Ana Sayfa > Özəl > Mustafa Kamal Atatürk xalqını «Türkiyə inkişafa məhkumdur!» amalı uğrunda mübarizəyə səslədi, milyonları birləşdirdi
Mustafa Kamal Atatürk xalqını «Türkiyə inkişafa məhkumdur!» amalı uğrunda mübarizəyə səslədi, milyonları birləşdirdi29-10-2023, 08:48. Yazar: sevinc1 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu sözləri Mustafa Kamal Atatürkün «Türkiyə inkişafa məhkumdur!» kəlamının müasir dövr üçün çağırışıdır «Hökumətin iki məqsədi vardır. Biri millətin qorunması, ikincisi, millətin rifahının təmin edilməsi. Bu iki şeyi təmin edən hökumət yaxşı, edə bilməyənlər pisdir» söyləyən türk dünyasının tanınmış öndəri Mustafa Kamal Atatürk xalqını «Türkiyə inkişafa məhkumdur!» amalı uğrunda mübarizəyə səslədi, milyonları birləşdirdi, insanlara müqəddəratına hakim olmaq hüququnu qazandırdı. Yadellilərə əsl komandan olduğunu şücaəti ilə təsdiqlədi. Türk Qurtuluş Savaşı öyünüləcək salnamə kimi xalqın yaddaşına əbədi yazıldı. 1 noyabr 1922-ci ildə xilafət və səltənət biri-birindən ayrıldı. Osmanlı imperatorluğu ilə idarəçilik əlaqələri kəsildi, 13 oktyabr 1923-cü ildə Türkiyədə respublika idarəçilik üsulu elan edildi. Mustafa Kamal Atatürk yekdilliklə Türkiyənin ilk Prezidenti seçildi. 1923-cü il oktyabrın 29-da formalaşan ilk Cümhuriyyət «Yurdda sülh, cahanda sülh!» çağırışı üzərində yüksəldi, qüdrətləndi. Türkiyənin gələcəyini daha qüdrətli görmək üçün komandan, vətəndaş, bir türk kimi ən çətin məqamlarda belə xalqı arxasınca aparmaq bacarığına malik olduğunu cəsarəti ilə təsdiqləyən, «Əfəndilər və ey millət! Yaxşı bilin ki, Türkiyə Respublikası şeyxlər, dərvişlər, müridlər, mənsublar ölkəsi ola bilməz. Ən düzgün və ən gerçək təriqət sivilizasiya təriqətidir» söyləyən öndər Müstafa Kamal Atatürk haqqında çox qiymətli sözlər deyilsə də, dəyərləndirmə sistemində Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları öndə dayanmaqla reallığı daha çox əks etdirir: «Mustafa Kamal Atatürkün böyüklüyü bir də ondan ibarətdir ki, İslam dininin təsiri altında yaşamış və İslam dininin hakim olduğu bir dövlətdən çıxan yeni bir dövlət, məhz dünyəvi dövlət qurmuşdur… bu da Mustafa Kamal Atatürkün o Cümhuriyyəti qurarkən ən böyük nailiyyətlərindən biridir.» Türk dünyasının öndəri Atatürkə rəğbətini «Avropalılar güman etməsinlər ki, dünyəvilik ancaq onlarındır, onlara məxsusdur, başqalarında ola bilməz. Mustafa Kamal Atatürkün gördüyü işlər, şübhəsiz ki, burada da öz təsirini göstəribdir» sözləri ilə bildirən Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi, Türkiyənin istiqlalına qovuşması üçün yadellilərə qarşı döyüşlərdə əsl komandan olduğunu şücaəti ilə təsdiqləyən M. K. Atatürk bir ideya naminə vuruşdu: «Millətin istiqlalını-millətin özünün əzm və qərarı xilas edəcək.» Millətinə güvənərək «Mən Türk üfüqlərindən bir gün mütləq bir günəş doğacağına, bunun hərarət və qüvvəsinin bizi isidəcəyinə, bundan bizə bir güc gələcəyinə o qədər əmin idim ki, bunu adətən gözlərimlə görürdüm» söyləməklə xəyallarında yaratdığı qüdrətli Türkiyənin banisi kimi vətəndaşlıq və liderlik borcunu da yerinə yetirən Atatürkün xalqına, xüsusilə gənclərə tövsiyəsi bu idi ki, ağıl, məntiq, zəka ilə hərəkət etmək bizim parlaq özünəməxsusluğumuzdur. İslam aləminin gücünü bütünlükdə türk dünyasının birlik və həmrəyliyinin başlıca amili hesab edən ulu Atatürk Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımıza yardımını «Azərbaycan gülərsə biz də gülərik, Azərbaycan üzülərsə biz də üzülərik» sözləri ilə ifadə etmişdir. Erməni- bolşevik birləşmələrinin soydaşlarımıza qarşı törətdikləri soyqırımların qarşısını almaq üçün Nuru paşanın komandanlığı altında Bakıya gələn Qafqaz İslam Ordusu daşnaklara lazımi dərs verdi. Qardaş ölkənin əsgərləri canları bahasına qan qardaşları azərbaycanlıları qorudular. 