Ana Sayfa > Özəl / Seçki 2024 > Zərifə Zərri: "Bəlkə bir yol arayasan, ay ömrüm"

Zərifə Zərri: "Bəlkə bir yol arayasan, ay ömrüm"


30-10-2023, 11:01. Yazar: sevinc1
Zərifə Zərri: "Bəlkə bir yol arayasan, ay ömrüm"

Bir şairə yaşayır öz dünyasında. Yaşıl yaşıl İsmayıllı dağlarını Sumqayıtın istisinə, tüstüsünə dəyişib də ağrılarıynan, acılarıynan qol-boyun sözə sığınıb, sözlə oynamaqdan həzz ala-ala ömrünü varaqlayır.
Hələ gənc yaşlarında xalq şairi Musa Yaqubun xeyir-duasını almış bu şairə xanım Zərifə Zərridir. Söz adamıdır. Sözün yalmanına yata da, sözün dərdinə bata da bilir. Elə ki duyğuları silkələdi, qəlbindən axan sözləri mirvari kimi dənələməyi bacarır. İçinə axıtdığı göz yaşları dəryamı olar, dənizmi olar, orasını şairə özü deyə bilər. Mənim deyəcəyim isə odur ki, saf duğulardan, nakam məhəbbətdən qaynaqlanır Zərifənin şeirləri. 3 övladı böyüdüb boya-başa çatdırıb, nənə sevinci də yaşayıb, ağrı-acı da. Dünyanın keşməkeşində onu tənha qoyub gedən ömür-gün yoldaşının itkisiylə barışa bilməsə də ana duyğusunun gücüylə, şair ürəyinin təpəriylə çox olmazları oldurub Zərifə Zərri. Ən əsası da kədərini və sevincini sözə çevirib, qəlbinə təskinlik gətirə bilib. Bəlkə də bu qədər duyğular olmasaydı o boyda çətinlikləri də aşa bilməzdi. Üç kitabda toplanmış şeirlərində o çətin anları da görmək olar, xoş duyğuları da.
İndi sizə təqdim etdiyim şeirlərində onun bir ömrü yaşayır. Şair ömrüdür. Özüdür, olduğu kimi.
Şəmsi Qoca,
Şair-publisit, AYB-nin üzvü.


Bax, yenə yadıma düşdün bu geçə..

Xatirəsi ürəyimdə yurd salan,
Sənsiz ömür talan olur, bil talan.
Sənsiz darıxıram , bir bilsən necə,
Bax, yenə yadıma düşdün bu gecə.

O göydəki axan ulduz sənmisən ,
Saçlarıma vaxtsız düşən çənmisən?,
Yumub gözlərimi susdum eləçə ,
Bax, yenə yadıma düşdün bu gecə.

Bu qəfil gedişi mən yozum hara?
Ürəyim anbaan çəkilir dara.
Bu qədər möhnətə de, dözüm, necə?
Bax yenə yadıma düşdün bu gecə.

Sənli günlərimi arayan mənəm,
Saçımı ağ, qara darayan mənəm.
Verib həsrətinlə ömrümü heçə ,
Bax, yenə yadıma düşdün bu gecə.

Zərriyəm, ilahi, çəkdiyim nədi?
Söyləsin qoy hamı, bu divanədi.
Sən söylə, unudum mən səni necə ?
Bax, yenə yadıma düşdün bu gecə..!


Sənin ...


De, necə unudum, necə, bilmirəm,
Mən ağı qaradan seçə bilmirəm.
Hələ də eşqimdən keçə bilmirəm,
Axı baş qoymuşdum dizinə sənin.

Neynim ki görürdüm mələk donunda,
Şeytan aciziymiş sənin yanında.
Ulduzdun eşqimin asimanında
Baxa da bilmirdim gözünə sənin.

Saxta baxışları, yalan vədləri,
Dibçəkdə gül kimi solan vədləri,
Boynuma sarılan ilan vədləri,
De, necə qaytarım özünə sənin?

Bil ki sınan deyil Zərifə Zərri,
Qəlbim qürurludur, dizim təpərli.
Dolan indən belə kəndi şəhəri,
Bir daha görünməm gözünə sənin.


Darıxdım.


Unudub dərdi, qəmi
Gülmək ücün darıxdım ,
Axşam sabah yanına
Gəlmək üçün darıxdım.

Getmə, gəl məni dinlə,
Bir olaq Ayla, Günlə.
Sevincimi səninlə
Bölmək üçün darıxıdm.

At inadın daşını,
Qoy sinəmə başını.
Əlimlə göz yaşını
Silmək üçün darıxdım.

Ətrinə batır məni,
Köksündə yatır məni.
Ürəyindən keçəni,
Bilmək üçün darıxdım.

Eşqim dönüb söz oldu,
Bağrım başı köz oldu.
Ömür-gün sənsiz oldu,
Ölmək üçün darıxdım.

Ömrümün ehtişamı ,
Gəl yandır sönən şamı.
Qoy duysun, bilsin hamı
Gülmək üçün darıxım,
Baş qoyub sinən üstə
Ölmək üçün darıxdm.


Ay ömrüm


Bilsən necə darıxmışam səninçün,
Bəlkə bir yol arayasan, ay ömrüm,
Külək yolub , dağınıqdı saclarım ,
Bəlkə gəlib darayasan , ay ömrüm

Gəlmir xəbər , hey qulağım səsdədi ,
Gözüm yolda , könlüm qəmdən xəstədi.
Həsrət ilə vüsal bəhsəbəhsdədi
Gəlib qəmdən qoruyasan, ay ömrüm?

Yollarına baxa baxa qalmışam ,
Şimşək kimi çaxa-çaxa qalmışam.
Gözlərimi sıxa-sıxa qalmışam,
Yanağımda quruyasan, ay ömrüm.

Çiçək olub bağ, bağçanda bitimmi?,
Bülbülümün vüsalına yetimmi?
Ya baş alıb bu diyardan gedimmi?
Gedişimə yarıyasan ay ömrüm.

Üzüm gülür , yoxdu qəlbin aramı,
Tuş olmuşam boranamı, qaramı?
Özün gəlib öz əlinlə yaramı,
Sığallayıb sarıyasan, ay ömrüm.

Zərifəyəm, söz elədim dərdimi ,
Açı günlər ikidimi, birdimi ?
Zalım fələk təkcə bizi gördümü,
Öz dərdinlə qarıyasan, ay ömrüm?
Geri dön