Ana Sayfa > Dünya > Baloğlan Əşrəfov can verən qadının arzusunu gözündə qoydu

Baloğlan Əşrəfov can verən qadının arzusunu gözündə qoydu


2-09-2016, 10:25. Yazar: admin
Baloğlan Əşrəfov can verən qadının arzusunu gözündə qoydu

Düşünürəm ki, görəsən, o insan xəstə yatanda öz ciyərinin parasını ona təmənnasız verən gənc oğlan da onun kimi hərəkət etsəydi, ona necə təsir edərdi?!

Bu sözləri Süleyman Hüseynov adlı lənkəranlı Feysbuk istifadəçisi ifaçı Baloğlan Əşrəfov haqda öz səhifəsində yazıb. O, həmin statusda əməkdar artisti ölüm ayağında olan həyat yoldaşının son arzusunu yerinə yetirməməkdə ittiham edib:

“Bilirəm, bu statusa görə məni qınayan çox olar. Özüm də tərəddüd edirdim, yazım, yazmayım?! Lakin sonuncu statusda həyat yoldaşımla toydan olan son şəklimizə baxdıqca qəti qərar verdim: yazıram! Kim nə deyir, qoy desin.

Yoldaşım musiqini çox sevirdi. Bir müğənni var, onun fanatı idi. Düzü, mənim də o müğənninin ifasından xoşum gəlir. Arada zarafatla deyirdim, ay qız, nə çox qulaq asırsan bu müğənniyə?! Yoxsa vurulmusan?! Deyirdi, Süleyman, çox şirin oxuyur, ürəyimə yatır. O müğənni xəstə olanda gecə-gündüz dua edirdi ki, sağalsın...

Arzusu vardı, onu sonbeşiyimiz Vüsalın toyuna çağıraq. Amansız xəstəlik əngəl oldu. Şükür ki, toyu gördü. Amma...

Onkoloji Mərkəzdə yatırdı. Ömrünün sonuna nə qədər qaldığını həkimlərdən və məndən başqa heç kəs bilmirdi. Toy gününü təyin etmişdik. Bütün imkanlardan istifadə edirdim ki, toyda mümkün qədər aktiv iştirak etsin. Və istədim ona sürpriz edim, həmin müğənnini toya dəvət edim. Zəngləşib, müğənniylə görüşdük. Həmin günə toyu yox idi. Vəziyyəti xırdalığına kimi danışdım. Bildirdim ki, imkan yoxdur, vəziyyət gərgindir. Toyu oğlumun dostları təmənnasız aparacaqlar. Ancaq xahiş edirəm, gəl, heç olmasa 1-2 mahnı oxu, 1000-1500 manata kimi pul verərəm, artığına gücüm çatmır...

Razılaşmadı ki, mən toya tək getmirəm. Qoy toyu mən aparım. Çox yalvar-yaxardan sonra razılaşdı ki, yaxşı, o vaxta kimi toyum çıxsa, sənə zəng edərəm. Zəng etməsəm, toya bir gün qalmış sən zəng elə, çalışaram gəlim. Toya iki gün qalmış zəng etdim. Cavabı bu oldu:

– Qardaşım, mən rayondayam...

Heç bir üzrxahlıq etmədən... Heç nə demədim. Lakin bu ağrı indiyədək ürəyimi deşir. Düşünürəm ki, görəsən, o insan xəstə yatanda öz ciyərinin parasını ona təmənnasız verən gənc oğlan da onun kimi hərəkət etsəydi, ona necə təsir edərdi?! Doğrudanmı, insanlıq, xeyirxahlıq ancaq seçilmişlər üçün yaranıb?!”

Hadisə ilə bağlı Axar.az-a açıqlama verən Baloğlan Əşrəfov məsələdən xəbərdar olduğunu bildirib:

“Həmin statusdan xəbərim var. O adama ancaq bunu deyirəm ki, ayıb olsun. Məsələ onun təqdim etdiyi kimi deyil. Həmin vaxtı, bəli, o gəldi, mənimlə əlaqə saxladı. Görüşdük, danışdıq. O ərəfədə toylarım çox idi. Ona dedim ki, qardaş, toyum olmasa, gələcəyəm. Belə oldu ki, o mənə zəng edəndə özüm də rayonda idim. Çünki anam xəstələnmişdi, ona dəyməyə getmişdim. Axı mən anamı qoyub necə gedə bilərdim? Baloğlan elə oğlandır ki, neçə dəfə gedib toylarda təmənnasız çıxış edib. Bir dəfə bir gəlin oğlu ilə gəlmişdi evimizə. Dedi, pulum yoxdur, qulağından sırğasını çıxardı, uzatdı, dedi, bunu verə bilərəm ancaq. Anam dedi ki, get onun toyunda bir qəpiksiz oxu. İndi baxıram, dediyiniz bu adam romantik bir status yazıb. Camaat da ağlına gələni yazır altına. O yazanlara demək istəyirəm ki, bir məsələni əməlli-başlı öyrənin, sonra adamı təhqir edin. Vicdanınız olsun. Mənim Allahın yanında başım yuxarıdır. Çünki o, hər şeyi bilir, görür”.
Geri dön