Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Qarabağın beynəlxalq statusu getdikcə artır”

Novruzəli Aslanov: “Qarabağın beynəlxalq statusu getdikcə artır”


11-10-2023, 10:41. Yazar: sevinc1
Novruzəli Aslanov: “Qarabağın beynəlxalq statusu getdikcə artır”

“Oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi ölkəmizin getdikcə yüksələn beynəlxalq nüfuzunun daha bir göstəricisidir. Birmənlı olaraq qeyd edə bilərik ki, bu toplantı ölkələrimizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün son dərəcə effektiv və əhəmiyyətli platformadır. Hazırda İƏT-ə sədrlik edən Azərbaycan təşkilatıa üzv dövlətlərlə münasibətlərinə hər zaman xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi baxımından da unikal imkanlara malikdir. Ümumiyyətlə əməkdaşlığa hər zaman açıq olan Azərbaycan təbii ki, İƏT çərçivəsində də mövcud əməkdaşlıq əlaqələrinin şaxələnməsi və müxtəlif sahələrdə genişlənməsi təşəbbüsləri ilə çıxış edir. Bütün bu məqamlar Ölkə Prezidenti cənab İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətində öz əksini tapıb. O cümlədən dövlətimizin başçısı Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsini də əlamətdar hadisə kimi qiymətləndirib.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat həmçinin qeyd edib ki, bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı irimiqyaslı bərpa-quruculuq işləri bütün beynəlxalq aləm kimi, İƏT üzvləri tərəfindən də maraqla və diqqətlə izlənir: “Əlbəttə ki, Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi barədə qərar təsadüfi qəbul edilməmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri və birbaşa rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə qısa zaman kəsiyində həyata keçirilmiş vacib infrastruktur layihələri bu regionun beynəlxalq statusunu artıran vacib amillər kimi çıxış edir. Artıq Füzuli və Zəngilanda iki yeni hava limanı tikilib istifadəyə verilmişdir. Üçüncü beynəlxalq hava limanı isə hazırda Laçında inşa edilir. Bütün bunlar əlbəttə ki, beynəlxalq ictimaiyyətin nəzərindən qaça bilməz. Həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət etməklə yanaşı, eyni zamanda da həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün əlverişli zəmin yaradır.”

Daha sonra N.Aslanov Azərbaycanın Cənubi Qafqazda effektiv əməkdaşlığın genişləndirilməsi üçün təklif etdiyi 3+3 formatının əhəmiyyətini vurğulayaraq bunları deyib: “Azərbaycan üç il bundan öncə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə ərazilərinin işğalına son qoydu. Bu ilin aprel ayında ölkəmiz özünün ərazi bütövlüyünü və sentyabr ayında bütün ərazisində suverenliyini tam olaraq bərpa etdi. Cənab Prezident İlham Əliyevin müraciətində qeyd olunduğu kimi, otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir. İşğal dövründə xalqımızın başına gətirilən bütün fəlakətlərə rəğmən Azərbaycan daim sülhün tərəfdarı və bölgədə sülh təşəbbüslərinin müəllifi olub. Məlum olduğu kimi, Azərbaycan regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edir. Ölkəmizin irəli sürdüyü 3+3 əməkdaşlıq formatı da məhz bu prinsipin əsasında müəyyən edilib. Hazırda ölkəmizin müəllifi olduğu yeni regional reallıqlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazın sülh və qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilməsi üçün indiyədək mövcud olmayan unikal imkanlar yaratmışdır. Bu imkanlardan yararlanmamaq və belə bir tarixi fürsəti əldən qaçırmaq bağışlanmaz səhv olardı” – deyə deputat fikirlərini tamamlayıb.
Geri dön