Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-3 > Aqiyə Naxçıvanlı: “Azərbaycan Kanada şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaqla “sanksiyalar” mövzusunda rəsmi Ottavanı maarifləndirə bilər”
Aqiyə Naxçıvanlı: “Azərbaycan Kanada şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaqla “sanksiyalar” mövzusunda rəsmi Ottavanı maarifləndirə bilər”29-10-2023, 10:40. Yazar: sevinc1 |
“Son günlərə qədər Ermənistanla diplomatik əlaqələrini Moskvadakı səfirliyi vasitəsilə saxlayan Kanada nəhayət ki, bu ölkədə öz səfirliyini açdı. Ehtimal etmək olar ki, rəsmi İrəvanın iki yüz illik hamisi olan Rusiyaya arxa çevirməsi fonunda Fransanın bu marionet dövlətin iplərini sürətlə əlinə yığmasından narahat olan ABŞ öz mövqelərini möhkəmlətmək üçün Kanadaya bu addımı atmağı tövsiyyə edib. Məsələ bundadır ki, Kanadanın xarici siyasətinin məhz Vaşinqtondan yönləndirilməsi bu gün heç kim üçün sirr deyil. Ümumiyyətlə Kanada yarandığı ilk gündən növbə ilə əvvəlcə Fransanın, daha sonra İngiltərənin əyaləti kimi mövcud olub. II dünya müharibəsindən sonra isə, bu ölkə rəsmən müstəqil olmsına rəğmən faktiki olaraq ABŞ tərəfindən idarə olunur.” Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib. Fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, Kanada xarici işlər nazirinin Azərbaycana qarşı səsləndirdiyi bəyanatların da ABŞ-dakı müəyyən dairələr tərəfindən sifariş olunduğunu istisna etmir: “ABŞ artıq bir neçə müddətdir ki, Kanada, Litva və bəzi digər proksiləri vasitəsi ilə Azərbaycana təzyiq etməyə çalışır. O cümlədən, Kanada xarici işlər naziri Melani Colinin Ermənistana səfəri çərçivəsində Ermənistan-Azərbaycan sərhəddində döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi, sonradan ölkəmizə qarşı absurd ittihamlarla çıxış etməsi və Bakını hansısa sanksiyalarla hədələməsi də böyük ehtimalla məhz ABŞ-da hazırlanmış senari əsasında qurulan bir tamaşadır. Çünki Kanada xarici siyasət departamentinin nominal rəhbərinin ya Azərbaycan, ya da Ermənistan barədə hansısa bilgilərə malik olduğu inandırıcı səslənmir. Əgər belə olsaydı, xanım Coli ən azından ölkəsinin urana olan tələbatının məhz Azərbaycan üzərindən ödənildiyindən xəbərdar olardı və öz məsuliyyətsiz bəyanatları ilə bu tədarükü böyük risk altına atdığını anlayardı. Azərbaycan artıq çoxdan haqsız iradlara və təhdidlərə susacaq bir ölkə olmadığını bütün dünyaya nümayiş etdirib. Əgər Kanada nəyisə nəzərdən qaçırıbsa, dövlətimiz istər elə həmin uranın tranzit ixracını dayandırmaqla, istərsə də ölkəmizdə Kanada şirkətlərinin fəaliyyətini məhdudlaşdırmaqla “sanksiyalar” mövzusunda rəsmi Ottavanı bir qədər maarifləndirə bilər.” Fikirlərini davam etdirən deputat etnik dözümsüzlük barədə hansısa mülahizələr söyləməyə Kanada hökumət üzvünün ümumiyyətlə heç bir haqqı olmadığını vurğulayıb: “Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində Kanada Ermənistanı bu işğala son qoymağa çağıran bircə bəyanat belə səsləndirməyib. Əlbəttə, öz dövlətini işğal və yerli xalqların genosidi üzərində quran bir ölkə üçün bu normal haldır. Elə Kanadanın ölkəmizə qarşı indi tutduğu mövqeyi və Azərbaycanı “deportasiya”da ittiham etməsi də qərəz və səlibçilik təfəkkürünə əsaslanır. İndinin özündə də hindu uşaqları üçün xüsusi yaradılmış kilsə internat məktəblərində yaşanan rəzilliklər və törədilən cinayətlər barədə dünya KİV-lərində dərc olunan tükürpədici məlumatları sarsıntısız oxumaq olmur. Yerli xalqlar həmin məktəblərdə onların adət-ənənələrinə, mədəniyyətinə hörmət edilmədiyini, uşaqlarının istismara məruz qoyulduqlarını deyirlər. Vəziyyət elə bir böhranlı həddə çatıb ki, bir müddət əvvəl Kanadanın baş naziri özü də hindu uşaqların bu məktəblərə ailələrindən zorla ayrılaraq gətirildiklərini, burada isə fiziki və cinsi istimara, təcavüzə və yetərsiz qidalanmaya məruz qaldıqlarını etiraf etməli olub. Bu məktəblərdən bəzilərində adsız məzarlıqların mövcud olması və həmin məzarlarda üzərilərində tibbi sınaqlar keçirilmiş və bu səbəbdən ölmüş yüzlərlə uşağın dəfn olunduğu barədə açıqlamalar isə, şəxsən mənim təfəkkürümdə erməni faşizminin bariz təzahürlərindən olan Quba kütləvi məzarlığı ilə asossiasiya olunur. Əlbəttə, Kanadalı nazirin mahiyyətinə belə varmadığı məsələlər və anlayışlar barədə səsləndirdiyi hansısa absurd bəyanat Azərbaycan üçün heç bir önəm kəsb etmir. Bu kimi populist çıxışlar yalnız Ermənistanın daxilində müəyyən qüvvələrin hələ də xarici havadarlarını itirmədiklərini geniş kütlələrə nümayiş etdirmək üçün yetərlidir. Bununla belə, ölkəmizin hətta bu kimi düşünülməmiş siyasi hücum cəhdlərini də cavabsız qoymayacağını hamı bilməlidir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini sona çatdırıb. Geri dön |