Ana Sayfa > Özəl > Biz sülh istəyirik
Biz sülh istəyirik5-10-2023, 21:24. Yazar: sevinc1 |
30 illik işğala son qoyan Zəfərimizin memarı və Ali Baş Komandanı cənab ilham Əliyev qələbədən sonra azad edilmiş ərazilərin bərpası istiqamətində çox ciddi tədbirlər həyata keçirir. Dağılmış infrastrukturun bərpası istiqamətində görülən işlər indi hamını heyran qoyur. Yalnız dövlətimizin öz gücünə həyata keçirilən işlərin həcmi həddindən artıq böyükdür. Az bir zamanda tikilən hava limanları, yollar, körpülər, tunellər, Su Elektrik Stansiyaları ölkə başçısının əzmi və iradəsinin sayəsində meydana çıxmışdır. Gərgin iş qrafikinə baxmayaraq həm beynə\lxalq aləmdə siyasi proseslərə qatılmaq, ölkəni layiqincə təmsil etmək, həm də daxildə gedən proseslərə rəhbərlik və nəzarət ağır olsa da təcrübəli, əzmkar ölkə başçısı bu işlərin öhdəsindən mətanətlə gəlir. Təbii ki bu sahədə xalq birmənalı şəkildə cənab Prezidenti dəstəkləyir və hər bir çətinlikdə onunla birlikdə olduğunu göstərir. Bu gün dövlət başçısının istər beynəlxalq siyasi sferada olsun, istərsə də daxildə apardığı islahatların, gördüyü işlərin, qəbul etdiyi qərarların əsas bir istiqaməti var: Azərbaycanı daha da gücləndirmək, Azərbaycanı bundan sonra da uzun vədədə öz ayaqları üstündə saxlamaq, heç bir dövlətdən, beynəlxalq təşkilatdan asılı duruma düşməsinə şərait yaratmamaqdır. Çünkü qlobal müstəvidə müstəqil siyasi qərarlar üçün güclü iqtisadiyyat ən əsas şərtdir. Bunu mütləq nəzərə almaq lazımdır ki, 30 illik işğal dövründə Azərbaycan və Ermənistan qlobal bir oyunun subyektləri idisə, 44 günlük müharibə ilə bu geosiyasi reallıq tamamilə dəyişdi. Daşlar yerindən oynadı. Bu oyunu 30 il "idarə edən" güclərin gözləmədiyi halda Azərbaycan "münaqişənin" subyektindən bu münaqişəni həll edən tərəfə çevrildi və erməni işğalına son qoyaraq bu gün yeni geosiyasi reallığı dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətə qəbul etdirməyi bacardı. İndi isə Şərqi zəngəzurda və qarabağda quruculuq işləri aparılır, 30 il doğma yurduna həsrət qalan insanlar yenidən qayıdaraq öz yurdlarında məskunlaşırlar. Sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxış edən cənab prezident İlham Əliyev .qeyd edilən fikirləri səsləndirərək bundan sonra da abadlıq işlərinin davam edəcəyini bildirmişdir. Ölkəmizin başçısı qeyd etmişdir ki. “Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq.” Son antiterror əməliyyatına toxunan cənab prezident bildirmişdir ki, məqsəd ölkənin ərazi bütövlüyünü və suverenliyi bərpa emək idi və biz buna nail olduq. “Antiterror tədbiri 24 saatdan az müddətdə həyata keçirildi. Bunun nəticəsi nə oldu? Biz davam etdikmi? Xeyr! Bizim belə bir niyyətimiz yox idi. Biz nəticədə harada istəsəydik orada dayanacaqdıq. Bunu demək o qədər də çətin deyil. Ancaq bizim niyyətimiz bundan ibarət deyildi. Biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq, bunu bəyan etmişik və bunu səmimi deyirik. Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir.” Bir daha Ermənistan rəhbərlərini və onlara dəstək verən gücləri mənasız münaqişəni davam etdirməkdən çəkinməıyə çağıran cənab Prezident İlham Əliyev sülhə və barışa səslədi: “Sentyabrın 20-dən sonra artıq zaman yetişib ki, bizim nümayəndələr əyləşsin və sülh sazişinin layihəsi üzərində işləsin. 20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır. Bununla yanaşı, təbii ki, gərək sərhədlərin delimitasiyası üzərində fəal surətdə çalışaq və uzun müddət sürən bu qarşıdurmaya son qoyaq. Azərbaycanda biz sülh istəyirik. Zəngilanda bu gün gördükləriniz onu sübut edir ki, biz sülh istəyirik, biz bu əraziləri bərpa etmək istəyirik, soydaşlarımızı vətəninə qaytarmaq istəyirik. Biz Qafqazda sülh və sabitlik istəyirik. Bu, mümkündür və seçim Ermənistanındır.” Bəli, əgər ağıllı düşüncə və dövlət olmaq istəyi olacaqsa Ermənistan sülh sazişini imzalayacaqdır. əks təqdirdə itirən də onların özü olacaqdır. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Geri dön |