Ana Sayfa > Aia TV / Karusel / Seçilənlər > Sərməs ( HEKAYƏ)
Sərməs ( HEKAYƏ)2-09-2015, 20:40. Yazar: admin |
Sərməs Kəndin lap qurtaracağında,iki dərənin arasında balaca iki otaq,kiçik eyvandan ibarət bir daxma vardı.Otaqlardan biri lap köhnədən tikildiyinə görə alaqaranlıq,digəri isə sonradan tikildiyinə gorə işıqlı idi.İki otaq balaca eyvanda birləçmişdi.Eyvan aynabənd idi.Döşəmə torpaq olduğuna görə yayda daxma çox sərin,qışda isti olardı.Daxmada iki dəmir çarpayı,bir dəmir sandıq,bir dənə də odun peçi vardı.Odun peçinin ətrafına qurudulmuş heyvan dəriləri sərilmişdi.Daxmanın üzü Şərqə baxan iki pənəcərəsi və taxta qapısı vardı. Daxmanın qarşısında dörd dənə qoca,hündür tut ağacı vardı.Onlar dörd mehriban qardaşa bənzəyirdilər.Soyuqda,istidə,küləkdə bir-birinə həyan olurdular.Baş-başa verib göylərə doğru uzanırdılar.Bəzən ağacın da üz-gözündən xoşbəxtlik,və ya bədbəxtlik yağırdı.Dörd qardaş tut xoşbəxt ağaclarından idi. Bu tut ağaclarının bal kimi şipşirin,ağappaq tutları olardı.Hər il bol məhsul gətirərdilər.Təmənnasız,minnətsiz,kim istəsəydidoyunca bu tutlardan yeyərdi.Budaqda qalan tutları da külək ,yağış vurub yerə tökər,quşlar dənləyərdi. Tut ağacının kölgəsində uzun bir stol vardı. Bu stola baxanda fikirləşirdin ki, yəqin hərdən bu stolun arxasında çoxlu adamlar oturur. Xanməmməd kişi çörək verən kişilərdən olduğundan ona görə də bu stolun arxasında çox adamlar çörək kəsmiş, çay içmiş, Xanməmməd kişinin şəninə sağlıqlar demiş, bu balaca daxmasında gecələmişdilər. İndi isə daxmada qoca Xanməmməd kişi öz qarısı ilə tək yaşayırdı, ancaq yay aylarında Xanməmməd kişinin başına şəhərdən gələn oğul-uşaq, qohum-əqrəba yığışardı. Ona görə də Xanməmməd kişi çörəyini yedirtdiyi erməni ustasına belə yekə stol düzəltdimişdi ki, oğul- uşaq bir yerə yığışanda stolun arxasında hamıya yer çatsın. İndi isə qışdır, hələ yaya çox var. Stol gözü yol çəkən insan kimi üzü darvazaya tərəf tək, tənha həyətin ortasında dayanmışdı. Yaydan hazırladığı quru odunları peçə atdı. Odunlar çartaçartla yanmağa başladı. Qoyun dərisindən olan döşəkcəsinin üstündə uzanıb, yun yastığına söykənib xəyallara daldı. O, müharibə görmüş, çox çətinliklərlə üzləşmiş, həyatın hər cürə sınağindan çıxmış bir insan idi. Cavanlığında zamanının gərəkli vəzifələrində çalışmış, amma həmişə elini, obasını, xalqını düşünmüş, çox insanları müharibənin aclığında ölümün caynağından xilas etmişdi. Nə qədər fikirləşdi pislik etdiyi yadına düşmədi. Çox xeyirxah, əliaçıq, gözütox kişilərdən idi. Ona görə də dünyanın vari, dövləti, padşahı, vəziri, vəkili onu qəti maraqlandırmazdı. Onun üçün padşahla çobanın fərqi yoxdu, təki insan adam olsun. Çox mehriban ata olmuşdu. Doqquz övlad böyütmüşdü. Altı qız, üç oğlan. Oğlanları ilə qızları