Ana Sayfa > Siyasət / Özəl > Kosmik sənyenin inkişafı Azərbaycanın yeni hədəfidir
Kosmik sənyenin inkişafı Azərbaycanın yeni hədəfidir4-10-2023, 17:49. Yazar: sevinc1 |
1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi keçirilmişdir. Əlli ildən sonra, 2023-cü ilin 2 oktyabr tarixində artıq 74-cü Konqres yenidən Bakıda keçirilir. Lakin əhəmiyyətli fərq ondan ibarətdir ki, bu dəfə mühüm beynəlxalq tədbirə ev sahibliyi edən ölkə keçmiş SSRİ yox, məhz müstəqil Azərbaycandır. Tədbirə 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox iştirakçının qatılması Konqresin böyük əhəmiyyətini göstərir. Azərbaycan on ildən artıq müddət əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün isə, ölkəmiz Yerin orbitində üç peykə malikdir. Həmin peyklər azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və təkcə Azərbaycana deyil, eyni zamanda 45-dən artıq ölkəyə də xidmət göstərirlər. Beləliklə, digər sahələr kimi, Azərbaycanda kosmik sənayenin inkişafı da dövlətimizin xüsusi diqqət mərkəzindədir. Astronavtika Konqresinin açılış mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev bu beynəlxalq tədbirin ölkəmizdə kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onların müasirləşdirilməsinə mütləq yeni təkan verəcəyini vurğuladı. Həmçinin dövlət başçısı qeyd etdi ki, müasirləşdirilmə dövlətimizin gələcəklə bağlı baxışını, gündəliyini və planlarını səciyyələndirir. Nəzərə almaq lazımdır ki, cəmi 30 il bundan öncə Azərbaycan zəif, torpaqları işğal altında saxlanan, yoxsulluğun yüksək həddə olduğu və demək olar ki, beynəlxalq aləmdən təcrid durumda olan bir ölkə idi. Lakin 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və növbəti on il ərzində effektiv şəkildə həyata keçirdiyi unikal xarici siyasət strategiyası, son iyirmi il ərzində isə bu strategiyanın Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün yeni çağırışlarına uyğun inkişaf və uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin ən fəal üzvlərindən birinə, sürətlə inkişaf edən nüfuzlu bir ölkəyə çevrilib. Dövlət başçımızın siyasəti hər zaman aydın, şəffaf və birmənalı olub, Azərbaycana yeni dostlar qazandırmağa və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə yönəlib. Artıq dördüncü ildir ki, ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisata – Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Həmçinin Azərbaycanın Avropa institutları ilə əməkdaşlığı uğurla inkişaf edir. Hazırda ölkəmiz Avropa İttifaqının 9 üzvü ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Həmçinin Azərbaycan az sayda ölkələrdəndir ki, eyni zamanda iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür. Ölkəmizin Avropa ilə Asiya arasında yerləşməsi, möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, qitələrarası körpü rolunu oynaması cəmiyyətimizin formalaşmasında və inkişafında mühüm rol oynamış, Azərbaycan əsrlər boyu çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmuşdur. Məhz Azərbaycanın təşəbbüsü ilə tarixdə ilk dəfə olaraq Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı vahid platforma çərçivəsində bir araya gətirildi və burada qlobal siyasət, mədəniyyətlərarası dialoq və dinc inkişafa dair vacib məsələlər müzakirə edildi. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi baxımından ən etibarlı təchizatçı ölkələrdən biridir. Eyni zamanda Azərbaycan digər qitələrdə yerləşən onlarla ölkə ilə effektiv tərəfdaşlıq edir və bu münasibətlər ölkəmizin dinamik iqtisadi inkişafına xidmət edir. Üç il əvvəl Azərbaycan BMT Nizamnaməsinin hər bir ölkəyə verdiyi hüquqa, özünümüdafiə hüququna əsaslanaraq 30 il ərzində pozulmuş ərazi bütövlüyünü bərpa etdi. Buna qədər işğala son qoymaq öhdəliyini üzərinə götürmüş və 28 il ərzində mənasız danışıqlar aparan beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadılar. BMT Təhlükəsizlik Şurası erməni silahlı birləşmələrinin ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, həmin qətnamələr 27 il icra olunmadı. Azərbaycan özü zorakılıqla üzləşdiyi münaqişəyə son qoydu, ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bununla Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin, davamlı inkişafın əldə olunması üçün geniş imkanlar verən yeni reallıqlar yaradıb. Möhtərəm Prezidentimizin dediyi kimi, siyasi, iqtisadi və sosial sabitlik inkişafın mühüm meyarıdır və bu amillərin təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Regionumuzda sabitliyə, inkişafa nail olmaq istəyən bütün qüvvələr yaranmış yeni fürsətləri əldən qaçırmamalı, onların maksimum reallaşması istiqamətində birgə səylər göstərməlidirlər Arif Fərzəliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Geri dön |