Ana Sayfa > Seçki 2024 > Qasım Qasımov: "Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla yerinə yetirdi"

Qasım Qasımov: "Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla yerinə yetirdi"


29-10-2023, 15:00. Yazar: sevinc1
Qasım Qasımov: "Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla yerinə yetirdi"

“Ölkənin hərbi qüdrətinin durmadan artması Azərbaycanda həyata keçirilən uğurlu ordu quruculuğu işinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri düz üç il bundan öncə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla yerinə yetirdi. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan asılılığın müəyyən dərəcədə azaldılması məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci il tarixində başladığı və cəmi 44 günə tarixi Qələbə əldə etməklə başa vurduğu Vətən müharibəsinin nəticələri ilə sübut etdi ki, Cənubi Qafqazın ən güclü ordusudur.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi, YAP İmişli Rayon Təşkilatının üzvü Qasım Qasımov deyib.

Tarixi Qələbəmizin üç illiyi münasibətilə öz fikirlərini paylaşan müsahibimiz belə bir məqamı xüssusi vurğulayıb ki, işğal dövrü ərzində vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilatların əsil məqsədləri münaqişəni qeyri-müəyyən müddətə dondurmaq və Azərbaycanı ərazilərinin itkisi faktı ilə barışdırmaq olub: “Əslində II Qarabağ müharibəsinin başlanması artıq çoxdan tarixi zərurət kimi öz təzahürlərini göstərməkdə idi. Bununla belə Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, əlbəttə ki, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Bu da məlumdur ki, sülh danışıqları əslində məhz Ermənistana verilmiş bir şans idi. Lakin onlar bu şansdan yararlana bilmədilər. Azərbaycan isə əlbəttə ki, daha 30 il gözləyə bilməzdi. Həm də bu gözləntilərin nəticə etibarı ilə bizə heç bir xeyri olmayacağı da artıq məlum idi. Bütün bu illər ərzində sülh yolu ilə münaqişənin həlli imkanları qəsdən, süni şəkildə tükədilirdi. Həm də bu proses mərhələli şəkildə həyata keçirilirdi ki, işğalın baş verməsindən mümkün qədər çox müddət keçsin. Ermənistana havadarlıq edən dünya gücləri ümid edirdilər ki, Azərbaycan gec-tez işğal faktı ilə, ərazilərinin itirilməsilə barışacaq və bunun üçün çalışırdılar. Gedən danışıqlar da, təklif olunan variantlar da birmənalı olaraq vaxtı mümkün qədər uzatmaq məqsədi güdürdü. Təbii ki, belə münasibət işğal altında olan Qarabağda yaradılmış separatçı rejimin azğınlaşmasına yol açırdı. Bu rejimin cinayətkar başçıları artıq açıq-aşkar bəyan edirdilər ki, onlar üçün Ermənistanla Azərbaycan arasındakı məlum paketlər və danışıqlar qətiyyən qəbuledilməzdir. İkinci bir tərəfdən də Ermənistan özü artıq 2019-cu ildən vəziyyəti daha da gərginləşdirmək üçün əlindən gələni edirdi. Məsələn, həmin ilin avqust ayında Qarabağın işğal olunmuş ərazisinə səfəri zamanı Paşinyan, “Qarabağ – Ermənistandır və nöqtə” tipli populist bir cümlə söyləmişdi. Əlbəttə ki, bütün bunlar sülh danışıqları üçün siyasi müstəvini demək olar ki, tamamilə bağlamışdı. 2020-ci ilin iyul ayının 12-də Ermənistanın silahlı qüvvələri artilleriya və iriçaplı silahların köməyilə Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan silahli qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücuma keçməklə bizə irimiqyaslı hərbi əməliyyatlra başlamaq üçün tam əsas vermişdilər. Sözügedən hücum nəticəsində Azərbaycanın 11 hərbçisi həlak olmuş, bir neçəsi yaralanmış, həmçinin dinc sakinlər həyatlarını itirmiş, mülki obyektlərə, kəndlilərin evlərinə və xəstəxana binasına ciddi zərər yetirilmişdi. Əlbəttə, o zaman da biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Vətən müharibəsi də bunu göstərdi. Lakin dövlət başçısı yenə də siyasi iradə nümayiş etdirərək buna imkan vermədi. Çünki bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Nəhayət 2020-ci il sentyabr ayının 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdular. Bu, Azərbycanın səbr kasasını daşdıran son damla oldu. Həmin gün Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə erməni təxribatlarına son qoymaq və torpaqlarımızı işğaldan azad etmək üçün bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin gedişində Şanlı Azərbaycan Ordusu erməni qoşunlarını darmadağın etdi. Düşmən rüsvayçı şəkildə torpaqlarımızdan qovuldu, tarixi ədalət bərpa olundu.”

Daha sonra müsahibimiz Qasım Qasımov qeyd edib ki, Azərbaycanın sentyabr ayında keçirdiyi anti-terror tədbirləri Ermənistanın ölkəmizə qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin cavabı kimi gözlənilən idi: “Məlum olduğu kimi, Vətən müharibəsindən sonra Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşdirilmiş birləşmələri tərəfindən Azərbaycana qarşı törədilən son terror-diversiya aktları çoxsaylı insan itkilərinə səbəb olmuşdur. O cümlədən, bu ilin sentyabrın 19-da erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində mülki şəxslər həlak olub. Yenə də həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi də ermənilər tərəfindən quraşdırılmış minaya düşərək partlayıb və hərbi qulluqçularımız həlak olub. Təbii ki, Azərbaycan bütün bunları cavabsız qoya bilməzdi. Buna görə də sentyabrın 19-da Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu, Azərbaycanın bütün beynəlxalq konvensiyalarda təsbit olunmuş legitim hüququdur və heç bir beynəlxalq təşkilat bu tədbirlərin keçirilməsinə görə ölkəmizi qınaya bilməz. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi və dövlətimiz bu təhlükəni aradam qaldırdı.”

Müsahibənin sonunda Qasım Qasımov Cənubi Qafqazda yaranan yeni reallıqların həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açdığının xüsusi qeyd edərək bunları deyib: “Azərbaycanın tarixi Qələbəsi nəticəsində Cənubi Qafqazda yaranan yeni reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açıb. Bu imkanlar regional əməkdaşlıqda maraqlı olan bütün ölklər tərəfindən çox yüksək qiymətləndirilir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışılarında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini dəfələrlə vurğulayıb. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Həmçinin bu layihələr digər ölkələr üçün də yeni, əlavə imkanlar yaradacaq” – deyə, Qasım Qasımov fikirlərini tamamlayıb.
Geri dön