Ana Sayfa > Özəl > Oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün işğaldan azad olunmasından 3 il ötür
Oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün işğaldan azad olunmasından 3 il ötür19-10-2023, 18:05. Yazar: sevinc1 |
Bu gün - oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı Cəbrayılın daha iki yaşayış məntəqəsi - Hacılı və Hacı İsaqlı kəndləri işğalçılardan azad edilib. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır. Körpü daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Tədqiqatçılar onun XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər. Körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir. Hazırda üç orta tağı salamat qalıb, sahil tağları isə XX əsrin 30-cu illərində SSRİ-nin qərarı ilə dağıdılıb. On beş tağlı Xudafərin körpüsü isə XIII əsrə aid edilir. Həmdullah Qəzvininin yazdığına görə, onu hicri təqvimi ilə on beşinci ildə (Miladi təqvimi ilə 639-cu il) Məhəmməd peyğəmbərin yaxın silahdaşı Bəkr ibn Abdullah tikdirib. Körpü tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilmiş körpünün uzunluğu 200 metrə yaxın, eni 4, 5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metrdir. Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən Xudafərin körpüləri həm də simvolik abidə hesab olunur. Azərbaycan memarlıq məktəbinin bu əzəmətli abidəsi dünyanın bir çox tarixçilərinin diqqətini cəlb edib. Xudafərin körpüləri Azərbaycan memarlarının müstəsna mühəndislik bacarığının ən gözəl nümunələrindən sayılır. Tədqiqatçıların bir çoxunun fikrincə, körpülərin dayaqları çayın ortasındakı olan təbii sal daşlar üzərində qurulduğundan ona “Xudafərin” adı verilib. Bu körpülərin Azərbaycanın Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynadığı barədə fikirlər söylənilir. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb. Dövlət başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |