Ana Sayfa > Gündəm / Özəl > Fəxrəddin Pənahov: “Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli və ən vacib missiyasını uğurla yerinə yetirdi”

Fəxrəddin Pənahov: “Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli və ən vacib missiyasını uğurla yerinə yetirdi”


31-10-2023, 10:31. Yazar: sevinc1
Fəxrəddin Pənahov: “Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli və ən vacib missiyasını uğurla yerinə yetirdi”

“Ölkənin hərbi qüdrətinin durmadan artması Azərbaycanda həyata keçirilən uğurlu ordu quruculuğu işinin nəticəsidir. Son 20 il ərzində ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması da düşünülmüş şəkildə aparılan siyasətin tərkib hissəsidir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri düz üç il bundan öncə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla yerinə yetirdi. Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci il tarixində əks-hücum əməliyyatı kimi başladığı və cəmi 44 günə tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticələri ilə sübut etdi ki, Cənubi Qafqazın ən qüdrətli ordusudur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Daxili İşlər Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, polis general-mayoru Fəxrəddin Pənahov deyib.

Tarixi Qələbəmizin üç illiyi münasibətilə öz fikirlərini paylaşan polis generalı belə bir məqamı da xüsusi vurğulayıb ki, işğal dövrü ərzində vasitəçilik missiyasını həyata keçirən beynəlxalq təşkilatların əsil məqsədləri münaqişəni qeyri-müəyyən müddətə dondurmaq və Azərbaycanı ərazilərinin itkisi faktı ilə barışdırmaq olub: “Əslində II Qarabağ müharibəsinin başlanması artıq çoxdan tarixi zərurət kimi öz təzahürlərini göstərməkdə idi. Bununla belə Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, əlbəttə ki, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Bu da məlumdur ki, sülh danışıqları əslində məhz Ermənistana verilmiş bir şans idi. Lakin onlar bu şansdan yararlana bilmədilər. Azərbaycan isə əlbəttə ki, daha 30 il gözləyə bilməzdi. Həm də bu gözləntilərin nəticə etibarı ilə bizə heç bir xeyri olmayacağı da artıq məlum idi. Bütün bu illər ərzində sülh yolu ilə münaqişənin həlli imkanları qəsdən, süni şəkildə tükədilirdi. Həm də bu proses mərhələli şəkildə həyata keçirilirdi ki, işğalın baş verməsindən mümkün qədər çox müddət keçsin. Ermənistana havadarlıq edən dünya gücləri ümid edirdilər ki, Azərbaycan gec-tez işğal faktı ilə, ərazilərinin itirilməsilə barışacaq və bunun üçün çalışırdılar. Gedən danışıqlar da, təklif olunan variantlar da birmənalı olaraq vaxtı mümkün qədər uzatmağa hesablanmışdı. Təbii ki, belə münasibət işğal altında olan Qarabağda yaradılmış separatçı rejimin azğınlaşmasına yol açırdı. Bu rejimin cinayətkat başçıları artıq açıq-aşkar bəyan edirdilər ki, onlar üçün Ermənistanla Azərbaycan arasındakı məlum paketlər və danışıqlar qətiyyən qəbuledilməzdir. İkinci bir tərəfdən də Ermənistan özü artıq 2019-cu ildən vəziyyəti daha da gərginləşdirmək üçün əlindən gələni edirdi. Belə ki, həmin ilin avqust ayında Qarabağın işğal olunmuş ərazisinə səfər edən Paşinyan, “Qarabağ – Ermənistandır və nöqtə” tipli populist bir fikir səsləndirməklə sülh danışıqları üçün siyasi müstəvini demək olar ki, tamamilə bağlamışdı. Digər tərəfdən də ermənilərin ölkəmizə qarşı təxribatları sadəcə siyasi deyil, həm də hərbi xarakter daşıyırdı. Belə ki, 2020-ci ilin iyul ayında Ermənistanın silahlı qüvvələri artilleriya və iriçaplı silahların köməyilə Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan silahli qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücuma keçməklə bizə irimiqyaslı hərbi əməliyyatlra başlamaq üçün tam əsas vermişdilər. Sözügedən hücum nəticəsində Azərbaycanın 11 hərbçisi həlak olmuş, bir neçəsi yaralanmış, həmçinin dinc sakinlər həyatlarını itirmiş, mülki obyektlərə, kəndlilərin evlərinə və xəstəxana binasına ciddi zərər yetirilmişdi. Dövlət başçımızın öz açıqlamalarından birində qeyd etdiyi kimi, biz o zaman da rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Vətən müharibəsi də bunu göstərdi. Lakin cənab Prezident İlham Əliyev yenə də siyasi iradə nümayiş etdirərək buna imkan vermədi. Çünki bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Nəhayət 2020-ci il sentyabr ayının 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdular. Bu, Azərbycanın səbr kasasını daşdıran son damla oldu. Həmin gün Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə erməni təxribatlarına son qoymaq və torpaqlarımızı işğaldan azad etmək üçün bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin gedişində Şanlı Azərbaycan Ordusu erməni qoşunlarını darmadağın etdi. 27 sentyabr tarixində başlamış Noyabr ayının 8-də Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə qondarma “Dağlıq Qarabağ” münaqişəsinə birdəfəlik son qoydu. Şuşanın azad olunmasından iki gün sonra, noyabr ayının 10-da imzalanmış məlum Bəyannamə ilə təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik son qoyuldu. Həmin vaxt bəziləri hərbi əməliyyatların 10 noyabrda dayandırılmağını dəstəkləmir, Xocalıya, Xankəndiyə, Xocavəndə niyə girmədiyimizi dönə-dönə sual edirdilər. Budur, Qələbəmizin üçüncü ili tamam olmamış Azərbaycan bayrağı artıq Qarabağın və Şərqi Zəngəzurun istisnasız bütün ərazilərində qürurla dalğalanır. Oktyabr ayının 15-də Ağdərə, Xocalı, Xankəndi, Xocavənd şəhərlərində, eləcə də bir çox digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını şəxsən qaldıran cənab Prezident İlham Əliyev bir daha hər kəsə bildirdi ki, hər işi öz vaxtında görmək lazımdır.”

