Ana Sayfa > Özəl > “Azərbaycan Qadınlarının VI Qurultayı” adlı tədbir

“Azərbaycan Qadınlarının VI Qurultayı” adlı tədbir


5-10-2023, 09:48. Yazar: sevinc1
“Azərbaycan Qadınlarının VI Qurultayı” adlı tədbir

Masallı rayonunda Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyi və Qadınlar Qurultayının 25 illiyi münasibətilə “Azərbaycan Qadınlarının VI Qurultayı” adlı tədbir baş tutub.
Tədbir öncəsi Azərbaycan xalqının dahi oğlu, Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Masallı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova çıxış edib:- Dahi şəxsiyyət, xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyev həm sovet vaxtında, həm də müstəqil Azərbaycan dövləti qurulandan sonra gender məsələlərinə böyük diqqət yetirib. Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə keçirilən Azərbaycan Qadınlarının I Qurultayı ölkəmizin müasir qadın hərəkatı tarixində ən böyük hadisələrdən biri olmaqla, respublikamızda qadın hərəkatının, onların cəmiyyət və dövlətin müxtəlif sahələrində fəal iştirakının əsası qoyulub. Bu gün artıq qadınlarımız ölkəmizin hər yerində olduğu kimi, Masallının da ictimai-siyasi, iqtisadi, mədəni və sosial həyatının əsas təkanverici qüvvəsinə çevrilib.
Masallı rayon İcra Hakimiyyəti Aparatının aparıcı məsləhətçisi Aybəniz Novruzova, Masallıda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Nərgiz Muxtarova, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, Masallı şəhər 2 saylı tam orta  məktəbin direktoru Mehriban Əzizova, şəhər 3 saylı tam orta məktəbin uşaq birliyi rəhbəri Nigar Vahabzadə və digərləri çıxışlarında bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu qadın siyasəti hazırda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin bir prioritet istiqaməti kimi böyük diqqətdə saxlanılır. Gender siyasətinin tələblərinə uyğun ölkəmizdə qadınlarla kişilərin hüquq bərabərliyi təmin edilir, buna demək olar indi əmək bazarında bərabər şərait vardır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu Ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı planların, xüsusən qadınlarla bağlı layihələrin həyata keçirməsini, eləcə digər mühüm işlərin icrasını təmin edir.
Tədbirdə həmçinin qadınları düşündürən dövrün aktual problemləri ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib, mövzu ətrafında suallara ətraflı cavab verilib.
Təbir iştirakçıları hazırki zamanda ölkədə qadın siyasəti ilə bağlı görülən işlərə görə Masallı qadınları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya razılığını ifadə ediblər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Geri dön