Ana Sayfa > Siyasət / Özəl > Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoydu

Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoydu


1-11-2023, 17:49. Yazar: sevinc1
Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoydu

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə məhz 8 noyabr tarixinin respublikamızda Zəfər Günü kimi qeyd olunması II Qarabağ savaşında tarixi Qələbənin əldə olunmasında Şuşanın işğaldan azad olunmasının ən önəmli amil kimi çıxış etdiyini bir daha vurğulayır. Şanlı Azərbaycan Ordusu qədim Şuşa şəhərini düşmənin işğalından azad etməklə Ermənistanı kapitulyasiya etmək məcburiyyəti qarşısında qoydu.
Şuşanın işğaldan azad edilməsi həm strateji baxımdan, həm də daşıdığı mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb edir. Şuşaya nəzarət etmək Xankəndiyə və bir çox digər yaşayış məntəqələrinə nəzarət etmək deməkdir. Əlbəttə, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı bu ədalətli Vətən müharibəsinin sonu elə hərbi əməliyyatların başlandığı ilk gündən heç kimdə şübhə doğurmurdu. Ali Baş Komandan cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə demişdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə olaraq xalqımızın sülhsevərliyi, möhtərəm dövlət başçımızın insanpərvərliyi qarşı tərəfə münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan sonadək yararlanmaq şansı verdi. Lakin münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Beynəlxalq qətnamələr kağız üzərində qaldı. Yalnız Azərbaycan məsuliyyətli ölkə olaraq daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Erməni qəsbkarları isə bu müddət ərzində xalqımıza qarşı olmazın qanlı cinayətlər törətdilər. Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Beynəlxalq təşkilatların bütün səyləri münaqişənin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi.
Uzun illər ərzində formalaşmış cəzasızlıq mühiti, havadarlarının dəstəyi artıq ermənilərin özlərini də hansısa güc sahibi olduqlarına inandırmışdı. Eyni zamanda da erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Son bir neçə ildə isə ermənilər mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız gözəl bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq.
2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularla yanaşı 11 dinc sakinin, o cümlədən 2 uşağın ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu. Xatırlamaq yerinə düşər ki, 1992-ci ilin may ayının 8-də məhz Şuşanı ələ keçirməklə Ermənistanın işğalçı silahlı qüvvələri keçmiş Dağlıq Qarabağın işğalını başa çatdırmışdılar. Həmin hadisədən 28 il sonra isə, Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə “Dağlıq Qarabağ münaqişəsi”nə və ümumiyyətlə belə bir inzibati ərazi vahidi adının mövcudluğuna son qoydu.
Bu gün müstəqil dövlətimiz özünün ən şanlı dövrünü yaşayır. 19 sentyabr 2023-cü il tarixində keçirdiyi antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağda məskunlaşmış separatizmin kökünü birdəfəlik kəsməklə ölkənin bütün ərazisində öz suverenliyini tam bərpa etdi. Qondarma rejimin cinayətkar liderləri Bakıya gətirilərək məsuliyyətə cəlb edildilər. Azərbaycan bir daha sübut etdi ki, tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Dünya ictimaiyyəti, regionda maraqlı olan dövlətlər və beynəlxalq təşkilatlar da artıq belə bir həqiqəti qəbul edirlər ki, Cənubi Qafqazda sülh və əmin-amanlığın təmini, transmilli enerji və logistik layihələrin reallaşması yalnız Azərbaycanın iştirakı ilə mümkündür.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri

Geri dön