Ana Sayfa > Təhsil > Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi

Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi


2-11-2023, 09:17. Yazar: sevinc1
Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi

Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər.

Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı.

Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. Bir sıra beynəlxalq təşkilatlar və Azərbaycana dost ölkələr ədalətli mübarizəmizdə ölkəmizə böyük dəstək verdilər. Bu sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, qardaş Türkiyə, eləcə də Pakistan, İsrail, Ukrayna və digər ölkələrin adını çəkmək olar. Qoşulmama Hərəkatına üzv ölkələrin nümayiş etdirdikləri prinsipial mövqe sayəsində Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə zidd olan qətnamə layihəsinin qəbul edilməsinin qarşısı alındı.

Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Böyük qələbənin rəmzi olan və Şuşaya çəkilən Zəfər yolu başa çatıb. Şuşada, Cıdır düzündə 27 ildən sonra ilk Novruz tonqalının alovlandırılması, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin təşkili, Prezident İlham Əliyevin Qarabağın hava qapısı adlandırdığı Füzuli Beynəlxalq Aeroportunun uçuş-eniş zolağının istifadəyə verilməsi, Zəngilanda “ağıllı kənd”in inşası keçmiş məcburi köçkünlərin tam olaraq doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığını göstərir.

Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.

Onu da qeyd etmək yerinə düşər ki, dürüst gənclər siyasəti yürüdən Prezident İlham Əliyevin idarəçiliyi dövründə yetişən vətənpərvər gənclərin fədakarlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Cəmiyyətə yararlı, geniş dünyagörüşə malik, vətənpərvər vətəndaşların yetişdirilməsi müəllimlərin vəzifəsidir. Bu müstəvidə görülən işlərə töhfə verdiyimə görə özümü şanslı sayıram.

Rüstəmova Aynur,
Məktəb Lisey Kompleksi İngilis dili muəllimi
aia.az

Geri dön