Ana Sayfa > İqtisadiyyat > Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi 2024-cü ilin ikinci yarısında başa çatdırılacaq
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi 2024-cü ilin ikinci yarısında başa çatdırılacaq25-10-2023, 17:00. Yazar: sevinc1 |
Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti infrastruktur layihəsinin ictimai dinləməsi keçirilib. aia.az xəbər verir ki, sifarişçi, layihə icraçıları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflərin iştirakı ilə keçirilən tədbirdə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi üzrə müzakirələr aparılıb.Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, hər bir layihə həyata keçirilərkən təbii sərvətlərin istifadəsi səmərəli şəkildə həyata keçirilməli, təbii sərvətlərdən istifadə onların bərpa olunması ilə müşayiət olunmalı ətraf mühitin mühafizəsi tədbirlərinə xüsusi önəm verilməlidir. Hazırda görülən işlər barəsində təqdim ediləcək hesabatda yaşıllıqlara dəyən ziyan, yolların tikintisi üçün salınmış düşərgələr, orda istifadə olunan xammal, torpağın üst münbit qatının götürülməsi və ondan istifadə, təbiətə dəyən ziyanın kompensasiya edilməsi və s. hallar haqqında məlumat verib. Sifarişçi tərəf - Avtomobil Yolları Dövlət Agentliyinin layihənin idarə edilməsi üzrə mühəndis Eyyub Hüseynov Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin bütün beynəlxalq magistral normalarına uyğun davam etdirildiyini qeyd edib. Layihə üzrə tikintisi nəzərdə tutulmuş doqquz viadukun səkkizində hazırda inşaat işləri davam etdirilir. Viadukların üçünün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilir. Bundan başqa, Zəfər yolunun Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yoluna birləşən hissəsində yol qovşağının tikintisi işləri də uğurla icra olunur. Layihənin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi sənədini hazırlayan “Geoexpert Consulting” MMC-nin direktor müavini Azad Məcidov isə vurğulayıb ki, yol tikintisinin 2024-cü ilin ikinci yarısında yekunlaşması planlaşdırılır. “Artıq layihənin böyük bir hissəsi həyata keçirilib. Yolun çəkilməsində minalanmış ərazilər böyük problemlər yaradaraq prosesi bir qədər yubatmışdı. Hərəkətin intensivliyi nəzərə alınaraq yolun Tuğ dairəsinədək olan 48 kilometrlik hissəsi altı, Şuşa şəhərinə qədər olan 33,7 kilometrlik hissəsi isə dörd hərəkət zolağından ibarət olacaq. Sözügedən yol Zəfər yoluna paraleldir. Bu yolun çəkilməsində əsas məqsəd Zəfər yolunda mövcud olan kəskin döngələrin böyük maşınlar və ağır texnikanın hərəkəti üçün təhlükəli olmasıdır. Yeni çəkilən yolda həmin həssas yerlər daha rahat formaya salınıb və 11 körpü çəkilib, onlardan 9-nun tikintisi başa çatıb. Yolda ümumi olaraq 35 keçid var və bu keçidlər heyvanların istifadəsi üçün də nəzərdə tutulub. Eyni zamanda, su axıntısı üçün suötürücü qurğular quraşdırılıb. Bundan başqa yolda 9 viyadük, 7 tunel, 203 dairəvi və düz bucaqlı boru, 35 keçid, 7 qovşaq, 2 ödəniş nöqtəsi fəaliyyət göstərəcək”, - deyə şirkət rəsmisi bildirib. Həmçinin qeyd olunub ki, Əhmədbəyli-Füzuli—Şuşa avtomobil yolunun tikintisi zamanı layihə altına düşən torpağın üst münbit qatı əkinçilik və yaşıllığın bərpasında nəzərdə tutulmaqla səmərəli istifadə ediləcək. Yolun yamaclarındakı bitki qatı bərpa edilib, bu isə gələcəkdə həmin torpaqların eroziyasınının qarşısını alacaq. İctimai dinləmədə layihənin Qarabağ bölgəsində həyata keçirilməsi və strateji əhəmiyyəti nəzərə alınaraq qısa müddət ərzində ekspertizasının aparılması barədə ümumi razılığa gəlinib. Geri dön |