Ana Sayfa > Seçki 2024 > Etibar Niftəliyev: “Ali Baş Komandan bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz”

Etibar Niftəliyev: “Ali Baş Komandan bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz”


30-10-2023, 09:30. Yazar: sevinc1
Etibar Niftəliyev: “Ali Baş Komandan bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycanla təhdid dilində danışmaq olmaz”

“8 noyabr Azərbaycan xalqının qan yaddaşına şərəfli tariximizin ən önəmli və əlamətdar günlərindən biri kimi əbədi həkk olunub. 2020-ci ilin məhz bu günü şanlı Azərbaycan Ordusu qədim Şuşa şəhərini düşmənin işğalından azad etməklə Ermənistanı kapitulyasiya etmək məcburiyyəti qarşısında qoydu. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə məhz bu günün respublikamızda Zəfər Günü kimi qeyd olunması da 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixi Qələbəsilə başa çatmasında Şuşanın işğaldan azad olunmasının ən önəmli faktor kimi çıxış etdiyini bir daha vurğulayır.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Zərdab rayon komitəsinin sədri Etibar Niftəliyev deyib.

Müsahibimiz Şuşanın işğaldan azad edilməsinin bir tərəfdən hərbi əməliyyatların gedişinə təsiri nəzərə alınaraq strateji baxımdan, digər tərəfdən isə daşıdığı siyasi-mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: “Şuşa Qarabağın dağlıq ərazilərini nəzarətdə saxlamaq baxımından tutduğu coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət kəsb edir. Şuşaya nəzarət etmək Xankəndinə və bir çox digər yaşayış məntəqələrinə nəzarət etmək deməkdir. Əlbəttə, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı bu ədalətli Vətən müharibəsinin sonu elə hərbi əməliyyatların başlandığı ilk gündən heç kimdə şübhə doğurmurdu. Ali Baş Komandan cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə demişdi ki, Azərbaycanın qüdrətli ordusu var və bu ordu öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Sadəcə olaraq xalqımızın sülhsevərliyi, möhtərəm dövlət başçımızın insanpərvərliyi qarşı tərəfə münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanlardan sonadək yararlanmaq şansı verdi. Lakin bizi düzgün başa düşmədilər. Bizi aciz bildilər. Hətta başqa ərazilərimizə də göz dikdilər. Nəhayət Azərbaycan xalqının da səbri tükəndi. Və budur, ermənilərin beş il ərzində işğal etdikləri, otuz il ərzində hərbi-mühəndis qurğuları ilə, güclü istehkamlarla möhkəmləndirdikləri ərazilər 44 gün ərzində Azərbaycan Ordusu tərəfindən ardıcıl azad edildi. Düşmən torpaqlarımızdan qovuldu! 2020-ci il noyabr ayının 10-da Ermənistan faktiki olaraq özünün kapitulyasiya aktına imza atdı. Bu möhtəşəm Qələbə bütün dünyaya Azərbaycan xalqının öz Prezidentinin ətrafında bir yumruq kimi necə sıx birləşdiyini, bu birliyin qarşısında heç bir qüvvənin dura bilməyəcəyini bir daha göstərmiş oldu.”

Həmçinin Etibar Niftəliyev xüsusi olaraq vurğulayıb ki, ötən əsrin sonlarında başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “böyük Ermənistan” adlı utopik ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir: “Heç bir şübhə yoxdur ki, bir çox dünya gücləri bu münaqişənin ədalətli həllundə maraqlı deyildilər. İşğalının 30 ilə yaxın müddət ərzində davam etməsində də Ermənistanın xaricdəki havadarlarının və ikili standartlar siyasəti yürüdən bir çox beynəlxalq təşkilatların müstəsna rolu olub. Həmin dövrdə gedən proseslərin əslində münaqişənin həllinə yönəlmədiyi bu gün daha qabarıq formada özünü göstərir. Bütün bu illər ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. Keçmiş Minsk Qrupu 29 illik fəaliyyəti ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdı və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qaldı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdı. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışdırmaq, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirmək üçün var qüvvələri ilə çalışdılar. İşğalın davam etdiyi illər ərzində nə qədər sülh danışıqları aparılsa da, beynəlxalq təşkilatların vasitəçilik fəaliyyətlərində zaman-zaman müəyyən format dəyişiklikləri müşahidə olunsa da torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun hərbi yol olduğu getdikcə özünü daha qabarıq şəkildə büruzə verməkdə idi. Buna görə də möhtərəm dövlət başçımız bizim hazırlaşmalı olduğumuzu heç zaman gizlətməyib. Bütün bu illər ərzində Azərbaycan Prezidenti daim deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, biz müharibə yolu ilə bunu həll edəcəyik. Buna görə də dövlətimizin başçısı tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğala öz gücünə son qoymaq iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. Azərbaycana qarşı təxribatlar davam etdirildi. Məhz buna görə erməni işğalına son qoymaq üçün hərbi əməliyyatların başlanması yeganə mümkün variant, tarixi zərurət idi. Eynilə bu ilin sentyabr ayının 19-da Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbiri də zərurətdən doğan bir hal idi. Ermənistan 10 noyabr Bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmir, Azərbaycan ərazilərindən öz hərbi birləşmələrini çıxarmır, ölkəmizə qarşı diversiyaları davam etdirirdi. Məhz bütün bunlara Azərbaycan 24 saatdan da az davam edən bir antiterror əməliyyatı ilə həmişəlik son qoydu və özünün suverenliyini artıq tam bərpa etdi” – deyə, Etibar Niftəliyev fikirlərini bitirib.
Geri dön