Ana Sayfa > Özəl > Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz xalqımıza ZƏFƏR yaşatdı

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz xalqımıza ZƏFƏR yaşatdı


1-11-2023, 20:58. Yazar: sevinc1
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz xalqımıza ZƏFƏR yaşatdı

Dövlətçiliyimizin ən şərəfli səhifəsi olan, xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılan Zəfər Gününü - ədalətin bərpa edilməsini, birliyimizin təntənəsini sonsuz sevinc və məhəbbət hissilə qeyd edirik. Ölkəmizin dörd bir yanında üçrəngli müqəddəs bayraqlarımız daha əzəmətlə dalğalanır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə təcavüzkar düşmən döyüş meydanında darmadağın edilib, əzəli yurd yerlərimiz, işğal altında olan torpaqlarımız öz sahiblərinə qaytarılıb, ərazi bütövlüyümüz təmin olunub.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Hərbi qüdrətini nümayiş etdirən Azərbaycan dövləti beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsinin, uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail olub. Beynəlxalq təzyiqləri layiqincə dəf edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev erməni faşizminə qarşı Vətən müharibəsində şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik etdiyi kimi, diplomatiya, informasiya və siyasi fəaliyyət yönlərində də misilsiz tarixi nailiyyətlərə imza atıb. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Prezident İlham Əliyev Azərbaycana qarşı informasiya blokadasını yarıb, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr verib. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur - beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınıb. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəlib. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olub.
XXI əsrin müharibəsini aparan Azərbaycan 44 günlük savaşın hər gününü qələbə ilə başa vurub. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Bu məqamlarda ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Dövlətimizin başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Prezident İlham Əliyevin xalqa müraciətlərində düşmən tərəfə ünvanladığı mesajlar bu gün əhalinin dilində əzbərə çevrilib. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi.
2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək rəşadətli Ordumuz tərəfindən əks hücum əməliyyatı nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Ermənistana məcburi qaydada, tam və qeyd şərtsiz kapitulyasiya aktını imzaladan Azərbaycan bir güllə atmadan, bir şəhid vermədən Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad edib. 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyulub. Qazanılan Qələbə ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, sarsılmaz birliyinin və vəhdətinin bariz nümunəsidir. Rəşadətli Azərbaycan Ordusunun döyüş meydanlarında göstərdiyi inanılmaz hərbi qələbələri dünyanı heyran qoyub. Yüksək peşəkarlıqla reallaşdırılan hərbi manevrlər, ən müasir döyüş taktikası dünya üçün bir nümunəyə çevrilib, dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.
Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qardaş Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın yanında olması, Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstəyi gücümüzə güc qatıb. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir. Türkiyə Prezidenti ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verib. Qarabağ zəfəri sayəsində dünya iki qardaş ölkənin bir-birinə necə cani dildən bağlı olduğunun şahidi olub. Dost və qardaş Pakistan dövləti ölkəmizə hər cür kömək etməyə hazır olduğunu bildirib, digər tərəfdaş dövlətlər haqq işimizi müdafiə ediblər.

Qələbələrimizin əsas möhürü isə qədim mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin fəth edilməsi olub. Rəşadətli Azərbaycan Ordusu düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini - qürurumuz, qeyrət və mənliyimizin simvolu olan, 28 il həsrət qaldığımız qədim Şuşamızı öz canı və qanı bahasına noyabrın 8-də əbədi olaraq düşmən caynağından xilas edib. Həmin gün Şuşanın alınması münasibətilə xalqımızı təbrik edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib ki, iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!
2020-ci il 10 noyabr tarixində Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin Azərbaycanın Qələbəsini rəsmiləşdirən Üçtərəfli Bəyanatı uzun illər davam edən işğala son qoydu. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun, müqəddəs, ölməz şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, xalqımızın birliyi hesabına qazanılan parlaq Qələbə müasir müstəqil güclü Azərbaycan dövlətinin hərbi qüdrətinin əyani təsdiqidir və Azərbaycan övladlarının qəhrəmanlığı və şücaəti əsl vətənpərvərlik nümunəsidir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü

Geri dön