Ana Sayfa > Özəl > Türk dünyasının fəxri
Türk dünyasının fəxri17-10-2023, 11:28. Yazar: sevinc1 |
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra ölkədə ən başlıcası vətəndaş müharibəsinə, xaos və anarxiya mühitinə son qoyuldu, siyasi sabitlik formalaşdı, qanunçuluğun və hüquqi qaydaların bərpası istiqamətində kompleks tədbirlər həyata keçirildi, hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlara başlanıldı. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və elə bütün bunlara görə Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünya şöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran bir şəxsiyyət gəldi. O şəxsiyyət ki, bütün varlığı ilə Azərbaycan dövlətçiliyinə, milli məfkurəyə xidməti özünə şərəf bilirdi, azərbaycanlı olmağı ilə fəxr edir və hər bir əməli ilə nəsillərə örnək olmağı bacarırdı. Qazanılmış müstəqilliyin qorunub saxlanmasını müqəddəs vəzifə olduğunu qeyd edən ümummilli lider hər çıxışında, hər nitqində bunu xüsusi vurğulayır və deyirdi: “Əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu və yaşamışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır.” - Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışı nəticə etibarilə təkcə Azərbaycan dövlətçiliyi üçün deyil, eyni zamanda yeni müstəqillik əldə etmiş digər türk dövlətlərinin inkişafı üçün önəmli hadisə idi. Çünki həmin dövrdə məkr və küdurətdə əlbir olan xarici qüvvələrin səyləri ilə gənc Azərbaycan dövlətinin məhv edilməsi postsovet məkanındakı digər türk respublikaları üçün də acınacaqlı nəticələr doğura bilərdi. Azərbaycan dövlətinin iflası həmin ölkələrin də böyük güclərin geosiyasi əsarətinə keçməsinə, “velikorus” şovinizminin yeni imperiya boyunduruğuna düşməsinə yol aça bilərdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qorumaqla digər türk dövlətlərinin bərabərliyi, gələcək tərəfdaşlığı üçün tarixi xidmət göstərmiş oldu. Heydər Əliyev Azərbaycanın siyasi rəhbərliyinə qayıtdığı gün, 1993-cü ilin 15 iyununda Ali Sovetdə proqram xarakterli çıxışında xarici siyasətin önəmli istiqaməti kimi türkdilli dövlətlərlə işbirliyini qeyd etmişdi: «Xarici siyasət sahəsində görüləsi işlər çoxdur. Birinci növbədə, yaxın qonşularımızla sıx münasibətlər yaradılmalıdır. Bu baxımdan Türkiyə ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda, keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bizim bu dövlətlərlə əlaqələrimiz uzun illər çox yaxın olub. Bu əlaqələri qırmaq olmaz, əksinə, inkişaf etdirmək lazımdır”. Bu siyasət türkdilli xalqların inteqrasiyasında pafosdan uzaq səmimi dostluğu və qarşılıqlı faydalı tərəfdaşlığı ehtiva edirdi. İnteqrasiya sözdə yox, əməldə olmalı və həmin müstəvidə hər türkdilli dövlət öz yerini tapmalı, potensial imkanları ilə bu həmrəyliyə praktik töhfə verməli idi. Bundan sonra Azərbaycanın dünyaya açılmasında, o cümlədən türk dövlətləri ilə münasibətlərdə real addımlar atıldı. Heydər Əliyev sonralar bu inteqrasiyanın mahiyyətini türk ideoloqu İsmayıl bəy Qaspralının məşhur kəlamı ilə belə ifadə etmişdi: “XX əsrin əvvəllərində türk xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi, iqtisadi və mədəni gücə çevirmək istəyən görkəmli şəxsiyyətlərimiz «Dildə, fikirdə və əməldə birlik» şüarı ilə çıxış edirdilər. Biz uzun mübarizələrdən sonra XX əsrin sonunda bu imkana nail olmuşuq. Şübhəsiz, indiki