Ana Sayfa > Gündəm > Elçin Əsədov: “Ölkəmizə qarşı törədilən hərbi cinayətlər cəzasız qalmamalıdır”

Elçin Əsədov: “Ölkəmizə qarşı törədilən hərbi cinayətlər cəzasız qalmamalıdır”


29-10-2023, 15:05. Yazar: sevinc1
Elçin Əsədov: “Ölkəmizə qarşı törədilən hərbi cinayətlər cəzasız qalmamalıdır”

“Bu gün Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin artıq üçüncü ildönümünü böyük coşqu ilə qeyd edir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əldə etdiyi bu möhtəşəm Zəfərlə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı. Otuz il müddətində işğal altında olan torpaqlarımız azad edildi. Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və əlbəttə ki, Azərbaycan xalqının sarsılmaz birliyi Ermənistanı bu sənədi imzalamağa məcbur etdi.”

Bu sözləri saytımıza verdiyi açıqlamasında Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi, Neftçala rayon Ağsaqqallar Şurasının üzvü Elçin Əsədov deyib.

İlk növbədə müsahibimiz Ermənistanın işğal dövründə bizim ərazilərdə törətdiyi hərbi cinayətlərdən danışaraq bildirib ki, artıq bütün dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin, erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördülər və bundan sonra heç kim onları bu həqiqətlərin əksinə inandıra bilməz: “Artıq bir çox beynəlxalq qurum və təşkilatların nümayəndələri, o cümlədən media təmsilçiləri işğaldan azad edilmiş ərazilərə etdikləri səfərləri zamanı işğalçı erməni ordusunun, Ermənistan hökumətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər əldə ediblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev etdiyi çıxışlarında son dərəcə dəqiq vurğulayıb ki, Ermənistan Birinci Qarabağ müharibəsində də hərbi cinayətlər törədib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatdırılmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. Lakin bu dəfə artıq Azərbaycanı informasiya blokadasına almaq mümkün deyildi. Vətən müharibəsinin gedişi zamanı beynəlxalq ictimaiyyət dəfələrlə erməni barbarlığının şahidi oldu. Təkcə Gəncə şəhərinə ballistik raketlərin atılması hərbi cinayətkarlığın ən böyük göstəricisidir. Çünki bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Rəsmi İrəvan hərbi cinayətkardır. Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulmuşdur. Müharibə dövründə namərd atəşlər nəticəsində 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış, ziyan çəkmişdir. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir. Həmçinin basdırılmış mina xəritələrinin Azərbaycana təqdim olunmaması rəsmi İrəvanın hərbi cinayətkar olmasının növbəti sübutudur. Basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. Müharibə başa çatandan bu günədək 300-dən çox mülki şəxs və hərbçi minaya düşərək həlak olmuş və ya öz sağlamlığını itirmişdir. Beynəlxalq ictimaiyyətin susması və bu cür insidentlər ilə bağlı rəsmi bəyanat və ya qətnamələrin qəbul olunmaması “ikili standartlar” siyasətinin təzahürüdür. Hər bir mina partlayışı atəşkəsin və sülhün pozulması kimi qiymətləndirilə bilər. Lakin işğal dövründə olduğu kimi, Azərbaycan öz ərazilərini azad etdikdən sonra da haqsızlıqla qarşılaşdı. Ermənistanın ölkəmizə qarşı davam etdirdiyi mina terroru heç bir beynəlxalq təşkilat tərəfindən qınanmadı. Ermənistanın Vətən müharibəsinin başa çatmasından sonra keçən üç il ərzində davamlı olaraq nümayiş etdirdiyi destruktiv mövqeyi, ölkəmizə qarşı mütəmadi olaraq həyata keçirilən hərbi diversiya və terror aktları, siyasi müstəvidə törədilən təxribatlar Azərbaycanı növbəti dəfə öz gücünü göstərmək məcburiyyətində qoydu. Bu ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində qanunsuz məskunlaşmış erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, o cümlədən iki mülki şəxs mina terrorunun qurbanı olmuşdur. Bütün bunlara cavab olaraq elə həmin gün Azərbaycan öz legitim hüququndan istifadə edərək Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə antiterror əməliyyatlarına başladı. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.”

Daha sonra Elçin Əsədov qeyd edib ki, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi ölkəmizin inkişaf etmiş iqtisadiyyata və güclü orduya sahib ola bilməsi ilə təmin edilmişdir: “Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil. Asılı olsaydı, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünki Azərbaycana qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. Ölkə Prezidenti cənab İlham Əliyev 2003-cü ildən Vətən müharibəsinin başlanmasına qədər keçən 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Möhtərəm dövlət başçımız məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. Çünki onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanır. Güclü iqtisadiyyat imkan verdi ki, Azərbaycan lazım olan hərbi texnikanı və silahları aldı. Ali Baş Komandan ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdir. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən demişdi ki, Azərbaycan öz torpaqlarını istənilən yolla azad edəcək. Belə də oldu. 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdi. Bu il sentyabrın 19-da isə ölkəmiz artıq bütün ərazisində öz suverenliyini tam təmin etdi” – deyə, Elçin Əsədov fikirlərini tamamlayıb
Geri dön