Ana Sayfa > Özəl > Düşmənə qan qusduran igid

Düşmənə qan qusduran igid


4-10-2023, 10:10. Yazar: sevinc1
Düşmənə qan qusduran  igid

30 il canına yağı dadanmış Qarabağın azadlığı ilə nəticələnən 44 günlük Vətən müharibəsi tariximizin ən şanlı səhifəsi kimi qərinələr boyu unudulmaz.
Öz qanı hesabına bu şanlı zəfəri  xalqımıza yaşadan, bu gün üçün də, sabah üçün də sevilən xatirəyə dönüb qəlblərdə yurd-yuva edən qəhrəman oğullar minlərlə hesablanır. Dağlar diyarı Lerikdən olan Amid Heydərov  Vətən müharibəsi başlanan andan idarə etdiyi tankla dığaların müdafiə xəttini yararaq, onların çox murdar niyyətinə sədd çəkir. İgid Vətən övladı döyüşdən-döyüşə düşmənə qan qusdurur. Özü şəhid olsa da, fədakarlığı, cəsurluğu qələbəyə doğru gedən yolda əsgərlərə, zabitlərə qol-qanad verir. Hətta sonrakı günlərdə onun şəklini sinəsinə taxıb, özünü  Qarabağın azadlığı naminə  haqq savaşımızda ölümün gözünə dik baxa-baxa odun-alovun içinə atanlar olur...
 Uşaqlıqdan yeganə arzusu  dığaların tapdağı altındakı Azərbaycana məxsus torpaqları  azad görmək olan Amid yetkinlik yaşına çatanda ömrünü hərbiyə bağlamağı tam yəqinləşdirir. Ali Hərbi Məktəbi bitirəndə deyir ki, xidmətimlə vətənimə, xalqıma ləyaqətli övlad olacağam. 2008-ci ildən 2020-ci il sentyabrın 28-də şəhadətə qovuşduğu günə qədər sözünün üstündə əsl kişi kimi durur. Yaxşı komandir olaraq xidmət etdiyi hissədə hörmətlə qarşılanır, əsgərləri tərəfindən sevilir. Tabeliyində olanlara  təmənnasız münasibət göstərir, onların mətin, vətənpərvər,  vətəninə sədaqətli, torpağa bağlı olması üçün qəlbinin  odunu, hərarətini verməyi bacarır.  Vətənə halal sevgisi, dığalara  kəskin nifrəti  həmişə Amidə uğur gətirir.
 Köksündə igid ürəyi döyünən Lerikli balasının Vətən qarşısında ilk çətin sınağı 2016-ci il Aprel döyüşlərində olur. Odlar yurdu üçün canından keçməyə hazır olan Amid bu ağır savaşda  böyük  hünər göstərir, Lələtəpəyə ilk çıxan tankçı komandirin igidliyi qəhrəmanlıq nəğməsi olub dillərə düşür. Vaxtından əvvəl  kapitan rütbəsinə layiq görülür. Dörd il keçəndən sonra ona etimad göstərib 32 yaşında hərbi hissəyə komandir seçirlər. Böyük Vətən müharibəsinə isə zəngin döyüş təcrübəsinə malik, işini mükəmməl bilən tankçılar batalyonunun komandiri, mayor kimi qatılır. Vətənin harayına öz tankı ilə birinci gedən Amid dığaların müdafiə xəttini çox asan qırır. O, Füzuli, Cəbrayıl  istiqamətində cəsarətlə vuruşur, bu əraziləri bir-birinin ardınca erməni işğalçılardan təmizləyir. Son döyüşdə də düşmənin bir neçə tankını məhv edir, piyadaların döyüşündə onlara dəstək olur. Dığalar fürsət edib zirehdələn  mərmi ilə  tankını vururlar.  Alovlanan tankını düşmənin üstünə sürməklə daha bir rəşadətə yol açır Amid. Elə alovlanan tankın içində özü də ölməzliyə qovuşur...
Bəli, hər kəsin tarixi dəyəri onun öz xalqından ötrü gördüyü xidmətlə ölçülür. Amid daha irəli gedərək, canını ürəkdən sevdiyi Vətənə qurban etdi. Qəhrəman döyüşçümüz millətin gözündə əbədi ucalmaqla, dövlətdən də  öz yüksək qiymətini aldı. “ Vətən müharibəsinin qəhrəmanı” adına layiq görüldü, “Vətən uğrunda” medali ilə təltif edildi.  Qəhrəman şəhidin iki övladı ondan bizə yadigar qaldı. Onlar da ataları kimi Vətəni, xalqı üçün boy atır...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az
Geri dön