şəraitdə türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığı bu sahədəki uğurlarımızı daha da artıracaqdır». Heydər Əliyev 1994-cü ilin 9 fevralında qardaş ölkəyə ilk rəsmi səfəri zamanı Türkiyə Böyük Millət Məclisində etdiyi tarixi çıxışında həmin ittihamları rədd edərək MDB üzvlüyünün ölkəmizin suverenliyinə və Türkiyə ilə münasibətlərə xələl gətirməyəcəyini bildirdi. Əksinə, bununla Azərbaycanın MDB-dəki türk respublikaları ilə əməkdaşlığına zəmin yarandığını diqqətə çatdırdı: “Biz bu birliyə daxil olmaqla nə uduzduq? Heç nə uduzmadıq, amma qazandığımız o oldu ki, vaxtilə möhkəm, sıx əlaqələrimiz olan respublikalarla əlaqələri saxlayaraq iqtisadiyyatımızın inkişafı üçün müəyyən şərait yaradırıq”. Heydər Əliyev iki ölkənin strateji tərəfdaşlığının tarixi formulunu da bəyan etmişdi: «Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir». Sonralar dillər əzbəri olan bu sözlər ölkələrimizin qardaşlıq münasibətlərinin kredosuna çevrildi. Ulu öndər Heydər Əliyevin bu tərəfdaşlığa verdiyi ən böyük töhfə isə ölkəmizin enerji ehtiyatlarının Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Türkiyə üzərindən dünyaya açılması oldu. Əsas ixrac neft kəmərinin Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çəkilməsi Heydər Əliyevin mürəkkəb geosiyasi şəraitdə, dünya gücləri və neft nəhəngləri ilə gərgin danışıqlarda nümayiş etdirdiyi çevik diplomatiya hesabına mümkün olmuşdu. “Şübhəsiz, mənim ürəyimdən keçən arzu bu xətti Ceyhana çəkməkdir. Onun çəkilməsi tək məndən asılı deyil. Konsorsiumda 11 xarici neft şirkəti var. Amma hər şeyi vaxtı gələndə həll edəcəyik”, - deyə o, 1996-cı il noyabrın 13-də Türkiyə jurnalistlərinə müsahibəsində bildirmişdi. Türk dövlətləri və toplumlarının inteqrasiyasının mühüm bir istiqamətini də mədəni əməkdaşlıq, müştərək mədəni layihələr təşkil edir. Dərin tarixi köklərə malik bağların yeni şəraitdə daha effektiv müstəviyə çıxarılmasında, Beynəlxalq Türk Mədəniyyət Təşkilatının - TÜRKSOY-un formalaşması, bu formatda bir çox layihələrin reallaşması Azərbaycanın aktiv rolu sayəsində mümkün olub. Heydər Əliyev türk xalqlarının mədəni abidələrinin, böyük ədiblərinin, şəxsiyyətlərinin yubiley mərasimlərində yaxından iştirak edir və xalqlarımızın ümumi mədəni sərvətinin bizi birləşdirən tarixi dəyər olduğunu diqqətə çatdırırdı. Bu fikir onun 1994-1996-cı illərdə türkmən şairi Məhdimqulunun, qazax ədəbiyyatının klassiki Abayın, böyük özbək hökmdarı Əmir Teymurun, qırğız eposu “Manas”ın yubiley mərasimlərindəki çıxışlarının ana xəttini təşkil edib. Heydər Əliyevin 2001-ci ildə iştirak etdiyi sonuncu türk zirvəsində (27 aprel 2001-ci il, İstanbul) bəyan etdiyi bu sözləri isə 21-ci yüzilliyin türk dünyası üçün vəsiyyət kimi qəbul etmək olar: “Türkdilli dövlətlər dünyanın çox mühüm coğrafi-strateji bir regionunda yerləşirlər. Onlar əlverişli mövqeyə, zəngin təbii ehtiyatlara, yüksək intellektual potensialı olan insan resurslarına malikdirlər. Əminəm ki, yeni əsr dövlətlərimiz üçün sabitlik, dinamik inkişaf, konstruktiv dialoq, qarşılıqlı faydalı əməkdaşlıq və rifah əsri olacaqdır. Bütün bunlara biz əldə etdiyimiz tarixi nailiyyətlərin - milli azadlığımız, dövlət müstəqilliyimiz və müştərək işbirliyimizin daha da möhkəmləndirilməsi nəticəsində nail olacağıq”. Rüstəm Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Geri dön |