bu gün Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır”

Aqiyə Naxçıvanlı: “Azərbaycan bayrağı bu gün Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır”


4-11-2023, 12:18. Yazar: sevinc1
Aqiyə Naxçıvanlı: “Azərbaycan bayrağı bu gün Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır”

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Dövlət bayrağının milli birliyimizi formalaşdıran əsas amillərdən biri olduğunu vurğulayaraq belə demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Bu qərar Dövlət bayrağına göstərilən yüksək ehtiramın ən bariz təzahürüdür. Azərbaycan bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyini, bütün dünya azərbaycanlılarının vahid məfkurə ətrafında sıx birləşməsini təmin edən əsas amillərindən biridir. Xalqın və dövlətin ən müqəddəs rəmzlərdən biri olan bayraq millətin mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının nümayişidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Öz fikirlərini davam etdirən deputat qeyd edib ki, Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır: “Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində qaldırıldı. Həmin bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik idi. Respublikamızın bolşevik rusiyası tərəfindən işğalı və AXC-nin süqutundan sonra bayraq da öz statusunu itirdi. Bu hadisələrdən 70 il sonra müqəddəs üçrəngli bayrağımız yenidən Naxçıvanda qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Bundan sonra Muxtar Respublikanın Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmış, 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.”

Daha sonra A.Naxçıvanlı xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycanın Dövlət bayrağının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda dalğalanması xalqımızın birliyinin, dövlətimizin gücünün göstəricisidir: “Ümummilli Lider Heydər Əliyev öz tarixi çıxışlarından birində demişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.” Belə də oldu. Azərbaycan xalqı öz müqəddəs bayrağı altında və öz müdrik Prezidentinin ətrafında sıx birləşərək üç il bundan öncə Ulu Öndərin ən böyük vəsiyyətinə əməl etdi, Vətən torpaqlarını düşməndən təmizlədi. 30 ilə yaxın müddət ərzində erməni işğalı səbəbindən torpaqlarımızın 20 faizi müqəddəs bayrağımızın həsrətini çəkirdi. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində buna son qoyuldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz cəmi 44 günə işğal altında olan əraziləri düşməndən addım-addım təmizləyərək hər kənddə, hər şəhərdə üçrəngli bayrağımızı ucaltdı. Bu tarixi Qələbə milli birliyimizin, həmrəyliyimizin sayəsində əldə olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı. Dövlətimizin başçısı həmin gün hərbçilərlə keçirdiyi görüşdə belə demişdir: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”. Bu ilin 15 oktyabr tarixində isə Xankəndi şəhərində müqəddəs bayrağımızı ucaldan cənab Prezident İlham Əliyev artıq ölkəmizin bütün ərazisində dövlətin konstitusiya quruluşunun təmin edildiyi və Azərbaycanın suverenliyinin tam bərpa olunduğu barədə bütün dünyaya öz mesajını göndərdi. Möhtərəm dövlət başçımız azad olunmuş bütün ərazilərimizdə Dövlət bayrağını şəxsən dalğalandırmaqla bizim bu torpaqlara qayıdışımızın əbədi olduğunu bir daha bütün dünyaya bəyan etmiş oldu” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.







Geri dön