Ana Sayfa > Özəl > İrasət Zahidov: “Ali Baş Komandan cənab İlham Əliyev iki əsr davam edən erməni təxribatlarına birdəfəlik son qoydu”
İrasət Zahidov: “Ali Baş Komandan cənab İlham Əliyev iki əsr davam edən erməni təxribatlarına birdəfəlik son qoydu”30-10-2023, 18:00. Yazar: sevinc1 |
“Ermənilərin Azərbaycana qarşı düşmənçilik siyasəti 200 ildən çoxdur ki, davam edir. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər törədilmiş erməni təxribatlarının sayı-hesabı yoxdur. Bu tayfanın mənsubları torpaqlarımızda məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı dövrlərdə, Sovet dönəmində və müstəqillik illərində də davam etmişdir. Lakin 2020-ci ilin sentyabr-noyabr aylarında artıq bütün bu haqsızlıqlara birdəfəlik son qoyuldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan ordusu erməni faşizminin başını əzdi və bütün şəhidlərimizin qisasını döyüş meydanında düşməndən aldı.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağdaş rayon komitəsinin sədri İrasət Zahidov deyib. Müsahibimiz bildirib ki, Şuşanın azad edilməsi Azərbaycanın 2020-ci il 27 sentyabr tarixində başlamağa məcbur qaldığı Vətən müharibəsinin gedişində ən vacib qələbələrdən biridir: “Bu gün Azərbaycan öz qədim və şərəfli tarixinin ən möhtəşəm, ən şanlı günlərindən birini – Zəfər Gününü böyük coşqu ilə qeyd edir. Bir il bundan öncə, 2020-ci il noyabr ayının 8-də Vətən müharibəsinin gedişində Azərbaycanın tarixən mədəniyyət mərkəzi olmuş, bu gün isə artıq rəsmən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyət paytaxtı elan olunmuş qədim Şuşa şəhəri rəşadətli ordumuz tərəfindən erməni işğalından azad edildi. Xatırlamaq yerinə düşər ki, 1992-ci ilin may ayının 8-də məhz Şuşanı ələ keçirməklə Ermənistanın işğalçı silahlı qüvvələri qondarma “Dağlıq Qarabağ”ın işğalını başa çatdırmışdılar. Həmin hadisədən 28 il sonra isə Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə “Dağlıq Qarabağ” münaqişəsinə və ümumiyyətlə belə bir inzibati ərazi vahidi adının mövcudluğuna son qoydu. Şuşanın azad olunmasından iki gün sonra, noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyannamə ilə təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik son qoyuldu. Bir vaxtlar mövcud olmuş “Dağlıq Qarabağ” üçün ermənilər və onların havadarları tərəfindən ölkəmizə qarşı tələb kimi irəli sürülən status iddiaları tarixin zibilliyinə atıldı. Həqiqətən də Şuşanın azad edilməsi Vətən müharibəsinin gedişində ən vacib qələbələrdən biridir. İlk növbədə nəzərə almaq lazımdır ki, Şuşa və ətrafındakı dağlıq ərazi yerləşdiyi bölgədə strateji cəhətdən ən əhəmiyyətli yerlərdən biridir və şəhər özü bu ərazilərin müdafiəsində kilid nöqtəsi rolunu oynayır. Həmçinin Şuşa Laçın dəhlizini bilavasitə nəzarətdə saxlamaq imkanı verir. Məhz Şuşanın Azərbaycan Ordusunun nəzarətinə keçməsindən sonra erməni hərbçiləri arasında ruhsuzluq və fərarilik halları özünün pik həddinə çatdı. Şuşanın azad olunmasından dərhal sonra, noyabrın 9-da Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsinin və strateji əhəmiyyətli yüksəkliklərin ildırım sürətilə azad edilməsi isə düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Ermənistanın baş naziri Nikol Paşinyan iki gün sonra, noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə birgə bəyanat imzalamağa məcbur oldu. Faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan bu sənədin imzalanması ilə Azərbaycan ərazilərinin 30 il ərzində davam edən işğalına son qoyuldu, münaqişə başa çatdı.” Daha sonra İrasət Zahidov Ermənistanın törətdiyi hərbi cinayətlərdən danışaraq bunları deyib: “Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. İşğal dövründə bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Rəsmi İrəvan bütün bu cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır. Bütün bunlar azmış kimi, Ermənistan hətta Vətən müharibəsindən sonra da ölkəmizə qarşı düşmnçilik siyasətini və təxribat- diversiya əməllərini davam etdirib. 10 noyabr Bəyanatının müddəalarına zidd olaraq Ermənistan öz hərbi hissələrini Azərbaycan torpaqlarından çıxarmamış, 23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulana qədər onların silah-sursatla təminatını həyata keçirmişdir. Bu hərbi birləşmələrin diversiya qrupları tərəfindən Qarabağ bölgəsində çox sayda minaların müxtəlif yerlərdə basdırılması təmin edilmişdir. Məhz bütün bu cinayətlərin qarşısını birdəfəlik almaq üçün 19 sentyabr tarixində Azərbaycan öz legitim hüququndan istifadə edərək Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə antiterror əməliyyatına başladı. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir. Sentyabrın 20-də xalqa müraciət edən Ölkə Prezidenti cənab İlham Əliyev antiterror tədbirinin nəticəsində Azərbaycanın öz suverenliyini bərpa etdiyini bəyan etdi.” Bu sözlərlə İrasət Zahidov saytımıza verdiyi müsahibəsini yekunlaşdırıb. Geri dön |