Ana Sayfa > Özəl > Onun ürəyi Vətənlə döyünürdü

Onun ürəyi Vətənlə döyünürdü


19-10-2023, 12:21. Yazar: sevinc1
Onun ürəyi Vətənlə döyünürdü

Odlar yurdu doğma Azərbaycanımızın zəfər tarixinin yazılmasında  Astaranın qəhrəman oğlu Şəhnin Novruzov sözün əsl mənasında yaşına uyuşmayan bir  şücaət göstərib. Ömrünün 22-ci  baharında  30 il əsarətdə qalan Vətən torpaqlarının azadlığı uğrunda  canından keçməklə  şəhid olmağı bacarıb.  Bu zirvəyə ucalmaqla, həm də qısa həyat yolu torpağına, el-obasına sonsuz məhəbbət mücəssəməsinə dönüb.  İndi budur Şəhnin təkcə bir ailənin deyil, bütün Azərbaycan xalqının fəxridir.
Uşaq yaşlarında Vətənin müqəddəsliyini  başa düşən, ona ürəkdən sevdalanan  Şəhninin  ailəsi  doğma  Səncərədi kəndindən 2007-ci ildə Bakının Zirə qəsəbəsinə köçür.  Burada  yetkinlik yaşına çatıb, müstəqil həyata qədəm qoyanda  tanıyanlar, bilənlər  onda olan əxlaqa, bacarığa, xalqı, Vətəni üçün döyünən təmiz ürəyinə heyran qalırlar. Şəhnini  isə ən çox narahat edən yağı düşmənin Azərbaycanımızın əzəli bir parçası olan Qarabağın işğalı idi.   Odur ki, 9 aprel 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə  böyük həvəslə yollanır.  Və cəbhə bölgəsində Vətənin keşiyində durmağı özünə şərəf bilir. Nəyin bahasına olursa-olsun düşmənə əsir düşən torpaqlarımızın  azadlığı  onun əsas amalına dönür.  Və buna çatmaq üçün içindəki  Vətən, torpaq sevgisinə güvənib   müharibə meydanında  dığalarla sona qədər vuruşub qisas alacağına  and içir.
Əsgər Şəhnin  layiqli, sədaqətli  bir  övlad olaraq  Vətən qarşısında  borcunu şərəflə  yerinə yetirir. Hər qarış torpağını, daşını canından əziz tutmaqla onu  göz-bəbəyi kimi qoruyur. Komandirlərin tapşırıqlarına  birinci gedir, mərdliyi, cəsurluğu, ağıllı davranışı həmişə onu üzüağ edir.  Ən əsası isə torpaqlarımızı düşmən işğalından azad  etməyə hazır durur,  həmin günü  qələbəyə olan    inamla   gözləyir və sonrakı həyatını  bağlandığı yurdunun  qalib əsgəri olmaqla  el-obada başıuca yaşamaq  istəyir...
Şəhnin nümunəvi əsgər kimi ailəsinə dönsə də, düşməndən alacağı öcü unutmur.  2020-ci ildə Vətən savaşı başlayanda  könüllü olaraq əlinə silah götürür.  Torpaq uğrunda  can qoyan, qəhrəmanlıqla döyüşən Vətən övladlarının ən öndə gedəni olur.  Yağıya qan uyduran   igidin  adı dillərdən  düşmür.   Çox odan-alovdan keçir, qırdığı dığaların  sayı bilinmir.  20 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalmaqla, torpağa tökdüyü qızı qan   möhtəşəm zəfərimizi göstərir.
Ürəklərdə  saflıq  dünyasına dönən qəhrəman əsgər Şəhnin Şahlar oğlu Novruzov  Astara rayonunda doğma kəndi   Səncərədidə  uyuyur. Onun baş qoyduğu torpaq  astaralılar üçün  çox müqəddəsdir. Dövləti   öz qəhrəman oğlunun ehtiramını daimi uca tutmaqdan ötrü onu ölümündən sonra   “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medallara  layiq  görüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Geri dön