Ana Sayfa > Siyasət / Özəl > Gülər Sultanzadə: “Kanada əsrlər boyunca soyqırımlarına məruz qoyulan yerli xalqların, hinduların hüquqlarının bərpası barədə düşünməlidir”

Gülər Sultanzadə: “Kanada əsrlər boyunca soyqırımlarına məruz qoyulan yerli xalqların, hinduların hüquqlarının bərpası barədə düşünməlidir”


1-11-2023, 15:18. Yazar: sevinc1
Gülər Sultanzadə: “Kanada əsrlər boyunca soyqırımlarına məruz qoyulan yerli xalqların, hinduların hüquqlarının bərpası barədə düşünməlidir”

“Bəzi Qərb dairələri ölkəmizə qarşı təxribat cəhdlərini hələ də davam etdirməkdədirlər. O cümlədən, son vaxtlar Azərbaycan əleyhinə müxtəlif ittiham və bəyanatlar səsləndirməklə ermənipərəst qüvvələrə xidməət edən siyasətçilərdən biri də bu günlərdə Ermənistanda rəsmi səfərdə olmuş Kanada xarici işlər naziri Melani Colidir. Maraqlıdır, görəsən xanım Coli Azərbaycana qarşı “etnik dözümsüzlük” və yaxud da “deportasiya” kimi absurd ittihamlar irəli sürərkən özünün təməli birbaşa yerli aborigen xalqların soyqırımları üzərində qurulmuş bir dövlətin vətəndaşı və belə bir ölkənin hökumətinin üzvü olması ilə bağlı hansısa bir narahatlıq hissi keçirirmi? Əlbəttə ki, Kanadanın fransız kökənləri olan nazirinin kütləvi qırğınlar barədə kifayət qədər deməyə sözü olacaq. Sadəcə olaraq Kanadanın özünə qarşı səsləndirilməli olan bir çox ittihamları, o cümlədən entik dözümsüzlüyə dair ittihamları hansısa digər bir ölkəyə qarşı yönləndirmək tələb olunur. Belə riyakarlıq isə, təəssüflər olsun ki, artıq çoxdan əksər Qərb siyasi dairələri üçün normal davranış qaydasına çevrilib.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının fəal üzvü Gülər Sultanzadə deyib.

Fikirlərini davam etdirən partiya fəalı həmçinin bildirib ki, Kanada xarici işlər nazirinin Azərbaycana qarşı səsləndirdiyi bəyanatlar böyük ehtimalla ABŞ-dakı müəyyən dairələr tərəfindən sifariş olunmuşdur: “ABŞ artıq bir neçə müddətdir ki, Kanada, Litva və bəzi digər proksiləri vasitəsi ilə Azərbaycana təzyiq etməyə çalışır. O cümlədən, Kanada xarici işlər naziri Melani Colinin Ermənistana səfəri çərçivəsində Ermənistan-Azərbaycan sərhəddində döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi, sonradan ölkəmizə qarşı absurd ittihamlarla çıxış etməsi və Bakını hansısa sanksiyalarla hədələməsi də böyük ehtimalla məhz ABŞ-da hazırlanmış senari əsasında qurulan bir tamaşadır. Çünki Kanada xarici siyasət departamentinin nominal rəhbərinin ya Azərbaycan, ya da Ermənistan barədə hansısa bilgilərə malik olduğu inandırıcı səslənmir. Əgər belə olsaydı, xanım Coli ən azından ölkəsinin urana olan tələbatının məhz Azərbaycan üzərindən ödənildiyindən xəbərdar olardı və öz məsuliyyətsiz bəyanatları ilə bu tədarükü böyük risk altına atdığını anlayardı. Azərbaycan artıq çoxdan haqsız iradlara və təhdidlərə susacaq bir ölkə olmadığını bütün dünyaya nümayiş etdirib. Əgər Kanada nəyisə nəzərdən qaçırıbsa, Bakı istər elə həmin uranın tranzit ixracını dayandırmaqla, istərsə də ölkəmizdə Kanada şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaqla “sanksiyalar” mövzusunda Ottava ilə müzakirələrə başlaya bilər.”

Daha sonra müsahibimiz Kanadanın Azərbaycanı nədəsə ittiham etməyə heç bir hüquqi və mənəvi haqqı olmayan ölkə olduğunu vurğulayaraq bunları deyib: “Kanadanın Kamlups şəhərindəki hindu uşaqları üçün olan internat məktəbində adsız məzarlıqda 215 uşağın dəfn olunduğu, ümumilikdə 1831-1996-cı illərdə ölkə ərazisində fəaliyyət göstərən bu tip internat məktəblərində 150 minə yaxın hindu uşağının evlərindən və ailələrindən güclə ayrıldığı, bu uşaqlardan bir çoxunun fiziki və cinsi istimara, təcavüzə və yetərsiz qidalanmaya məruz qalmaları, bəzilərinin isə üzərilərində keçirilən tibbi sınaqlar səbəbindən ölmələri barədə məlumatlar neçə müddətdir ki, dünya mediasında kifayət qədər işıqlandırılan mövzulardır. Melanı Colinin təmsil etdiyi Kanada hökumətinin birinci şəxsi, ölkənin baş naziri isə cəmi iki il bundan öncə ölkə tarixinin ən böyük uşaq istismarı hadisəsinin 2010-2015-ci illərdə fəaliyyət göstərmiş kilsədə baş verdiyini özü rəsmən etiraf edib və bütün bu cinayətlərə görə məsuliyyəti bu ölkədən 8000 kilometr məsafədə yerləşən Vatikanın daşıdığını və onların üzr istəməsinin vacibliyini bildirib. Təsəvvür edin, öz hüdudları daxilində öz vətəndaşlarına, həm də uşaqlara qarşı törədilən cinayətlərə görə məsuliyyət daşımaqdan imtina edən bir ölkənin naziri Azərbaycanı entik dözümsüzlükdə ittiham etməyə çalışır. Yaxşı olardı ki, Kanada ilk növbədə öz daxili problemlərini həll etsin və əsrlər boyunca soyqırımlarına, etnik təmizləmələrə məruz qoyulan yerli xalqların, hinduların hüquqlarının bərpası barədə düşünsün” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.
Geri dön