arasında da fərq qoymazdı. Hər dəfə qızları dünyaya gələndə sevinmişdi. Gözəl-göyçək nəvə-nəticə sahibi idi. Uşaqlar hamısı böyümüş, təhsil almış, şəhərlərə üz tutmuş və orada özlərinə yurd-yuva salıb, ailə qurmuşdular. Hər kəsin başı öz ailəsinə qarışmışdı. Hərdən yay aylarında beş-on günlüyə kəndə gələr, merdən, meyvədən, qozdan, fındıqdan yığıb yenə dağılışıb hər kəs öz evinə gedərdi. Beləcə illər, aylar ötüb keçərdi. Dörd tut ağacından üzü aşağı böyük bağ uzanıb gedirdi. Burada olmayan meyvə ağacı yox idi. Xanməmməd kişi məhəbbətini bu bağa salmış, bu bağdakı hər bir ağacı balası kimi sevmiş, başını sığallaya-sığallaya böyütmüş, qayğısına qalmışdı. Ona görə də heç kəslə işi olmaz, ömrünün ahıl yaşlarını bu bağda keçirər, bu dünyada darıxmazdı. Səhər alatoranda yuxudan durar, mal-qarasını rahatlayar, qarısı ilə üzbəüz oturub şirin söhbət edə-edə samovar çayından içər, halalca qazandığı ruzisindən bir tikə yeyər, sonra da bağına enərdi. Xanməmməd kişi cavanlıqda mahir ovçu olmuş, çiynindən “Beşatılan”ını yerə qoymamış, at belində gəzmişdi. Amma indi yaş o yaş deyildi. Tüfəngi evin bir küncündə atılıb qalmışdı. Onun yanında heç vaxt onu heç kəsə etibar etməyən qarısı və Sərməs adında vəfalı bir iti vardı. Bu it gecə-fündüz Xanməmməd kişinin evini qoruyar, Xanməmməd kişi hara getsə dalınca gedər, onu gözləyər, yenə dalınca evə kimi gələrdi. Gecələr Xanməmməd kişi qapısını belə bağlamazdı. Bilirdi ki, Sərməs səhərə kimi qapının ağzında yatıb evinin keşiyini çəkir. Xanməmməd kişi də hər axşam itinə sürdən, sümükdən atardı. İt də əvəzində sevgisini bildirmək üçün onun qarşısında quyruğunu bulayardı. Hərdən Sərməs döyülərdi, danlanılardı, amma onun sevgisini belə şeylər azaltmazdı. O, həmişəki it məhəbbəti ilə bu ailəni sevər, onların həyətini, bacasınıqoruyardı. Bir dəfə neçə il öncə bir əhvəlat olmuşdu. Xanməmməd kişi bir cüyür ovlamışdı. Yediklərini yemişdilər. Payladıqlarını da paylamışdılar. Təkcə bir bud qalmışdı. Onu da ağacdan asmışdılar ki, birdən sabah yoldan keçən olar, qonaq etsinlər. Onda Sərməs iki yaşında olardı. Eləməyib tənbəllik budu ağacdan bir təhər düşürdüb yemişdi. Səhər erkən işin üstü açılanda Sərməs möhkəm danlandı. O da körpə uşaq kimi başını aşağı salıb günahını başa düşən kimi dayanıb durdu. Vaxt keçdi hərə öz işinin dalınca getdi. Bud əhvəlatı da unuduldu. Bir də Xanməmməd kişi gördü ki, Sərməs dərədə pöhrəlikdə möhkəm hürür. Xanməmməd kişi aşağı düşüb nə görsə yaxşıdır, Sərməs gedib meşədən bir cüyür qovub gətirib. Gözləyir ki, kişi gəlib ovlasın. Hərdən gecələr kəndə qurd-quş hücum edəndə Sərməsin hürməyindən duyuq düşən kəndin başqa itləri də köməyə gəlib kəndi qoruyardılar. Sərməsin hürməyinin mənalarını Xanməmməd kişi də gözəl anlayırdı. İtin hürməyindən qapıya vəhşi heyvan, yaxud ev heyvanı, insan gəldiyinu duyardı. Bir də görürdün Xanməmməd kişinin odunu azaldıb. O həmişə Ərbəhim meşəsinə odun yığmağa gedərdi. Adətən yaş ağaclara qıymazdı, axtarıb quru palıd, ulas ağaclarını tapar, onları doğrayardı. (Ona görə də meşədə çox qalardı). Sonra odunu həyətə gətirər, səliqə ilə baltalayar, çin-çin yığar, qış ehtiyatı görərdi. Ümumiyyətlə Xanməmməd kişi çox səliqə səhman sevən insan idi. Onda Sərməs kişinin dalınca düşər, kənarda oturub gözləyər, kişi odunu yığar, eşşəyinə yükləyər, evə dönərdi. Sərməs də düz evə kimi yavaş-yavaş kişinin arxasınca gələrdi. Elə ki, kişi evə çatdı, rahatca bir tərəfdə uzanıb yatardı. Sərməsin paçtalyonluq eləmək qabiliyyəti də vardı. Əgər Xanməmməd kişinin siqareti yadından çıxıb evdə qalsaydı qarısı siqaret və kibriti yaylığa bağlayardı. Bircə dəfə Xanməmməd kişinin Sərməs deməyi kifayət idi ki, dərhal onun yanında olsun. Sərməs qapıya gələn adamların hansı niyyətlə gəldiyini çox gözəl bilərdi. Pis niyyətlə qapıya gələn adam olsaydı, qarşısını kəsər, hürər, özünü öldürərdi. Ta ki, Xanməmməd kişi ona acıqlanmayınca heç kəsi evə buraxmazdı. Yaxşı niyyətli adamların qarşısında quyruğunu bulayardı. Sərməs Xanməmməd kişinin keçisini, qoyununu, toyuğunu, cücəsini də qorumağı sevərdi. Bir dəfə Xanməmməd kişi xəstələnib, uzaq şəhərə müalicəyə getmişdi. Onda Sərməs üzü yollara tərəf, əllərini qabağa uzatmış halda, kədərli baxışlarla başını əllərinin üstünə qoyub onun yolunu gözləmişdi. Hətta yeməkdən belə küsmüşdü. Xanməmməd kişi evə qayıdanda hamıdan qabaq Sərməs bunu duymuş, kişinin qabağına qaçıb əl-ayağını yalamışdı. Sərməs bu ailənin qohum-əqrəbəsini də də çox yaxşı tanıyırdı. İllərcə evin uşaqlarından biri kəndə gəlməsəydi, Sərməs ono tanıyar, qabağına qaçıb məhəbbətləona baxardı... Bir gün Sərməs çox halsız görünürdü. O, nə yemək yeyir, nə də su içirdi. Xanməmməd kişi və qarısı çox narahat olmağa başladılar. Baxıb gördülər ki, kimsə gözügötürməyənlər iti yaralayıblar. Onlar itin yarasını yuyub sarıdılar, dərmanladılar. Görünür gec xəbər tutmuşdular. Müalicənin heç bir xeyri olmadı. İt halsız uzanıb yazıq-yazıq baxırdı. Gözlərində yaş gilələnmişdi. Bəlkə də öləcəyini duyurdu. Bəlkə də ölməyindən çox bu iki qocanı tək qoyacağına təəssüflənirdi, onlardan ayrılmaq istəmirdi. Ona görə də gözlərindən sadiq bir məhəbbətlə aramsız yaş gilələri axırdı. Sərməs daha tab gətirə bilmədi. Sakit, qəmli, lal baxışlarla baxa-baxa, gözlərini əbədi yumdu. Xanməmməd kişi bağının bir kənarında yer qazıb Sərməsi ehtiyatla torpağa tapşırdı. Heç vaxt ağlamayan kişinin gözlərində yaş göründü. İmza:Şəcahan Ramazanova. Bakı şəhəri Suraxanı rayonu , S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai snif müəlliməsi Geri dön |