15 sentyabr 1918-ci ilə təsadüf edən həmin tarixin xalqımız tərəfindən Zəfər Günü kimi qeyd olunması türk birliyinin, qardaşlığının nümunəsi, əbədiyyət rəmzidir. Dünyanın siyasi tarixində müdrik şəxsiyyət, təcrübəli siyasətçi kimi əməlləri ilə yaşayan liderlərin- Mustafa Kamal Atatürkün və Heydər Əliyevin çoxəsrlik tarixə malik Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, türk dünyasının birliyi uğrunda göstərdikləri fədakarlıqların nəticəsidir ki, bu gün Türk Dövlətləri Təşkilatı bu varisliyə sadiq qalaraq inkişaf edir. Qardaş ölkənin artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin davam etdiyi 30 ildə daim Azərbaycanın yanında olması, Prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə hər səfərinin Azərbaycan xalqı tərəfindən bayram kimi qarşılanması, İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə Türkiyənin mənəvi, siyasi dəstəyi soykökü bir olan hər iki xalqın əsrlərdən bəri davam edən qardaşlıq münasibətlərinin sarsılmazlığını göstərir. Vətən müharibəsindən sonra prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın imzaladıqları «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında» Şuşa Bəyannaməsi, işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində türk şirkətlərinin daha yaxından iştirakı münasibətlərin geniş miqyasda davamına imkanlar yaradır. «İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi. «Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür» söyləyən Rəcəb Tayyib Ərdoğanın Füzuli, Zəngilan Beynəlxalq Hava limanlarının açılış, Zəngəzur dəhlizinin bərpasını gerçəkləşdirəcək Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimlərində iştirakı Türkiyə-Azərbaycan əməkdaşlığının sarsılmazlıq nümunəsi idi. Bu gün Türkiyə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə artıq dünya miqyasında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Hazırda dünya siyasətində özünəməxsus yeri, nüfuzu olan, müdafiə qüdrəti ilə ön sıralarda dayanan, demokratik inkişaf yolu ilə addımlayaraq siyasi, iqtisadi qüdrəti ilə də dünya dövlətləri arasında böyük nüfuz qazanan Türkiyə bütünlükdə türk dünyasının birlik və həmrəyliyinə önəmli töhfələr verir. Milli maraqları eyni, ortaq tarixə, mədəniyyətə, əsrlərdən bəri qorunaraq, bu günümüzə qədər gəlib çatan oxşar adət-ənənələrə malik iki qardaşın birliyi, qardaşlığı türk dünyasının öndərləri Mustafa Kamal Atatürklə Heydər Əliyevin ideyaları əsasında möhkəmlənir, tarixi sınaqlardan uğurla çıxır, qloabal layihələrin reallaşmasında aparıcı rol oynayır. Avropa təsisatlarında, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında müzakirə olunan mühüm, aktual məsələlərin həllində hər iki ölkənin eyni mövqedən çıxış etməsi, Türkiyə-Azərbaycan dostluğuna nümunə olmaqla, bu həmrəyliyə ədalətsiz yanaşmalara qarşı mübarizədə də sipər kimi bədniyyətlərin qarşısını alır. Bu gün dünyanın enerji, nəqliyyat xəritələrini yeni istiqamətlər üzrə təzələyən, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft- qaz kəmərlərinin davamçıları TANAP, TAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi- Qars dəmir lyolu tarixi dostluğu iqtisadi əlaqələrlə daha da gücləndirir. Təhdidlərə baxmayaraq terrora qarşı mübarizəsini davam etdirən Türkiyənin məqsədi bölgədə sabitliyin yaranması, insanların kütləvi qırğınlarının qarşısının alınması, bəzi ölkələrin maraqları naminə yurdlarından didərgin düşən suriyalıların evlərinə dönməsidir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan ilə Türkiyə haqqında söylədiyi «Bir millət, iki dövlət» kəlamının müdrikliyi Vətən müharibəsində olduğu kimi, qardaş ölkədə baş verən, əsrin fəlakəti adlandırılan dəhşətli zəlzələnin, meşə yanğınlarının nəticələrinin aradan qaldırılmasında da təsdiqləndi. Dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açılması ilə bağlı göstərdikləri qətiyyət də türk dünyasının artan gücünün ifadəsidir. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |