Ana Sayfa > Özəl > Əli Sadıqov: “Prezident İlham Əliyevin siyasi strategiyası bizi yeni Zəfərlərə doğru aparır”

Əli Sadıqov: “Prezident İlham Əliyevin siyasi strategiyası bizi yeni Zəfərlərə doğru aparır”


30-10-2023, 11:38. Yazar: sevinc1
Əli Sadıqov: “Prezident İlham Əliyevin siyasi strategiyası bizi yeni Zəfərlərə doğru aparır”

“Bu gün Heydər Əliyev siyasi kursu, Ulu Öndərimizin əsasını qoyduğu islahatlar ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə cavab verən yeni kontekstdə uğurla davam etdirilir. Bunun nəticəsi olaraq Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Məhz dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan üç il bundan öncə özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa olundu. Vətən müharibəsinin nəticələri olaraq Cənubi Qafqazda yaranmış yeni reallıqlar həm Azərbaycan üçün, həm də digər region ölkələri və qonşu dövlətlər üçün daha geniş inkişaf perspektivləri açdı və məhz Azərbaycan bu reallıqların müəllifidir.”

Bunları saytımıza verdiyi açıqlamasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Füzuli rayon komitəsinin sədri Əli Sadıqov deyib.

Müsahibimiz qeyd edib ki, erməni işğalına son qoymaq üçün hərbi əməliyyatların başlanması 2020-ci ilin sentyabrından hələ çox əvvəl artıq tarixi zərurət kimi ortaya çıxmışdı: “Münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqlar heç bir nəticə vermirdi. Bu müddət ərzində erməni qəsbkarları xalqımıza qarşı olmazın qanlı cinayətlər törətdilər. Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Beynəlxalq təşkilatların bütün səyləri münaqişənin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi. Eyni zamanda da erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Cəzasızlıq mühiti, havadarlarının dəstəyi artıq ermənilərin özlərini də hansısa güc sahibi olduqlarına inandırmışdı. Son bir neçə ildə isə ermənilər mütəmadi olaraq bütün sərhəd boyunca atəşkəsi pozur, mövqelərimizi və yaşayış məntəqələrini atəşə tuturdular. Lakin cənab Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız gözəl bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq. Və bu gün gəldi, 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutduqdan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycan düşmən təxribatına son qoymaq və özünün ərazi bütövlüyünü bərpa etmək məqsədilə hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmiş oldu.”

Həmçinin Əli Sadıqov Vətən müharibəsinin gedişində Şuşanın azad olunmasının həlledici məqamlardan biri olduğunu vurğulayaraq bunları deyib: “Sözsüz ki, 44 günlük Vətən müharibəsinin gedişində Şanlı Azərbaycan Ordusu çox sayda önəmli qələbələr əldə edib. Lakin bu qələbələrin sırasında məhz Şuşa şəhərinin azad olunması xüsusi yer tutur. 2020-ci il noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlar sırasında yer aldı. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.”

Sonda Əli Sadıqov bildirib ki, bu gün Qarabağda gedən quruculuq prosesi bütün vətəndaşların, o cümlədən bölgənin erməni millətindən olan sakinlərinin də rifah içərisində yaşamaları üçün aparılır: “Təəssüflər olsun ki, Ermənistan müharibədən sonra keçən üç il ərzində də bölgədə sülhə nail olmaq üçün heç bir konstruktiv addım atmadı. Əksinə, daxili revanşist ruhlu qüvvələrin və xarici təhrikçilərin təsiri altında olan rəsmi İrəvan ölkəmizə qarşı həm siyasi müstəvidə təxribatlarını, həm də silahlı diversiyalarını davam etdirdi. 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın tələblərinə zidd olaraq ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin birləşmələri çıxarılmadı. Azərbaycan Qarabağda özünün konstitusiya quruluşunu bərpa etmək üçün daha 30 il gözləyə bilməzdi. Buna görə də sentyabrın 19-da cənab Ali Baş komandanın əmri ilə lokal antiterror tədbirinə başlandı. Cəmi bir gün çəkən bu əməliyyat bölgədə separatizmin kökünü birdəfəlik kəsdi. Azərbaycanın suverenliyi tam təmin edildi. Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda həyatı yenidən dirçəldir. Təbii ki, bölgənin Azərbaycan vətəndaşları olan erməni sakinləri də yaradılan şəraitdən hamı kimi yararlana biləcəklər. Onlar üçün əslində indiyədək xəyal belə etmədikləri imkanlar açılır. Möhtərəm dövlət başçımız öz çıxışında bir daha bəyan etdi ki, Qarabağın erməni əhalisinin hüquqları, o cümlədən onların dini, təhsil, mədəni, bələdiyyə hüquqları - beynəlxalq konvensiyalara uyğun olaraq təmin ediləcək” – deyə, Əli Sadıqov müsahibəsini sona çatdırıb.
Geri dön