Ana Sayfa > Özəl > QUBADLI RAYONU – AZADLIĞIN MÜBARƏK!
QUBADLI RAYONU – AZADLIĞIN MÜBARƏK!25-10-2023, 09:52. Yazar: sevinc1 |
Şanlı ordumuzun tarix yazdığı 44 günlük Vətən müharibəsinin 29-cu günündə - 2020-ci il 25 oktyabr tarixində Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək Qubadlının işğaldan azad olunduğunu bildirdi. Qubadlının işğaldan azad olunması düşməni sarsıtdı, millətimizə isə qələbəyə daha da yaxınlaşdığımızın müjdəsini verdi. Qubadlı zəfərimizlə böyük strateji üstünlük əldə olundu. Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirdi. Qubadlı Laçın dəhlizinə gedən rayondur. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol Ermənistanın dövlət sərhədinin yanı ilə keçir və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə də hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndi, Səfiyan kəndi, Türklər kəndi azad edilib və eyni zamanda, strateji yüksəkliklər ələ keçiriləndən sonra bu, bizə imkan verdi ki, Laçın dəhlizi artıq atəş altına düşsün. Həmçinin Qubadlı rayonu Ermənistanla Azərbaycan arasında rəsmi dövlət sərhədində yerləşən ərazidir. Qubadlının işğaldan azad olması ilə biz Ermənistanla aramızdakı rəsmi dövlət sərhədini də bərpa etmiş olduq. Artıq Qubadlı ilə Ermənistan-Azərbaycan sərhədlərinin bərpası başlanıldı. Bütün bunlar onu göstərirdi ki, hərbi əməliyyatların taktikası hər bir incəliyinə qədər hesablanmışdı. Qubadlı uğuru onu göstərirdi ki, düşmənin atəş gücü, ondan sonra bütövlükdə ordunun əsgərlə təchizatı çox minimal səviyyədə idi. Ordumuz əsl tarix yazdı. 24 iyun 2021-ci il tarixində Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etmiş 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi. Azərbaycanın müharibədə qalib gəlməsindən az bir müddət sonra - 2020-ci il 23 dekabr tarixində cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Qubadlı rayonunda oldular, Qubadlı şəhərində müqəddəs Bayrağımızı qaldırdılar. Dövlət başçısı çıxışında bildirdi ki: "Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, bizim növbəti istiqamətimiz Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. İndi şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Bu cinayətə və bütün digər cinayətlərə görə Ermənistan dövləti cavab verəcəkdir". Bu gün Qubadlı artıq bərpa və böyük quruculuq dövrünə qədəm qoyub. Ermənistan ilə sərhəddə yeləşən Qubadlı rayonu strateji coğrafi yerləşməyə sahib olmaqla yanaşı, həmçinin Azərbaycanın xarici iqtisadi əlaqələrinə də töhfə vermə imkanlarına malik olacaq. Qubadlı əlverişli təbiəti və füsunkar mənzərəsi ilə də fərqlənir. Bu daxili, o cümlədən gəlmə turzim üçün yeni imkanlar deməkdir. Qubadlı da Qarabağın digər bölgələri kimi dirçəlir, canlanır. Təkbaşına öz ərazi bütövlüyünü təmin etməyi bacaran Azərbaycanın şanlı bayrağı bu gün Qarabağda dalğalanır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqı qürur hissi ilə müzəffər xalq kimi yaşayacaq: “Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qarabağ Azərbaycandır! Yaşasın müstəqil, azad Azərbaycan! Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı aparatının məsləhətçisi Aqşin Əliyev Geri dön |