Daha sonra komitə sədri Azərbaycan Ordusunun ən yeni texnologiyalara yiyələnməklə, XXI əsrin müasir döyüş taktikasının müəllifi olduğunu da vurğulayaraq bunları deyib: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Həqiqətən də bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Əbəs yerə deyil ki, bir çox aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.”

Həmçinin müsahibimiz Vətən müharibəsində Azərbaycana tarixi Qələbəni qazandıran ən mühüm amillərdən birinin Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmizdə formalaşmış birlik və həmrəylik mühitinin olduğunu qeyd edərək bunları deyib: “Unutmaq lazım deyil ki, Vətən müharibəsinin gedişində məhz xalqın birliyi və ədalətli mövqeyi dövlət başçısının ətrafında “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuş və tarixi ədaləti bərpa etmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, indiyədək görünməmiş birlik və həmrəylik nümayiş etdirərək torpaqlarımızı düşməndən təmizləmiş, erməni faşizmini məhv etmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili siyasətin nəticəsi olaraq Azərbaycan cəmiyyətində formalaşmış milli birlik və həmrəylik mühitinin tez bir zamanda ölkədaxili siyasi müstəviyə də sirayət etməsi dövlətimizin gücünü daha da artırmışdır. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan cənab İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Məsələ bundadır ki, hərbi əməliyyatların davam etdiyi dövrdə bütün dünyanın ermənipərəst qüvvələri Azərbaycana qarşı siyasi-diplomatik müstəvidə də savaş açmışdılar. Bu savaşın isə əsas hücumları məxsusi olaraq informasiya cəbhəsində təşkil olunurdu. Lakin Prezident İlham Əliyev müharibənin davam etdiyi bütün dövr ərzində, davamlı olaraq verdiyi müsahibələrində bu hücumları məharətlə dəf etdi və əsil Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasına, erməni yalanlarının ifşasına nail oldu. Məhz belə bir məqamda da dünya ictimaiyyətinin ölkəmizdə həm vətəndaş cəmiyyətində, həm də siyasi qüvvələr arasında birlik və həmrəyliyi müşahidə edə bilməsi sözsüz ki, Azərbaycanın mövqeylərini daha da möhkəmlətmiş oldu.”

Müsahibənin sonunda F.Pənahov Cənubi Qafqazda yaranan yeni reallıqların həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açdığının xüsusi qeyd edərək bunları deyib: “Azərbaycanın tarixi Qələbəsi nəticəsində Cənubi Qafqazda yaranan yeni reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açıb. Xüsusən də bu ilin sentyabr ayının 19-da keçirilmiş və cəmi 23 saat davam edən antiterror əməliyyatının nəticəsi olaraq Qarabağda separatizmin kökü birdəfəlik kəsildikdən və Azərbaycan bütün ölkə ərazisində tam suverenliyini bərpa etdikdən sonra, yaranmış imkanlar regional əməkdaşlıqda maraqlı olan bütün ölklər tərəfindən çox yüksək qiymətləndirilir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışılarında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini dəfələrlə vurğulayıb. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Həmçinin bu layihələr digər ölkələr üçün də yeni, əlavə imkanlar yaradacaq. Ermənistanın isə bütün bu imkanlardan yararlanmaq şansı əldə edə bilməsi üçün rəsmi İrəvanın artıq reallıqları qəbul etməsi, sülh sazişini imzalaması və qonşu dövlətlərlə, ilk növbədə əlbəttə ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini yenidən qurmağa səy göstərməsi vacibdir” – deyə, Fəxrəddin Pənahov öz fikirlərini tamamlayıb.
Geri dön