Ana Sayfa > Özəl > Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə unikal oldu

Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə unikal oldu


9-10-2023, 14:45. Yazar: sevinc1
Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə unikal oldu

  Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllini tapmağa və işğala dinc yolla son qoymağa çalışırdı. 28 il ərzində biz danışıqlar prosesinə qəti surətdə sadiq qaldıq. Biz BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqdan, özünümüdafiə hüququndan istifadə etdik və üç il əvvəl öz ərazilərimizi azad edərək işğala son qoyduq. Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında İlham Əliyev bir daha Azərbaycanın konkret mövqeyini dünyaya bəyan etdi.Bütün dövrlərdə sülhün tərəfdarı olan Azərbaycan bu gün də qalib ölkə olmasına baxmayaraq, məğlub Ermənistana barış təklif edir. Bir aydan da az müddət əvvəl biz ölkəmizin suverenliyini tam bərpa etdik. 2023-cü il 20 sentyabr tarixində Prezident İlham Əliyevin xalqa müraciətində deyildiyi kimi, Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir.
Dövlət başçısı İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında da bu məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı. «Əfsuslar olsun ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı» söyləyən Prezident İlham Əliyev bildirdi ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Biz həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özümüz icra etdik. ATƏT kimi beynəlxalq təşkilatların da danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu və Azərbaycan cəmiyyətində tam məyusluq və narazılıq yaratdı.Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq. Biz ləyaqətimizi qoruduq. Biz ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Bu, bizim gündəliyimizdir. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir.Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Azərbaycan bütün addımlara görə həm məsuliyyət daşıyır, həm qürur hissi keçirir. Azərbaycanın fikrincə, 2020-ci ildə Qarabağ uğrunda müharibə qalib gəldikdən sonra Azərbaycan hakimiyyəti Qarabağ problemini, o cümlədən Qarabağ ermənilərinin regionda məskunlaşması ilə bağlı bütün məsələləri özünün daxili məsələsi hesab edir.Eyni zamanda Qarabağın erməni sakinlərinə bu torpaqlarda qalıb yaşamaları üçün təkliflər edib. Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində keçirilən görüşlərdə Azərbaycanın reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, reinteqrasiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ölkə Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilə bilər. 
74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin və aparıcı texnologiyaların inkişafına töhfə verəcək. Müstəqillik dövründə ölkəmiz beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib.Bir sözlə, Prezidentin Konqresdəki çıxışı ölkəmizin malik olduğu imkanların təqdimatı baxımından olduqca uğurlu oldu və sözsüz ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə yeni təkan verəcək.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı

Geri dön