Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Eltun Süleymanov: “Zəngilan Böyük qayıdışın ilk ünvanıdır”

Eltun Süleymanov: “Zəngilan Böyük qayıdışın ilk ünvanıdır”


21-10-2023, 10:45. Yazar: sevinc1
Eltun Süleymanov: “Zəngilan Böyük qayıdışın ilk ünvanıdır”

“Strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşən Zəngilan rayonu füsunkar təbiəti, böyük iqtisadi potensialı və turizmin inkişafında əhəmiyyətli rolu ilə seçilir. Bununla yanaşı, 5 qəsəbə və 79 kəndi əhatə edən rayon təbii ehtiyatların çoxluğuna görə də diqqəti cəlb edir. Belə ki, rayonun Vejnəli yatağı qızıl, filiz, gümüş, mis ehtiyatları ilə zəngindir. Rayonun iqtisadi inkişafına dəstək göstərəcək digər amil isə onun strateji mövqeyidir. Rayon İran, Ermənistan və Naxçıvana çox yaxın məsafədə yerləşir.
XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır: Yeni bölgüyə əsasən Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.
1925-ci il sənədlərində Zəngilan, Cəbrayıl qəzası tərkibində göstərilir və bu xəritədə Zəngilanın Genlik, Aladdin, Dəlləkli kəndləri qeyd olunur.
Son iki yüz ildə vahid təbii sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş bir ərazisi olur.
Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi;Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu.
25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
Zəngilan rayonunda Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bitir. Yaşı 500-ə, uzunluğu 12 kilometrə çatan çinar meşəliyini əhatə edən Bəsitçay qoruğu 1974-cü ildə yaradılmışdır. Qoruqda olan Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək məhv edilib.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalan və hər cür məhrumiyyətə dözən zəngilan əhalisi bir gün də olsa belə doğma torpaqlara qayıtmaq ümidini itirməmişdir. Və nəhayət, 27 ildən sonra o gün gəlib çatmışdır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərinin işğaldan azad olunması yaxın gələcəkdə ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək. Qızıl və mis ehtiyatına malik olan “Vejnəli” yatağından istifadə isə bu resursların ixracını daha da artıracaq.
Rayonun göz oxşayan meşələri, təbii əraziləri, mineral suları və beynəlxalq hava limanı, dəmir və avtomobil yolları burada turizmin inkişafına geniş imkan yaradır. Prezident İlham Əliyev rayonun turizm potensialını belə dəyərləndirib: “Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq. Yəni, Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq”.

Eltun Süleymanov bildirib ki,“Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Ötən ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar.
Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır”



Geri dön